Dekabr ayının 16-da Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbinin 10 illik yubileyi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Vətən müharibəsi Şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Yubiley çərçivəsində “Uğurlu gələcək peşədən başlanır” kitabının və məktəbə həsr olunan filmin təqdimatı mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, millət vəkilləri, xarici ölkə nümayəndəliklərinin üzvləri, dövlət rəsmiləri və turizm sənayesinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Turizm Məktəbinin qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, əgər, 2012-ci ildə Bakı Turizm Peşə Məktəbinə 62 nəfər qəbul olunmuşdusa bu say 2021-ci ildə 500 nəfərə çatıb. O, əldə olunan uğurlara görə məktəbin direktoru Neylüfər Kərimovaya təşəkkürünü bildirib və uğurlar arzulayıb. Sədr qeyd edib ki, artıq Bakı Turizm Peşə Məktəbinin 2021-2025-ci illəri əhatə edən inkişaf strategiyası hazırlanıb. O, 10 illik yubiley münasibətilə məktəbin müəllim və tələbə kollektivini təbrik edib.
Məktəbin direktoru, əməkdar müəllim Neylüfər Kərimova qonaqları salamlayaraq bu əlamətdar gündə tədbirin keçirilməsində dəstəyinə görə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, bu illər ərzində məktəbdə həyata keçirilən işlər və fəaliyyət barədə qonaqlara məlumat verib. Neylüfər Kərimova müəllifi olduğu "Uğurlu gələcək peşədən başlanır" kitabı və məktəbə həsr edilən yeni film barədə fikirlərini qonaqlarla bölüşüb.
Daha sonra Bakı Turizm Peşə Məktəbinə dair filmin nümayişi baş tutub.
Filmdən sonra Bakı Turizm Peşə Məktəbinin tələbələri müxtəlif ölkələrin dillərində çıxışlar ediblər.
Sonda məktəbin Vətən müharibəsində iştirak edən qaziləri ilə birlikdə məktəbin yubileyi məqsədilə hazırlanmış tort kəsilib.
Gender.az