Azərbaycanda “zerkalnı” tarixə görə uşaq doğuşunda rekord - Doğum evlərindən AÇIQLAMA
Son illər Azərbaycanda doğuş etmə günləri ilə bağlı yeni tendensiya yaranıb. Belə ki, ana olmağa hazırlaşan qadınlar doğuş edəcəkləri günü öz istəklərinə uyğun seçə bilirlər. Bunu adətən keysəriyyə yolu ilə ana olmağı seçən qadınlar edə bilirlər. Həmin tarixlər adətən özəl günlərlə və ya yüz ildə bir rastlanan tarixlərlə bağlı olur.
Elə bugünki tarix kimi - 22.02.2022.
"Zerkalnı" adlandırılan bu tarixdə doğumların sayındakı artımın nə qədər olduğunu dəqiqləşdirmək üçün bizim.media araşdırma aparıb. Bir neçə doğum evi isə ehtimallarımızı təsdiqləyib.
"Baku Medical Plaza" klinikası doğum sayının digər günlərə nisbətən daha çox olduğunu qeyd edib:
"Bəli, tarixə görə doğuş günlərini seçmə hallarının sayı çox artıb. Bu gün də tarix maraqlı olduğu üçün keysəriyyə yolu ilə doğumlarımızın sayında çox artım var. Adi günlərdə 20-25 doğum olurdusa, bu gün klinikamızda bu saata qədər 42 doğum olub, hələ 50-ə çatacağı da gözlənilir".
7 saylı doğum evində də eyni situasiya müşahidə edilir:
"Bu gün təbii doğuş və keysəriyyə əməliyyatımız olub. Amma keysəriyyə ilə doğuş halı daha çoxdur. Hazırki saata olan doğuş sayımız 17-dir. Hələ yenə də olacağı gözlənilir".
Qeyd edək ki, 2020-ci ildə də belə "zerkalnı" (02.02.2020 və ya 20.02.2020) tarixlərdə də eyni hal müşahidə olunub. \\Milli.Az