Xəbər lenti
Reklam
Aİ Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Aİ arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. Aİ Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası VIII toplantısının uğurla keçirildiyinə istinad edən Ceyhun Bayramov, enerji sahəsində Aİ ilə strateji tərəfdaşlığın inkişafını məmnunluqla vurğulayıb.
Nazir, bölgədə mövcud olan cari vəziyyət, Ermənistan ilə münasibətlərin normallaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.
O.Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib. O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.
Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



BAKU.WS 

 
Tarix: 04 fevral 2022
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş