Bakı və ətraf ərazilərdə soğanın qiymətində kəskin bahalaşma müşahidə olunur.
Bir həftə əvvəl paytaxtın bir neçə yerində təşkil olunan kənd təsərrüfatı yarmarkalarında soğanın bir kiloqramı 60-80 qəpiyə satılsa da, indi bu qiymət 1 manat 50 qəpik ətrafında dəyişir.
Mütəxəssislər deyir ki, soğan xaricə göndərildiyi üçün bahalaşıb, amma bu müvəqqətidir. Rəsmilər bəyan ediblər ki, soğan ehtiyatı "kifayət qədərdir" və qiymət artımı "sünidir".
Topdansatış mərkəzləri isə məhsulun qıt olmasını xaricə soğan icracı ilə əlaqələndirir.
"Bilmirəm, nədən oldu"
"Beş kiloqramlıq kisəni 6 manat 50 qəpiyə aldım. Bir həftə ərzində soğanın qiyməti iki dəfə qalxdı. Bayramqabağı qalxmadı, bayramdan sonra birdən-birə bahalaşdı", - Yasamal sakini BBC News Azərbaycancanın müxbirinə bildirib.
Söhbət yerli Ağdam soğanınından gedir, onun kilosu 1 manat 30 qəpikdir.
Satıcılar da soğanın bahalaşmasından şikayətləniblər. Bakının mərkəzində məhəllə dükanlarından birində soğan satan deyir ki, yerli Ağdam soğanı 1 manat 40 qəpik, Lənkəran soğanı isə 2 manatdır.
"Bilmirəm nədən oldu, qəflətən qiymət qalxdı. Alıcılar da bizdən soruşur, səbəbini bilmirik", məhəllə satıcısı deyib.
"10 günə təzə soğan"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin sözlərinə görə, Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artması qiymət artımına əsas səbəbdir.
"Adətən Azərbaycan yaz mövsümündə 2-3 min ton faraş soğan ixrac edirdi, amma bu ilin ilk iki ayı ərzində biz 7300 ton soğan ixrac etmişik. Ötən ilin yanvar-fevral ayı ərzində bu, 1200 ton olub. Türkiyəyə 5900 ton soğan ixrac olunub və bu, soğanın bazar dəyərində ajiotaj yaradıb", - Firdovsi Fikrətzadə bildirib.
Mütəxəssis hesab edir ki, "yaxın günlərdə" soğanın qiyməti aşağı enəcək.
O deyib ki, daxili bazarda kifayət qədər soğan ehtiyatı var və ixraca gedən soğan daxili bazarda belə qiymət artımına səbəb olmamalıdır.
Bakı ətrafında ən böyük meyvə-tərəvəz topdan satış bazarı olan "Meyvəli"nin nümayəndəsi də səbəbi soğanın xaricə ixracı ilə əlaqələndirir.
"Xaricə soğan çox getdi, ölkədə ehtiyat azdır deyə qiymət bahalaşıb. İraqa, Türkiyəyə, Gürcüstana çox məhsul gedib. Azərbaycanda məhsul həmişə çox olub, ötən ilin sentyabrında soğanın kiloqramının topdan satış qiyməti 10 qəpik idi", - Meyvəli topdansatış mərkəzinin nümayəndəsi Zahid Əmirov deyib.
Meyvəlinin meneceri olan Zahid Əmirov deyir ki, Azərbaycanda topdan satış qiyməti bir manat civarındadır.
"Soğanın qiyməti bir müddət sonra sabitləşəcək. Köhnə soğan qurtarıb, təzəsi də çıxmayıb. 10 günə təzə soğan çıxacaq və qiymət düzələcək", - Zahid Əmirov belə deyib.
Rahat marketdə soğanın kiloqramı 1 manat 25 qəpikdir.
"Süni" qiymət artımı
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə eyni qurumdan olan Firdovsi Fikrətzadə kimi düşünmür - onun fikrincə, əsas səbəb Türkiyəyə ixrac deyil, süni qiymət artımıdır.
Qiymətin bahalaşmasının "iqtisadi əsası yoxdur, süni qiymət artımıdır və bu, işbazların fürsətdən istifadə edib qiymət artırmasıdır", o BBC News Azərbaycancaya deyib.
"İndiyədək Azərbaycanda ən çox ixrac olunan məhsullar fındıq, pomidor və şişburun xurma olub, soğan son illərdə Türkiyədə qıtlıq olduqdan sonra ixraca gedən məhsul oldu".
Cənab Hüseynov əlavə edib ki, ixrac olunan soğanın həcmi çoxdur, amma bu, daxili bazardakı qiyməti iki dəfə artırmağa qadir ixracat deyil. Bazar iqtisadiyyatıdır və qiymətlər tələb təklif qanununa görə müəyyənləşir, o belə hesab edir.
Onun sözlərinə görə, təmsil etdiyi qurum, qiymətin müəyyənləşdirilməsində iştirak etmir.
"Müəyyən mexanizmlər var ki, biz bunlardan istifadə edib bazardakı qiymətlərə müdaxilə edə bilirik. Kənd təsərrüfatı yarmarkalarının təşkili bu üsullardan biridir, ki biz bunu uzun müddətdir edirik", Nazirliyin rəsmisi deyir.
"Novruz bayramına kimi yarmarkalarda soğanın qiyməti 60-80 qəpik arasında idi. Martın 22-dən qiymətlər qəflətən qalxıb olub 1 manat 40 qəpik, 1 manat 50 qəpik", - Vüqar Hüseynov deyib.
Cənab Hüseynov deyib ki, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı qurumu ləğv olunub və onun yerində Aqrar Tədarük və Təchizat ASC yaradılıb, amma bu qurumda hələki təhvil-təslim prosesi davam edir.
"Hazırda nazirliyin nəzdində olan, bizim səlahiyyətimizə verilən Aqrar Tədarük və Təchizat ASC bazarda təsir mexanizmlərinə sahib deyil. Mövsümün də qıt olduğu dövrdür", - Vüqar Hüseynov sözlərinə əlavə edib.
O bildirib ki, topdansatış mərkəzlərində kifayət qədər soğan ehtiyatı var.\\BBC