Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Dünyada geyimə, bizdə əxlaqa çevrilən şortik...


Zaman-zaman dünyanın istənilən ölkəsində qadınlarla kişilər arasında ayrı-seçkilik olub. Məsələn, Səudiyyə Ərəbistanında 2017-ci ilə qədər qadınların maşın sürməsi qadağan idisə, İranda ötən ilə qədər qadınların stadiona buraxılmasına icazə verilmirdi. Azərbaycanda isə ümumiyyətlə, bu kimi qadağalara rast gəlinməyib.


Əksinə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Bu önəmli tarixi hadisədən düz 102 il sonra ölkədə zərif cinsin nümayəndələrinə daha bir üstünlük verilib. Belə ki, səhər saatlarında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev rəsmən bəyan edib ki, qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!

Düzdür, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qərar deyil. Bu, sadəcə, “prava” verən qurumun rəisinin kişilik kriteriyasına yanaşmasıdır. Onun fikrincə, kişi şortik geyinməz! Və bunun nəticəsi kimi sürücülük vəsiqəsi almaq üçün imtahana şortik geyinib gedən vətəndaş geri qaytarılıb. 

 

Bir sözlə, vətəndaşı geyiminə görə qarşılayıb, ağlına fikir vermədən elə qapıdan da yola salıblar. Nəticədə məsələ böyüyüb, rəsmi qurumun rəisinin bu qərarı sosial şəbəkələrdə məsxərəyə qoyulub.

Maraqlıdır, görəsən, bu şortik problemindən nə vaxt qurtulacağıq? İl olub 2020, dünya dağılmaq üzrədir, Mehdinin gəlişi an məsələsidir, biz hələ də cəmiyyət olaraq şortiki qəbul etmirik. Şortik dünyanın əksər ölkələrində geyim olub, bizdə isə əxlaq məsələsi.

Vaxtı ilə Hafiz Hacıyev deyirdi ki, “şortik geyinənlərə qarşı ictimai qınaq olmalıdır. Misal üçün, şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin”. Yaxşı, deyək ki, bu hamının tanıdığı Hafiz Hacıyevdir, hansı məzhəbə, hansı ağıla qulluq etdiyi də hər kəsə bəllidir. Bəs, dövlət qurumu niyə belə ərgən, tində əlində təsbeh fırladan, “brat, bəlkə siqeeetin ola” deyən “çolkalı” qaqaşlar kimi davranmalıdır?

Əgər biz müasir, inkişaf etməkdə olan ölkəyiksə, bu kimi mənasız davranışlara nə ehtiyac var? Ümumiyyətlə, nə vaxta qədər ən qısa şortikin ölçüsü qədər düşüncəsi olmayanlar bu geyimdən istifadəni gətirib mentalitetə, milli dəyərlərə bağlayacaq? Kimin ürəyi necə istəyir, ona necə rahatdır, elə də geyinir də, vəssalam! 


İnsanlar başqasının geyiminə müdaxilə etmək cəsarətini özündə tapmamalıdır. Onun buna ixtiyarı, haqqı yoxdur! Axı insan ayağının görünməsinin cəmiyyət üçün nə təhlükəsi var? Kişilik əgər şortik geyinməklə ölçülürsə, bəs onda niyə dünyanın bir sıra qabaqcıl ölkələrinin polisləri şortikdə xidmət aparır? Hə, biz müsəlman ölkəsiyik, falan-filan??? Amma müsəlman ölkəsində rüşvət almaq, kiminsə haqqına girmək olar, hə? 

İstənilən halda bu düşüncə tərzi dəyişməlidir. Biz bu geyim məsələsini, buna qarşı aqressiv düşüncəni çoxdan arxivə göndərməliydik. Amma illərdir AzTV-də göstərilən Yerevanın məşhur “kruqu”nun ətrafında fırlanan PAZ avtobusu kimi, şortik məsələsinin ətrafında fırlanırıq, ilişib qalmışıq. Bundansa, əsas diqqəti ona yönəltmək lazımdır ki, niyə əksəriyyətin fikrində “Filankəs “prava”nı pulla aldı” düşüncəsi var. Fikirləşmək lazımdır ki, niyə bir çox sürücünün dilində “Sənə “prava” verənin...” söyüşü var... Məncə, şortikdən çox, mentalitetə zidd olan elə bu söyüşdür. İmtahana şalvarla gələnlərin söyüşü...


Emin Səfərov

Qafqazinfo.az

 
Tarix: 19 sentyabr 2020
Baxış: 491

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş