"Biz bu qanun layihəsini dəstəkləyirik. Çox önəmli bir qanun layihəsidir və çox yüksək səviyyədə hazırlanıb. Lakin qanunun həyata keçirilməsi ən vacib məqamlardan olacaq. Çünki bu qanunu pozanlar, bu məhsulları ölkəyə gətirənlər, istehsal edənlər və satanlar sadə insanlar deyil".
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Millət vəkili maarifləndirmənin önəmini xüsusi qabardıb:
"Sözügedən sahədə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Məsələn, bilmək istəyirəm, qida və yem məhsullarının geri çağırılması, yığışdırılması və məhv edilməsi qaydalarını pozanlar - əhalinin sağlamlığına mənfi təsir göstərən neçə nəfər cəzalandırılıb və onların cəzaları nədən ibarət olub? - Pozuntuya uyğun cəza alıblarmı? Cəza sistemi tətbiq olunmalıdır. Qoşqar müəllimlə danışdığımız zaman o, öz rastlaşdığı halları danışmışdı. Buradakı çıxışında da qeyd etsə, biz görərdik ki, əslində vəziyyət ürəkaçan deyil.
İkinci hissə maarifləndirmə ilə bağlıdır. Çünki mən düşünürəm ki, bu gün maarifləndirmə ən vacib məqamlardan biridir. Məsələn, bu gün bir çox mağazalarda vaxtı ötmüş və ya son istifadə tarixinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılmış məhsullar satılır. Maddi imkanları məhdud insanlar da belə endirimli məhsulları alır. Ümumiyyətlə, istifadə müddəti bitmiş məhsullarla bu cür davranmaq, hətta reklam edərək yanaşmaq doğru deyil. Bu hallara qarşı cəzalar sərtləşmiş şəkildə olmalıdır. Vaxtı keçmiş qidalar həyat üçün təhlükəlidir. Düşünürəm ki, qanun layihəsində maarifləndirmə işləri öz əksini tapmalıdır. Çünki insanlar belə hallarla rastlaşdıqda nə etməli olduğunu bilməlidir. Qanun layihəsinin həyata keçirilməsində insanlarımızın dəstəyinə çox böyük ehtiyac var. Bir qurumun bu məsələni tək üzərinə götürüb yüksək səviyyədə nəzarət etməsi çox çətindir. Burada əhalinin sağlamlığından söhbət gedir. Ona görə, düşünürəm ki, qanun pozuntularına yol verənlərin cəzaları çox ağır olmalıdır". \\Redaktor