Bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən növbəti sərnişin avtobusu Şuşa şəhərinə çatıb.
Gender.az xəbər verir ki, sərnişinləri gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.
Sərnişinlər Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Cıdır düzü, kimi tarixi məkanları ziyarət ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.