“Gəncə bizim gələcək qələbəyə insinad nöqtəmizdir. Bizim üsyanımız mütləq qələbə ilə başa çatmalıdır. Hamımız bu şəhər uğrunda şəhid olsaq da, qələbəni əldə etməliyik.” - bu fikirlər azadlıq aşiqi, general-mayor Məhəmməd Mirzə Qacara məxsusdur. O Azərbaycanın hərb tarixinə öz adını həkk etdirə bildi.
General-mayor Məhəmməd Mirzə Qacar, Bəhmən Mirzənin 31 oğlundan biri idi. Ailənin 15-ci övladı olan Məhəmməd Mirzə 1872-ci ildə Şuşada doğulub.
Kiçik yaşlarında Şuşada mədrəsə təhsili alan Məhəmməd Mirzə Qacar 1885-ci ildə qardaşı, çar ordusunun generalı Rzaqulu Mirzə Qacarın təkidi ilə Tiflisdə yerləşən hərbi məktəbdə oxumağa başlayır. Tez bir zamanda yüksək nəticələrə nail olan Məhəmməd Mirzə Qacar 1888-ci ildə Sankt-Peterburqda yerləşən hərbi məktəbə daxil olur. Hərbi məktəbi əla qiymətlərlə başa vuran Məhəmməd Mirzə 1893-ci ildən çar ordusunda xidmətə başlayır.
1904-cü ilin fevralında Məhəmməd Mirzə Qacar rus-yapon müharibəsində döyüşlərə başlayır. Gənc zabit öz batareyası ilə birlikdə sona qədər rus-yapon müharibəsində iştirak edir. Onun döyüşdə göstərdiyi şücaət ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və Məhəmməd Mirzə Qacar kapitan rütbəsi ilə təltif edilir. Rus, alman, polyak dillərini mükəmməl bilən Məhəmməd Mirzənin batareyanın əsgərlərinin böyük hissəsi azərbaycanlılardan ibarət idi. O dövr üçün olduqca cətin olsa da, Məhəmməd Mirzə öz əsgərləri ilə Azərbaycan dilində danışır, komandaları məhz Azərbaycan dilində verirmiş…
Rus-yapon müharibəsindən sonra Məhəmməd Mirzə Qacar xidmətini Qafqazda davam etdirir. 1910-cu ildən isə Məhəmməd Mirzə Qacar general-feldmarşal Mixail Nikolayeviç adına birinci Kuban-kazak batareyasının komandiri təyin edilir. I Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli «Müqəddəs Anna» ordeni ilə və həmin ordenin dördüncü dərəcəsi ilə təltif olunur. I Dünya müharibəsində də Kazak süvari qoşunlarında döyüşən Məhəmməd Mirzə Qacar ikinci və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeninə layiq görülür. 1915-ci ildə mayor rütbəsi ilə təltif edilən Məhəmməd Mirzə Qacar müharibədən geri cağrılaraq Sankt-Peterburqda yerləşən hərbi hissəyə göndərilir. Bir qədər sonra isə o, çarın xüsusi mühafizə dəstəsində xidmət etməyə başlayır. 1916-cı ildə Məhəmməd Mirzə Qacar podpolkovnik rütbəsi ilə təltif edilir.
Uzun müddət çar ordusunda xidmət edən polkovnik Məhəmməd Mirzə Qacar 1917-ci ildə ordudan ehtiyata buraxılır. Azərbaycana qayıdan polkovnik Məhəmməd Mirzə 1918-ci ildə Cümhuriyyət ordusunda Baş Artilleriya İdarəsinin rəisi təyin edilir.
Peşəkar hərbçi Məhəmməd Mirzə Qacar Azərbaycan ordusunun formalaşdırlması üçün var qüvvəsi ilə çalışırdı. Ona görə də, qısa zaman kəsiyində peşəkar artilleriyaçıların hazırlanmasına nail olur. Onun xidmətləri nəzərə alınaraq, 1919-cu ildə 320 saylı əmrlə general-mayor rütbəsi ilə təltif edilir.
Şahzadə Məhəmməd Mirzə bir müddət Birinci Piyada Diviziyasına rəhbərlik edib, daha sonra Gəncə Qarnizonunun rəisi təyin edilib. Arxivlərdə Məhəmməd Mirzənin 1920-ci ildə Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçə Qarabağdan vurduğu teleqram qorunur:
«Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisinə dəymək olmaz, əks halda yerli ermənilər Əsgəran və Şuşanı tuta bilərlər…».
Arxivdə general-mayor Məhəmməd Mirzə Qacar barədə daha bir nadir sənəd qorunub saxlanılır. Bu, hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Həbib bəy Səlimovun imzaladıqları minnətdarlıq əmridir:
«…general-mayor şahzadə Məhəmməd Mirzə Qacar birinci piyada diviziyasına müvəqqəti komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin isti əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir».
Bolşeviklər tərəfindən Azərbaycan işğal edildikdən bir ay sonra Gəncədə yerləşən Azərbaycan Milli Ordusunun bir diviziyası və könüllülərdən ibarət dəstələr üsyan qaldırdılar. Bu üsyan haqqında polkovnik Cahangir Kazımbəyli yazırdı: ”Mayın 25-i səhər saat 6-da üsyanın gələcək planlarını müzakirə etmək üçün ümumi yığıncaq cağırdım. Bu yığıncaqda ümumi rəhbərlik və yerli hakimiyyət orqanlarının təşkili general-mayor Məhəmməd Mirzə Qacara həvalə olundu”… Təqdiqatçı Şəmistan Nəzirli “Güllələnmiş Azərbaycan generalları” kitabında yazır: ”1920-ci ildə Gəncə üsyanı vaxtı yerli hökumətin ümumi rəhbəri seçilmiş Məhəmməd Mirzə Qacar üsyan vaxtı bolşeviklərlə döyüşlərdə həlak olmuşdur.”
Üsyanın dəqiq tarixi hələ may ayının 23-də ümumi yığıncaqda təsdiq edilmişdi. Lakin kəşfiyyatın məlumatına görə bolşeviklər ermənilərlə birləşərək şəhərin ermənilər yaşayan hissəsinə öz silahlarını yerləşdirmişdilər. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Üsyançılar hərbi anbar, mərkəzi həbsxana, dəmiryolu stansiyası, fövqəladə komissarlığın binasını ələ keçirdilər. Üsyançıların uğurlarını görən bolşeviklər Gəncəyə təkrar-təkrar əlavə qoşun hissələri yeritdilər.
Bəzi mənbələrə görə bu üsyan iyun ayının 4-nə qədər davam edib. Mayın 30-dan isə general-mayor Məhəmməd Mirzə Qacardan xəbər yox idi. Bəziləri onun döyüş əsnasında öldürüldüyün yazsa da, polkovnik Cahangir Kazımbəyli öz xatirələrində general-mayor Məhəmməd Mirzə Qacarın öldürüldüyünü təsdiq etmir.
Lakin Gəncə üsyanının ideoloqlarından biri olan 48 yaşlı general-mayor Məhəmməd Mirzə Qacar öz qəhrəmanlığı ilə bir dastan yaratdı. Bu döyüşlərdə Məhəmməd Mirzə Qacarın qardaşları general Əmir Kazım Mirzə Qacar və general Feyzulla Mirzə Qacar da həlak oldu…
Qoşqar Salmanlı
Alp.az