İran və Ermənistan bacarsaydı, bunu son 30 ildə edərdi...
"İran və Ermənistan çalışır ki, Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri layihələrində daha əlverişli şərtlərlə yer alsınlar”.
Gender.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İrəvan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyanın İranın Fars körfəzi-Qara dəniz layihəsinin Naxçıvandan keçməsinə imkan verməyəcəyi və bu səbəbdən Tehranın Şimal-Cənub magistralı üzrə tikinti layihəsinin Ermənistan tərəfdən tamamlanmasına xüsusi önəm verdiyinə dair fikirlərinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin fikrincə, bu təklif obyektivlikdən uzaq fikirdir:
"Zaman-zaman bu sayaq fikirlər səslənir. Amma obyektivlikdən uzaq fikirlərdir. Azərbaycan üzərindən keçmədən hansı dəmir yolu və ya avtomobil yolu xətlərilə İranla Qara dənizi birləşdirmək olar? Coğrafiyadan, xəritədən başı çıxan görər ki, bunun başqa variantı yoxdur”.
N. Cəfərli qeyd edir ki, İrəvanla Tehranın istədiyi həmin layihənin gerçəkləşməsi coğrafi məkan və maddi imkansızlıq baxımından mümkün deyil:
"Bu günə qədər İranla Ermənistanın istəyi olan bu layihəni reallaşdırmaq mümkün olsaydı, son 30 ildə həmin yolu realizə edə bilərdilər. Etməyiblərsə, deməli, onun baş tutmasına coğrafi və maddi əngəllər mövcuddur. Çünki elə bir marşrutun Azərbaycandan yan keçərək reallaşması böyük maliyyə resursları tələb edir və baha başa gəlir. Digər tərəfdən, həmin layihədə irəli sürülən coğrafi relyef də çətin keçilən yollardır. Ermənistanda dağlardan keçərək Gürcüstana gedən yol çətin relyefə malik olduğundan həddən artıq baha başa gələcək. Maliyyə mənbələrinə gəldikdə, İran təkbaşına onun öhdəsindən gəlmək gücündə deyil. Bunu bacarsaydı, bu günə qədər edə bilərdi. Ermənistanın isə maddi imkan və fürsətləri tamamilə yox dərəcəsindədir”. Ekspert düşünür ki, bu tip reallaşması mümkün olmayan layihələri gündəmə atmaqla Tehranla İrəvan sadəcə bölgədə mövcud olan və olması gözlənilən real layihələrdə sərfəli şərtlərlə yer almağı qarşılarına məqsəd qoyublar:
"Bu tip bəyanatlar sadəcə Zəngəzur dəhlizi, Şimal-Cənub, və Şərq-Qərb dəhlizi layihələrində Tehranla İrəvanın birgə kordinasiya olunmuş mövqe bildirməklə özləri üçün bəzi güzəştlərin qoparılmasına çalışmaq niyyətindən qaynaqlanır. Bu səbəbdən də zaman-zaman bu tipli bəyanatlar səsləndirirlər”.
Rüfət Sultan
Tarix: 31 yanvar 2022
Baxış: 200
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş