Yaşadıqları evlərin əlilliyi olan şəxslərə uyğunlaşdırılması üçün xərclərin minimum məbləği TƏSDİQ EDİLİB
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği təsdiq edilib.
Gender.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, qərar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini müəyyən edir və əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərdə onlar üçün zəruri olan mənzil-məişət şəraitinin yaradılmasını nəzərdə tutur.
Dayaq-hərəkət funksiyası pozulmuş əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərə sərbəst giriş-çıxışını təmin etmək məqsədilə evlərin girişində pandusların quraşdırılması, öz-özünə xidmət etmək üçün sanitar qovşağinda tutacaq və dayaqların quraşdırılması, sanitar qovşağının qapısının xaricə açılan olmaqla bərabər bayırdan açılmasının da təmin edilməsi zəruri hesab olunur.
Fərdi evlər uyğunlaşdırılarkən əlilliyi olan şəxslərin, xüsusi ilə də gözdən əlillərin qapı açılarkən zədə almaq ehtimalı yüksək olduğu üçün otaqların və mətbəxin qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması vacib hesab edilir.
Fərdi evlərin uyğunlaşdırılması xərcləri otaq sayına uygun olaraq cari qiymətlər səviyyəsində hesablanıb.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin
MİNİMUM MƏBLƏĞİ
Sıra №-si | Uyğunlaşdırılan sahənin təyinatı | 1 fərdi evin uyğunlaşdırılması xərcləri (manatla) |
1 | 2 | 3 |
1. | İkitərəfli məhəccəri olan pandusların quraşdırılması üzrə | 3845 |
2. | Sanitar qovşağında tutacaq və dayaqların quraşdırılması üzrə | 280 |
3. | Sanitar qovşağındakı qapıların hər iki tərəfə açılan qapılarla əvəz olunması üzrə | 379 |
4. | Otaq və mətbəx qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması | 1144 |
5. | Cəmi | 5648 |
| Əlavə dəyər vergisi (18 %) ilə birlikdə, cəmi | 6665 |
*İki qapı üçün müəyyən olunmuş minimum məbləğ. Hər bir otaq üçün bir otaq qapısı nəzərdə tutulmaqla və cəmi 5 otaqdan çox olmamaqla hər əlavə otaq qapısı üçün xərclər 530 manat təşkil edir.