Xəbər lenti
Reklam
Erməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq keçirilib
 
Kiyev, 18 iyul, 
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.
Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi. “Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, - deyə R.Tağıyev əlavə edib.
Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.
Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.                                 /Azertag
Tarix: 18 iyul 2020
Baxış: 333

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş