Rusiyanın Ukraynaya hücumu buğda ticarətini dayandırdığı üçün qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə qalxıb.
Çikaqo Birjasında buğdanın qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxaraq, buşeli 10 dolları keçib. Hazırda ən vacib əsas qida məhsullarından olan buğdanın qiyməti 30 faizdən çox bahalaşıb.
Qeyd edək ki, dünyanın buğda ixracının 25 faizindən çoxu Rusiya və Ukraynanın payına düşür. Həm iki ölkə arasında müharibə olması, həm də ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi taxıl bazarında qiymətlərin kəskin artmasına səbəb olub.
Maraqlıdır, dünya çörəklə imtahana çəkilir? Beynəlxalq səviyyədəki bu qiymət artımının Azərbaycana təsiri varmı? İqtisadçı-ekspert Eldəniz Əmirov Cebhe.info-ya açıqlamasında deyib ki, bu müharibənin dünya və region ölkələrinin iqtisadiyyatına təsirlərini qruplaşdırdıqda, iki istiqaməti xüsusi qeyd etmək lazımdır:
"Birincisi, bu münaqişə neft qiymətlərinin artmasına kömək edəcək. İkincisi isə odur ki, Rusiya-Ukrayna müharibəsi ərzaq qiymətlərinin artmasına səbəb olacaq. Xüsusən də, ərzaqlıq buğdanın qiyməti artacaq. Çünki hər iki ölkə dünyanın böyük taxıl istehsalçısıdır. Bu müharibə fonunda dünyada yaranmış inflyasiyanın səbəb olduğu qiymət artımları ilə yanaşı, avtomatik olaraq istehsal səviyyəsi də aşağı enəcək".
Ekspert bildirib ki, artıq buğdanın əkin-biçin mövsümü olduğunu da nəzərə almaq lazımdır:
"Yəni bu müharibəyə görə bir çox ərazilər əkin-biçinlə bağlı qarşıya qoyulan planları doğrulda bilməyəcək və istehsal həcmləri azalacaq. Bu isə təbii olaraq, həmin ölkələrdən ixrac səviyyəsini azaldacaq. İxrac səviyyəsinin azalması da birbaşa çörək və digər taxıl məhsullarının qiymət artımına gətirib çıxaracaq. Düşünürəm ki, müharibənin ən böyük mənfi fəsadı məhz ərzaq problemi ilə bağlı dünyada olan mövcud vəziyyəti bir az daha dərinləşdirəcək. Burada söhbət Azərbaycandan deyil, bütün dünyadan gedir".
Eldəniz Əmirovun sözlərinə görə, müharibənin Azərbaycan üçün müsbət tərəfi neftin qiymətinin artması olacaq:
"Buna görə isə ölkənin valyuta ehtiyatları artacaq. Bu da qiyməti bahalaşan ərzaqlarla ölkənin təmin olunması, ərzaq təhlükəsizliyinin üst səviyyədə həyata keçirilməsi və buğda idxalını lazımi səviyyədə aparmaq üçün valyuta ehtiyatına sahib olmasına gətirib çıxaracaq. Onsuz da Azərbaycanın kifayət qədər valyutası var, amma bu, valyuta ehtiyatlarını daha da möhkəmləndirəcək.
Hesab edirəm ki, qiymətlərinin nə qədər qalxamasından asılı olmayaraq ölkəmiz bu cəhətdən problem yaşamayacaq. Sadəcə olaraq, buğanın subsidiyalarının həcmi artırıla və digər dövlət mexanizmlərindən istifadə oluna bilər. Bütün bunların kökündə maliyyə vəsaiti durur ki, neftin qiymətinin qalxması və mövcud valyuta ehtiyatları Azərbaycana vəziyyəti nəzarət altında saxlamağa imkanlar verir". \\DİA.AZ