Məşhur aktrisadan Ukraynanı dəstəkləyənlərə etiraz: “Onlar itkilərimizi heç vecinə də almadı“
“2020-2021-ci illərdəki qanlı faciəmizdə heç bir ukraynalı müğənni fəryadımıza dəstək olmadı…”
Bunu aktrisa Çimnaz Sultanova Ukraynada gedən müharibə barədə yazıb.
Azərbaycanın 44 günlük müharibəsində heç bir ukraynalı sənətçinin dəstək paylaşım etmədiyini xatırladan Ç. Sultanova Ukrayna mövzusunda paylaşım etməyəcəyini bildirib:
“Biz də Gəncədə eyni günləri yaşadıq. Biz də qorxu içində yaşayırdıq. Xocalıda da 30 il əvvəl camaat öz evində yatarkən hücum elədilər… 20 yanvar 1990-cı ildə Bakımıza da tanklar daxil oldu, anam məni qucağına alıb Sabunçu meyitxanasını gəzirdi, atamı axtarırdı… 5 yaşım var idi, amma o qan gölməçələri ilə və qərənfillərlə dolu aeroport yolu indiyə kimi gözümün qabağındadır… Biz müharibənin nə olduğunu yaxşı bilirik. 2020-2021-ci ildəki qanlı faciəmizdə heç bir ukraynalı müğənni fəryadımıza dəstək olmadı”.
Daha sonra Ç. Sultanova yazıb:
“Emin Ağalarov nə qədər paylaşım etdi, heç bir müğənni “like” da qoymadı, halbuki Eminlə “dost”durlar və “Jara” festivalına gələndə Azərbaycanı nə qədər sevdiklərini bildirirlər. Amma çətin günümüzdə göz yaşlarımızı, ağrımızı, itkilərimizi heç veclərinə də almadılar… Ani Lorak, Loboda, Lolita, Vera Brejneva, Potap və Nastya, Monatik, Sofya Rotaru, “Vremya İsteklo” və başqaları baş verənlərin və Emin Ağalarovun Ermənistanın dinc əhaliyə qarşı faşistliyi haqda paylaşmalarını görməməzliyə vurdular… Təbii ki, bir qadın kimi, bir ana kimi Ukrayna xalqına dəstəyəm, onlara çox ürəyim yanır, amma bir ictimai və incəsənət xadimi kimi heç bir paylaşım etmərəm. Üzrlü sayın. Tanrı Ukrayna xalqını qorusun və kömək olsun”. \\Yenisabah.az ,