DSMF Milli Qəhrəmanın xanımının təqaüdünü kəsib, bəs bərpa oluna bilərmi?- VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova ona verilən Prezident təqaüdünün kəsildiyini bildirib.
Şəhidin həyat yoldaşı bu barədə Anews.az saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Pərviz Səmədovla 17 yaşında ailə həyatı qurub. 2021-ci ilin noyabrından isə bildirilib ki, rəsmi nigahın yoxdur, ona görə sənə təqaüd düşmür.
"Həmin vaxtlar 18 yaşım olmadığı üçün rəsmi nigahımız olmayıb. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub. Yoldaşımın ölümündən 6 ay sonra oğlum dünyaya gəldi. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alırdım. 2021-ci ilin noyabrından isə mənə verilən təqaüd dayandırılıb", - deyə o söyləyib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirdilər ki, "Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə, o cümlədən ailə üzvlərindən biri kimi dul arvadına (ərinə) təyin olunaraq verilir.
"Bu zaman tələb olunan sənədlərdən biri də nigah haqqında şəhadətnamənin olmasıdır. Gəncə sakini Şahvələdova Mətanət Ziyəddin qızına Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun həyat yoldaşı kimi təyin olunmuş Prezident təqaüdünün ödənişinin dayandırılmasına səbəb də monitorinq zamanı Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nigah haqqında şəhadətnaməsini təqdim etməməsi olub. Bu barədə vətəndaşa məktub vasitəsilə məlumat verilib. Bütün ödənişlər monitorinq nəticəsində olub. Yoxlama zamanı nigah haqqında şəhadətnamə təkrar tələb olunub və sənəd olmadığı üçün təqaüd kəsilib. Məsələ ancaq qanunvericiliyin tələbi çərçivəsində həll ola bilər. Aidiyyatı üzrə vətəndaşa məktub göndərilib. Əgər vətəndaş razılaşmırsa, məhkəməyə müraciət edə bilər", - deyə qurumdan bildirilib.
Bəs bu qədər müddət ərzində vətəndaşa təqaüd necə verilirdi?
Bu sualımızın cavabında isə DSMF-dən bildirdilər ki, "hazırda işlərin hər biri yenidən yoxlanılır, müxtəlif monitorinqlər aparılır, şəffaflaşdırılır, bu cür hallar müşahidə edildikdə isə aradan qaldırılır".
Sözügedən məsələ ilə bağlı hüquqşünas Səməd Vəkilov anews.az-a bildirib ki, uzun illər təqaüd almış Milli Qəhrəman ailəsinə nigah şəhadətnaməsi təqdim etmədiyi üçün təqaüdün dayandırılması məqsədəuyğun deyil.
"Milli Qəhrəman ailələrinə verilən Prezident təqaüdünün sonradan onun ailə üzvlərinə verilməsi ilə bağlı məsələdə qanunun formal əsaslarına söykənərək, şəhid ailələri ilə bağlı həyata keçirilən tədbirlər dövlət siyasətinə uyğun deyil.
Biz Pərviz Səmədovun ailə durumuna nəzər yetirsək, görərik ki, onun faktiki olaraq nigah münasibətində olduğunu təsdiq edən övladı var. Eyni zamanda övladının atalığın müəyyən olunması haqqında şəhadətnaməsi də var. Bu isə onu göstərir ki, onların nigahını təsdiq edən sübutlar var. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu formal əsaslara dayanaraq, milli qəhrəman ailəsinə verilən təqaüdü dayandırmamalı idi. Əksinə, xanıma tövsiyyə etməlidir ki, nigah münasibətində olması ilə bağlı məhkəmə qərarı əldə etsin. Təqaüd bərpa olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş arayışların təqdim olunması prosesinə sonradan baxılmalıdır.