Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Bakı qəbiristanlıqlarında məzar biznesi: Qiymət siyahısı - Reportaj

Tez-tez yaxınlardan, dost-tanışlardan eşidirik: Bakıda filan qəbristanlıqda dəfn üçün qəbir yerini filan qiymətə aldıq. Aşağı qiymət də var, yuxarı qiymət də. Yeni tikililər kimi. Şəhərin prestijli yerindəki qəbiristanlıqlar bahadır, bir az kənardakılar isə ucuz.

Qəbir yerlərinin qiyməti də yeni tikililərdəki mənzil qiymətlərinin kvadratmetri ilə aşağı-yuxarı eynilik təşkil edir. Məsələn şəhərdə bir kvadratmetri 1000 manat olan mənzillər var. Qəbristanlıqda da kvadratmetri 1000 manata olan yerlər var və qəbir üçün ən azı 2 kvadrat yer almaq lazımdır. Bu da edir 2000 manat...
Bakıda 300-400 manatlıq yer satan qəbiristanlıqlar da var və onlar şəhərdən bir az kənarda yerləşir. Qiymət siyahısını yazıda təqdim edəcəyik. İndi məni düşündürən isə bu deyil.

Bir qəbir yeri üçün neçə aylıq pensiya bəs edər?

İlin əvvəlində Azərbaycanda təqaüdlər artdı. İndi əgər bir insan işləmədən yaşa görə pensiyaya çıxırsa, o hər ay 180 manat alacaq. Bəlkə də müqayisə yersizdir. Amma gəlin orta qiymətlə həmin şəxsin özünə məzar yeri alması üçün neçə ay yeməyib-içmədən pensiyasını toplamalı olduğuna baxaq.  Əgər o Bakı şəhərinin ən ucuz qəbiristanlığında yer almaq istəsə, 300 manat verməli olacaq ki, bu da onun iki aylıq pensiyası edir.

Bizi düşündürən başqa məsələdir. Bakıda qəbiristanlıqlarda məzar yerlərinin qiyməti hansı prinsiplə müəyyən edilir? Dinimizdə məzar yerinin pulla satılmasına necə baxılır? Axı ölməklə iş bitmir: Məzar daşı var, ehsan süfrələri var, molla xərci və digər... Yəni ölüm özü maddi baxımdan ağır bir yükə çevrilməkdədir.

Qəbiristanlıqların qiymət siyahısı

Gəlin əvvəlcə Bakıdakı bir neçə qəbiristanlıqdakı məzar yerlərinin qiymətlərinə nəzər salaq:

Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN
Badamdar qəbiristanlığı - 800-2000 AZN
Zabrat qəbiristanlığı -500-700 AZN
Maştağa qəbiristanlığı -800-1000 AZN
Hövsan qəbiristanlığı - 400-500 AZN
Əmircan qəbiristanlığı -300 AZN (iki nəfərlik məzar yeri 500 AZN)
Bülbülə qəbiristanlığı -150-200 AZN
Günəşli qəbiristanlığı - 600-1500 AZN
Xırdalan qəbiristanlığı - 800-2000 AZN

Təbii ki, bu qiymətlər stabil deyil. İnfliyasiyadan, tələb və təklifdən asılı olaraq artıb-azala bilir. Artma ehtimalı isə daha yüksəkdir.
Dinimiz nə deyir?
Məzar yerlərinin satılması düzgündürmü, dinimizdə bu cür addımlara münasibət necədir?
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev “Yeni Sabah”a bildirib ki, İslam dini yarandığı gündən məzar yerləri mövcud olub, lakin heç vaxt pulla satılmayıb:
“Heç vaxt, heç yerdə belə hal olmayıb. Çünki məzar yeri xalqın torpağıdır. Hər kəs axır əvvəl o torpağa qarışır. Məzar yerləri satılmamalıdır.
Qəbiristanlıqlarda yalnız xidmət üçün pul vermək olar. Qəbiristanlığı səliqəli saxlamaq, ağacları sulamaq və s. işlər üçün. Lakin məzar yerlərinin 5-10 minə satılması qanuna uyğun deyil. Ümumiyyətlə, Azərbaycan qanunlarında məzar yerinin satılması ilə bağlı maddə yoxdur”.

