Əqli Mülkiyyət Agentliyinə 2021-ci ildə pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpasına kömək göstərilməsi ilə bağlı 8 yazılı müraciət daxil olub, bu barədə agentliyin 2021-ci ildə görülmüş işlər barədə hesabatında deyilir.
Bunlar əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir.
"Qeyd edilən müraciətlər Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından araşdırılıb, müvafiq tədbirlər görülərək, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilmiş, qalanları aidiyyəti üzrə qurumlara göndərilib. Daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilib”, deyə hesabatda göstərilib.
2021-ci il ərzində Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına 245 müraciət daxil olub.
Ötən dövr üzrə daxil olmuş və yekunlaşdırılmış işlər də nəzərə alınmaqla, hesabat dövründə 226 işə baxılıb, 110 iş üzrə ərizənin təmin edilməsi, 43 iş üzrə ərizənin qismən təmin edilməsi, 66 iş üzrə, o cümlədən əmtəə nişanına dair 62, ixtiraya dair 2, faydalı modelə dair 2 ərizənin rədd edilməsi, 7 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul edilib.
2021-ci ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində (teatr-tamaşa təşkilatlarında əsərlərdən istifadəyə görə) 19275.24 manat müəllif qonorarı yığılıb və təyinatı üzrə bölgüsü aparılıb.
Bunlardan Azərbaycan müəlliflərinə 13389.78 manat, xarici müəlliflərə 2488.60 manat, Dövlət varidatı olan əsərlərə görə 1078.83 manat, gəlir vergisi 1934.02 manat, bank xidməti 384.01 manat təşkil edir.
Eyni zamanda qonorar hesablanan yerli və xarici müəlliflərin adları, soyadları və mənsub olduqları ölkələr barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində mütəmadi iş aparılıb.
Agentliyin hesabına daxil olmuş 22256.00 manat müəllif qonorarından köçürmə yolu ilə 11179.43 manat Azərbaycan müəllifllərinə, 751.05 manat xarici müəlliflərə ödənilib, qonorardan tutulmuş 2126.66 manat gəlir vergisi dövlət büdcəsinə, 338.51 manat bank xidməti üçün köçürülüb.
Müəlliflik hüququ nədir və kimə aiddir?
Müəllif - əsərin yaradıcısı olan fiziki şəxsdir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:
- ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);
- dram, musiqili-dram və başqa səhnə əsərləri;
- xoreoqrafiya əsərləri və pantomimalar;
- mətnli və ya mətnsiz musiqi əsərləri;
- audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);
- heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;
- dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar;
- memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri;
- fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;
- coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;
- törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
- toplular
- teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.
Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.
Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququnun qüvvədə olma müddəti müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Əgər əsərdə şərikli müəlliflik hüququ varsa, əsər sonuncu müəllifin öldüyü andan 50 il müddətində müəlliflik hüququ qüvvədə qalır.
Bu qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Ləman Qasımova
Anews.az