Ter-Petrosyanın 92-ci ilə aid müsahibəsinin indi ortaya çıxması Ermənistanı canlandırdı...
Elşən Manafov: “Ermənistanın sabiq prezidentinin bu müsahibəsi bir daha təsdiq edir ki...”
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən müsahibənin ortaya çıxması Ermənistanda geniş müzakirəyə səbəb olub.
Məsələ ondadır ki, Ter-Petrosyanın 1992-ci il “Komsomolskaya Pravda” qəzetinə müsahibəsinin yenidən yayılması Ermənistanda böyük ajiotaj yaradıb. Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən həmin müsahibə yenidən erməni cəmiyyətində geniş müzakirə olunur. Keçmiş prezident “Komsomolskaya Pravda”nın 1992-cil il 5 mart tarixli buraxılışında jurnalisə bunları deyib: “Düşünmək istərdim ki, Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək. Bu, bizim mövqeyimizdir. Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”.
Qeyd edək ki, Levon Ter-Petosyanın hakimiyyət illərində Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa daha yaxın idi. Ancaq “Qarabağ klanı”nı təmsil edən qüvvələrin 1998-ci ilin yanvarında onu devirməsi bvə hakimiyyəti ələ kemirmələri sülhə olan ümidləri 20 ildən çox yubatdı.
“Qarabağ məsələsindən müəyyən xarici dairələr təzyiq rıçaqı kimi istifadə edir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov sabiq prezident Ter-Petosyanın 30 il əvvəlki müsahibəsinin Ermənistanda yenidən ciddi müzakirələrə səbəb olmasını bir sıra amillərlə əlaqələndirdi: “Ermənistanın sabiq prezidentinin bu müsahibəsi bir daha təsdiq edir ki, Dağlıq Qarabağ adlı geopolitik səciyyə daşıyan məlum proje münaqişə tərəflərinə SSRİ-nin dağılmasında maraql olan bəlli qlobal maliyyə mərkəzləri tərəfindən təqdim edilib. Burada SSRİ-nin o zamankı siyasi rəhbərliyində olan qərbpərəst qüvvələr, habelə respublikalara rəhbərlik edən məsul şəxslərin səlahiyyət sahibləri olan hissəsi sadəcə oturucu qayış rolunda çıxış ediblər. İlk olaraq lokal münaqişə kimi başlanan məlum proseslər qlobal maliyyə mərkəzlərinin sifarişi və dolayısı yolla müdaxiləsi nəticində bir muddət sonra regional münaqişə xarakteri kəsb etdi. Tərəflər arasında münaqişənin dərinləşməsinin qarşısını almaq məqsədi ilə ATƏT işə qarışdı. Heydər Əliyevin Moskvada SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşdırılması, Azərbaycanda isə hakimiyyət uğrunda iqtidar və müxalifət arasında başlanmış olan mübarizə bizim ziyanımıza işlədi. Bütün bunlar müstəqil dövlətçiliyimizin əleyhinə işləyən faktorlardan oldu. 1992-ci ilin məlum mart hadisələri nəticəsində Azərbaycanda iqtidara gəlmiş quvvələri dövlət idarəediciliyində səriştəsizliyi, təcrubəsizliyi də əslində Ermənistan millətçi dairələrini yönəldən qlobal maliyyə mərkəzlərinin xeyrinə oldu. Dövlət idarəediciliyində kifayət qədər təcrübənin olmaması Azərbaycanın qlobal və regional guc mərkəzləri ilə münasibətlərində ciddi problemlər yaratdı. Nəticədə nəinki Dağlıq Qarabağ, ətraf rayonlar da işğal edildi. Vəziyyət kardinal olaraq yalniz Azərbaycanda H. Əliyev hakimiyyətə qayıtdıqdan sonra tədricən dəyişməyə başladı. Ermənistanın bölgəyə nəzarət ugrunda Qərb və Rusiya arasındakı geopolitik qarşıdurmada piyada rolunda çıxış etdiyinin mahiyyətinə varan müdrik siyasətçi kimi H.Əliyev uzaqgörən siyasi gediş etdi. O, hər iki qütbü təmsil edən nəhəng transmilli şirkətlərlə qarşılıqlı maraq və güzəştlər hesabına razılığa gələ bildi. İdarə olunan "geopolitik düyməni" oyuncaq rolunda bundan sonra da çıxış etməmək istəyi Ermənistanın sabiq prezidenti Ter-Petrosyana baha başa gəldi. Ona və komandasına "yerlərini" aydın və lakonik şəkildə göstərdilər. Ermənistan parlamenti və hökumətin bəzi üzvləri baş nazir də daxil olmaqla gullələndilər. Bu əlbəttə məlum tərəfin təsir dairəsindən çıxmaq istəyən Ermənistan və onu istiqamətləndirən qüvvələrə demarş idi. Problemin danışıqlar yolu ilə həllinə münaqişə tərəfləri bir neçə dəfə yaxin olsalar da, bəlli qlobal məliyyə mərkəzlərinin pərdəarxası gedişləri bunu tormozlayıb”.
Politoloqun fikrincə, bir daha aydın olur ki, Qarabağ məsələsindən müəyyən xarici dairələr təzyiq rıçaqı kimi istifadə edir.
Vidadi ORDAHALLI
Mənbə: bakı-xeber.com