Rafiq Əliyev deyir ki, qəbir yerlərinin pulla satılması çox məntiqsiz addımdır. “Bu alqı-satqı məsələsi dövlət tərəfindən tənzimlənməlidir. Bu gün Azərbaycanda məzar yerinin satılması ilə bağlı qanun yoxdur. Lakin satılmaması haqqında qanun qüvvəyə minə bilər. Məzar yerləri bələdiyyələrə aiddir, başqalarının torpaqları deyil.
Unutmamalıyıq ki, torpağı satmaq nə dinə uyğundur, nə də mədəni irsimizə”.
Qiyməti kim müəyyən edir?
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli məzarların qiymət standartları ilə bağlı danışıb. O, məzar yerləri ilə bağlı tariflərin müəyyən edilməsində müəyyən qurumların təkliflər irəli sürməli olduğunu söyləyib:
“Məzarlıqların bələdiyyələrə verilməsi prosesi 2018-ci ildə tamamlandı. Lakin bu gün müəyyən təhvil-təslim məsələsi var ki, başa çatdırılmayıb.
Mən təklif edərdim ki, məzarlıqlarla yanaşı, məzarlıqların bələdiyyə mülkiyyətində olması məsələsi həyata keçirilsin. Bir çox kənd bələdiyyələrində maliyyə çatışmazlığı var. Maliyyə çatışmazlığı səbəbindən həmin xidmətin səviyyəsi aşağı olur.
Lakin imkanlı bələdiyyələr var ki, onların səlahiyyətinə aid olan yerlərdə yüksək səviyyədə xidmət göstərilir. Məsələn Gəncədə Kəpəz bələdiyyəsi, Bakıda Yasamal bələdiyyəsi. Bu bələdiyyələr ortalığa təcrübə qoyublar”.
V.Tofiqli bildirir ki, bəzi qəbiristanlıqların daxilində ziyarətgahlar var. Həmin ziyarətgahlarda müəyyən maliyyə vəsaiti toplanır. Qəbiristanlığa xidmət göstərən bələdiyyə olsa da, ziyarətgahlardan yığılan pul bilinmir ki, hara gedir. Problem çıxanda da gəlib bələdiyyənin yaxasından yapışırlar. Bu cür məsələlər var və həll olunmalıdır”.

Pulsuz qəbir yerləri də var

Bunlarla bərabər cənab Tofiqlinin sözlərinə görə, müəyyən təbəqələr var ki, bələdiyyələr onlar üçün məzar yeri prosesini pulsuz icra edir: “Qəbiristanlıqlarda bələdiyyə tərəfindən müəyyən xidmətlər göstərilir və həmin xidmətlər pulludur. İstənilən halda həmin xidmətlər pullu olmalıdır. Lakin burada müəyyən təbəqələr var ki, bələdiyyələr onlar üçün prosesi pulsuz icra edir. Qazi, şəhid ailələri, ahıl insanlara göstərilən xidmətləri bələdiyyələr təmənnasız həyata keçirir”.
Ekspert məzar yerlərinin qiyməti ilə bağlı standart bir rəqəmin olmadığını bildirir: “Məzar yerləri ilə bağlı tariflərin müəyyən edilməsində müxtəlif qurumlar təkliflər irəli sürülməlidir. Tövsiyyə edirəm ki, vətəndaş məmnunluğunu təmin edə biləcək qurumlar təklif və tövsiyələrini irəli sürsünlər.
Məzar qiymətləri ilə bağlı haqlı narazılıq var. Bu narazılığı isə bələdiyyələr yox, bu sahəyə cavabdeh olan orqanlar müəyyənləşdirməli və bələdiyyələrə təklif etməlidirlər”.

Diri ikən özünə məzar yeri alanlar

Məzar yeri həll edildikdən sonra əsas məsələ qəbir daşlarıdır. Azərbaycanlılar dəbdəbəni, bər-bəzəyi sevdiklərinə görə ölənlərinin qəbir daşını da bəzəkli, əzəmətli, mərmərdən düzəltdirirlər, xeyli xərcləri çıxacağını önəmsəmədən bu addımları atırlar. Hətta borc pul tapıb qəbir daşı hazırlatdıranlar da var.
Daha çox ağ və qara mərmərə üstünlük verirlər və bu 2000-3000 manata başa gəlir. Ucuz məzar daşı sifariş verənlərin isə ən azı 1000-1200 manat pulu çıxır.
Hətta diri-diri özlərinə qəbir qazdırıb, yer hasarlatdırıb, bər-bəzəkli qəbir daşı qoyduranların da sayı az deyil.
Allah dirilərə rəhm versin, ölülərə rəhmət eləsin!

Mehri QURBAN

Gundemxeber.az

Tarix: 01 mart 2022
Baxış: 127

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş