Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Tərtər rayonunun hələ də qanunsuz erməni silahlı dəstələrinin fəaliyyət göstərdiyi ərazisindəki ermənilər Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını kəsiblər. Hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan videodan bəlli olur ki, ermənilər avtomobil karvanımızın qarşısını özlərinin çoxsaylı maşınları ilə kəsiblər. Erməni nəsşrlərinin məlumatında isə deyilir ki, guya Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin müdaxiləsi də nəticə verməyib. Nəticədə azərbaycanlılardan ibarət karvan yenidən başlanğıc nöqtəsinə, yəni Suqovuşana qayıdıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu hadisə Azərbaycan tərəfi üçün çox ciddi siqnal olmalıdır.
Deputat Laçın dəhlizinin dərhal nəzarətimizə götürməli olduğumuzu diqqətə çatdırıb:
“Sosial şəbəkələrdə ermənilər Suqovuşandan Kəlbəcərə gedən karvanımızın qarşısını kəsib, geri qaytardığını və Rusiya sülhməramlıların müdaxiləsinin də heç bir əhəmiyyəti olmadığı haqqında məlumatlar yayılıb. Bu, o deməkdir ki, sülhməramlılar öz funksiyalarını ya yerinə yetirə bilmir, ya da yerinə yetirmək istəmir. Digər tərəfdən isə bu, həm də Ermənistanda hakimiyyətsizliyin göstəricisidir. Bu, o deməkdir ki, İrəvanda oturan Paşinyanı ermənilər eşitmirlər və hərə özünün istədiyi kimi təxribat törədir, yolumuzu kəsir”. Deputat vurğulayıb ki, əgər Ermənistan idarə olunan dövlət olsaydı, belə hallar baş verməzdi:
“Bu, həm də bizim üçün çox ciddi siqnal olmalıdır. Necə olur ki, ermənilər torpağımızda məskunlaşıblar və bizə meydan oxuyurlar? Yəni, belə hallar qəti şəkildə yolverilməz və qəbuledilməzdir. Hesab edirəm ki, Laçın dəhlizini dərhal öz nəzarətimizə götürməliyik və ermənilərin keçidini dayandıraraq, onların dizini yerə vurdurmalıyıq. Sülhməramlılar da bundan nəticə çıxartmalıdır. Əgər sülhməramlılar öz məsuliyyət zonasında təhlükəsizliyi təmin edirlərsə, bu, ancaq ermənilərə yox, azərbaycanlılara da aid olmalıdır. Əgər azərbaycanlıların təhlükəsiz keçidini təmin edə bilmirlərsə, öz fəaliyyətlərini dayandırmalı və çıxıb getməlidirlər. Bizə birtərəfli xidmət edən sülhməramlılar lazım deyil”.
Aynurə Pənahqızı