Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Korrupsioner məmurları necə cilovlamalı? - “Dövlət orqanları üzərlərinə düşən vəzifəni...“

“İctimai nəzarət bütövlükdə dövlətin idarə edilməsinə vətəndaş cəmiyyətinin cəlb edilməsini şərtləndirir. Xüsusilə, qərar qəbul edilmə prosesində ictimai nəzarət çox mühüm nəticələrə gətirib çıxara bilər. Belə ki, əgər qərarın qəbul edilməsində inklüzivlik təmin olunsa, gələcəkdə onun tətbiqi zamanı uğur əldə etmək imkanları genişlənir”.
Gender.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, vətəndaş cəmiyyəti ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin monitorinqini və qiymətləndirməsini həyata keçirir:
“Buna müvafiq olaraq öz təkliflərini dövlət qurumlarına təqdim edir. İctimai nəzarətin bütövlükdə formaları hansılardır? Hazırda ictimai şuraların yaradılması, ictimai müzakirələrin keçirilməsi, normativ hüquqi aktların layihəsinin hazırlanması və qəbulu prosesində məsləhətləşmələrin həyata keçirilməsi ictimai nəzarətin mühüm formalarıdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ictimai nəzarət təkcə vətəndaş cəmiyyəti institutları tərəfindən deyil, fərdi şəxs tərəfindən də həyata keçirilə bilər:
“Bu zaman o, ekspert rəyi ilə çıxış edə bilər, eyni zamanda fərdi qaydada monitorinq apara, dövlət orqanlarının təkmilləşməsi ilə bağlı müvafiq qurumlara müraciət edə bilər. Həmçinin vətəndaş istənilən dövlət orqanının fəaliyyətini tənqid edə bilər, bu, onun konstitusion hüququdur. Tədqiqat aparmaqla da ictimai nəzarəti təmin etmək mümkündür. Prezident Şuşa üzrə səlahiyyətli nümayəndəsini  təyin edərkən söylədiyi fikirlər bir daha bəyan etdi ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Çünki ictimai nəzarət kənar nəzarətdir. Bir də dövlət nəzarəti var”.
Mütəxəssis vurğulayıb ki, dövlət nəzarəti heç də bütün hallarda problemlərin aşkar edilib təqdim olunması imkanına malik deyil:
“Dövlət orqanlarında hər şeyi görmək imkanı kifayət qədər olsa da, tam yetərli deyil. Prezident də deyir ki, bir şəxs bu və ya digər məsələləri görüb deyə bilər, amma bütövlükdə hər şeyi görüb bilmək imkanına malik deyil. Buna görə ictimai nəzarə gücləndirilməlidir. Onun resurslara çıxış imkanı genişləndirilməlidir, çünki istənilən fəaliyyətin həyata keçirilməsi müəyyən resurs tələb edir, bu resursların ödənilməsi üçün Azərbaycanda bir sıra tədbirlər görülür. Bununla bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, o cümlədən Gənclər Fondu var. Həmçinin qrantlar verilir, tenderlər keçirilir. Amma bu tam olaraq vətəndaş cəmiyyətinin ehtiyaclarını ödəyə bilmir. Hətta bunlar vətəndaş cəmiyyətinin resurslara çıxışla bağlı ehtiyaclarının yalnız 15-20 faizini ödəyir. Özəl sektor da bu sahədə öz töhfəsini verə bilmir. Eyni zamanda beynəlxalq donorlara çıxışla bağlı qanunvericilikdə müəyyən problemlər var. Ümumiyyətlə, ictimai nəzarətin həyata keçirilməsi peşəkarlıq tələb edir. Bunun üçün ixtisaslaşma prosesi çox vacibdir. Lakin çox zaman yetərli ixtisaslaşma baş vermir. Son illər mübadilə məsələsi də xeyli zəifəyib. Prezidentin tapşırıqlarına uyğun olaraq işlər genişləndirilməlidir, dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı yeni fəaliyyət planının hazırlanmasına ehtiyac var:
“Bizdə quruculuq, böyük qayıdış başlanır. Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı ilə komissiya yaradılır. Bu komissiyaya vətəndaş cəmiyyəti töhfə verə bilər. İctimai nəzarət şəffaflıq, korrupsiyaya qarşı mübarizədə də əhəmiyyətli rol oynayır”.

Tarix: 05 fevral 2021
Baxış: 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş