Xəbər lenti
Reklam
Cahangir Novruzov: “Getməli idim, çünki bu ölkədə mənə şans vermədilər...” – MÜSAHİBƏ + FOTO

“Səhnəyə qoyulan əsərin mətnini və şərhini tamaşaçının səviyyəsinə görə seçirsənsə, bəlli tamaşaçı kütləsini yetərsiz görməyə başlayarsan və onlara haqsızlıq etmiş olursan”.
Gender.Az bildirir ki, bu sözləri Kulis.az-a müsahibəsi zamanı Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Xalq artisti Cahangir Novruzov deyib.
- Söhbətimizə Şəki Teatrı ilə başlamaq istəyirəm. Şəki Teatrının qurucularından hesab olunursunuz. Bu teatrın fenomenə çevrilməsinin səbəbi nə idi?
- Sözün əsl mənasında işləmək, səylə çalışmaq. Şəki Teatrının müvəffəqiyyətinin sirri bu idi. 1970-ci illərdən sonra teatrlarımız içərisində Azərbaycandan kənara çıxan teatr yox idi. Amma Şəki Teatrı Kuba, Çexoslovakiya kimi xarici ölkələrə, iki dəfə Moskva, İrəvan, Tiflis, Səmərqənd, Daşkənd, Kazan kimi şəhərlərə qastrol səfərlərinə və festivallara getdi. Mən hələ Hüseynağa Atakişiyevin və mənim teatra rəhbərlik etdiyimiz zamandan danışıram. Mən gedəndən sonra isə teatr Moskvaya, Sibirə qastrollara getdi. Sovet İttifaqı zamanında bu, dəmir pərdəni yarmaq demək idi.
- Axı o vaxtlar, Bakı teatrlarında, konkret Akademik Milli Dram teatrında Mehdi Məmmədov vardı, sonra Tofiq Kazımov gəldi...
- Tofiq Kazımovun, Mehdi Məmmədovun zamanı başqa idi. Siz onlara toxunmayın. Adil İsgəndərov başda olmaqla onlar Azərbaycan teatrının çiçəklənmə və inkişaf dövrünün səbəbkarları idilər. Tofiq Kazımov, ümumiyyətlə, Azərbaycan teatr rejissorluğunun zirvəsi idi. Əgər Mehdi Məmmədov bir düşüncə adamı, bir filosof idisə, Adil İsgəndərov möhtəşəm yaradıcılıq və təşkilatçılıq qabiliyyəti olan teatr mütəxəssisi, rejissor-pedaqoq kimi təkraredilməz aktyor nəsli yetişdirən, teatr tariximizin o əfsanəvi kollektivini yaradan, Azərbaycan klassik teatr təfəkkürünün qurucusu hesab olunur. Məhz bu sənətkarların qoyduğu təməl sayəsində 1973-cü ildə teatrımızın 100 illik yubileyi ərəfəsində Moskvada qastrolda oldu. Amma ondan sonra SSRİ dağılana qədər demək olar ki, heç bir teatr nəinki xaricə, hətta sovetlər coğrafiyasında qastrola getmədi.
Mən Anatoliy Efrosun tələbəsi olmuşam, onun assistenti kimi iki il Moskva “Malaya Bronnaya” teatrında təcrübə keçmişəm. O zaman SSRİ Mədəniyyət Nazirliyinin mütəxəssisləri təkmilləşmə institutunda “Rəhbər kadrlar” fakültəsində oxuyurdum. Oarda bizi çox yüksək səviyyədə yetişdirirdilər. Tez-tez başqa teatrlara, müxtəlif üslubda çalışan rejissorların tamaşa və məşqlərini izləmək üçün hətta başqa şəhərlərə ezamiyyətə də göndərirdilər. Moskva Bədaye Teatrında Yefremovun, Lenkom Teatrında Mark Zaxarovun, Taqankada Lyubimovun məşqlərini günlərcə izləmişəm. Onların məşqlərinə bizi göndərib deyirdilər ki, gedin, baxın, öyrənin. Sonra da iştirak etdiyiniz tamaşa və məşqlərdən aldığınız təəssüratları analiz edərək yazın. Bu ezamiyyətlərin birinə də 1983-cü ildə Peterburqa BDT-yə, Tavstanoqovun rejissor laboratoriyasının çalışmalarında iştirak etmək üçün göndərildim. Bu da mənim peşəmin inkişafı üçün yeni bir səhifə açılmasına səbəb oldu. 1988-ci ilə kimi - Tavstonoqov rəhmətə gedənə qədər o laboratoriyanın üzvü oldum.
- Bəs niyə Moskvada qalmadınız?
- O bir başqa məsələdir. Mənə orada qalmağı təklif elədilər. Lenkomun mərhum əfsanəvi baş rejissoru Zaxarovun teatrında aktyor, daha sonra rejissor kimi işləmək üçün... Zaxarov assistenti İldar Gilyazevlə xəbər göndərmişdi mənə. Qalmadım. Birincisi, mən teatr həyatımı elmi fəaliyyətdə deyil, teatrda professional rejissor kimi davam etməkdə görürdüm. İkincisi, başqa bir hekayədir. Qısa şəkildə buna belə cavab verərəm. Mənim məqsədim Şəkiyə qayıtmaq, yeni tamaşalar hazırlamaq idi.


- Sonra Efrosu Bakıya da dəvət etmisiniz.
- Doğrudur, belə bir cəhdim olub. Çağının ən modern rejissoru olan müəllimim Anatoliy Efrosun Azərbaycana gəlməsini çox istəyirdim. Onun mənim kimi gənc azərbaycanlı rejissorlarımıza çox şey qazandıracağına inanırdım. Azərbaycan Teatr Xadimləri İttifaqının ovaxtkı sədri rəhmətlik Şəmsi Bədəlbəylinin yanına getdim və mənə Efrosu Bakıya dəvət etmək üçün rəsmi məktub verməsini xahiş etdim. İstəyirdim, gəlib, rejissorluq laboratoriyası yaratsın. İldə iki dəfə, bahar və payız aylarının birində gələcəkdi və hər gəlişi üçün ona heç də məbləği böyük olmayan qonarar ödəniləcəkdi. Şəmsi müəllim razılaşdı və məktubu verdi. Məktubu Efrosa təqdim edəndə onu diqqətlə oxudu, üzündə kədərli bir təbəssüm yarandı. Və dedi: “Çox sağ olun, amma mən Bakıya gəlməyəcəm”. Cavabı məni sillə kimi tutdu. Soruşdum, niyə? Dedi, mən Tofiqdən sonra Bakıya getmərəm, onsuz Bakıda qala bilmərəm, o mənim tələbə yoldaşımdır və bu gün rejissor olmağımda çox böyük rol oynayıb, kursumuzun ən istedadlısı o idi. Tofiq Kazımov haqqında bu sözləri XX əsrin ən modern rejissoru sayılan Efros demişdi. Yəni Tofiq Kazımov belə bir sənətkar idi. Azərbaycanı beynəlxalq səviyyədə tanıda biləcək çox böyük rejissor idi. Heyf, onun böyüklüyünü bizim teatr camiəsi tam anlamadı və layiq olduğu dəyəri vermədi. Azərbaycan teatrının 100 illik yubileyinin hesabat qastrolunda onun “Fırtına” tamaşası Moskvada fırtına qopardı və teatrşünaslar tərəfindən bir sənət hadisəsi kimi dəyərləndirildi. Mən şəxsən bunun şahidi olmuşam.
- Öz vətənində anlaşılmamaq sənət adamı üçün çətindir.
- “Vətənində anlaşılmamaq” deyərkən buraya xalqı aid etməməliyik. Çünki xalq hər zaman gerçək istedada sahib olan şəxsiyyətləri ilə fəxr edir və onları təmənnasız sevir. Burada söz-söhbət guya xalqı təmsil edən, rəsmi idarələrdə oturan və rəy yaradan bəzi vəzifəli şəxslərdən getməlidir. Əfsuslar olsun ki, bu “bəziləri” sənəti və sənət adamlarını dəyərləndirəndə, bilik və peşəkarlıqla cilalanmış zövqə sahib olmadıqlarından daha çox şəxsi maraq və münasibətlərindən yola çıxırlar. Gerçək yaradıcı insanlar daim zəmanəsindən bir addım irəlidə olub. Bunu dərk etməkdə çətinlik çəkən səriştəsiz “təmsilçilər” onlara lazım olmayanların önünü kəsir, bununla da mədəniyyət və incəsənətin inkişafına böyük əngəl olurlar. Mən buna özünü görməzliyə vurmaq da deyərdim. Heyf, bu sistemdə dərin bilgiyə, doğru estetik meyarlara sahib olan düşüncəsi geniş mütəxəssislərin sayı azdır.
- Hüseynağa Atakişiyev 1980-ci ildə Şəki Teatrında Brextin “Arturo Uinin kariyerası” əsərini səhnəyə qoyub. Siz də həmin tamaşada iştirak etmisiniz. Sizcə, əyalət teatrında belə mürəkkəb səhnə əsərinin hazırlanması hansı tamaşaçı üçün nəzərdə tutulmuşdu?
- Sualınızın bir qədər yanlış olunduğunu düşünürəm. Çünki səhnəyə qoyulan əsərin mətnini və şərhini tamaşaçının səviyyəsinə görə seçirsənsə, bəlli tamaşaçı kütləsini yetərsiz görməyə başlayırsan və onlara haqsızlıq etmiş olursan. Teatrın hədəflərindən biri də, millətinin, xalqının üfüqünü genişləndirməsi, düşüncə tərzini dərinləşdirilməsi üçün başqa xalqların da mədəni irslərini, fəlsəfi, əxlaqi və estetik meyarlarını, fərqli düşüncə və məntiq kriteriyalarını incələyərək, anlaşılacaq səhnə dili ilə bədii şəkildə tamaşaçı kütləsinə təqdim etməkdir. Tamaşaları xalqımızın hər bir təbəqəsinin qavrayacağı şəkildə səhnəyə hazırlamaq bizim vacib vəzifəmizdir. Əminəm ki, Şəki Teatrının ozamankı sənət siyasəti bu vəzifənin öhdəsindən gəlmişdi. Kim nə deyirsə desin, mənə görə, hər bir teatr öz rejissorunun mental təfəkkürünün və istedadının məhsuludur. Hüseynağanın və Şəki Teatrının kollektivinin sənət anlayışı və yaradıcı cəsarəti o zaman çoxlarının teatr anlayışından irəli getmişdi. Amma nədənsə bunu görmək, təqdir etmək bəzilərinə ağır gəlirdi. Hələ də bu günə qədər Azərbaycan səhnələrində görmədiyimiz Marlo, Şandor Petöfi, E.Radzinskini və s. kimi yazıçıların əsərlərini səhnələşdirərək, festivallarda birincilik qazanaraq öz yaradıcı-estetik səviyyəmizi Şəki tamaşaçısı ilə birlikdə və yanaşı yüksəldirdik.
- Mehdi Məmmədov sizin tamaşalarınıza gəlirdi?
- Əlbəttə gəlirdi. O, bizim müəllimimiz idi, biz onun sənətdəki övladlarıydıq. Tez-tez gəlməsə də teatrımızın vəziyyəti ilə daima maraqlanırdı. Mehdi müəllim birinci kursdan bizə dərs demişdi. Xatırlayıram, o, ilk dərsimizə gəldi, bir xeyli danışdı. Onun ifadə tərzi çox ağır və qəliz idi. Biz də cavan uşaqlar idik. Səlis, ağır, dərin mənalı cümlələrini beynimiz həzm etməkdə çətinlik çəkirdi. Üstümüzə çökən ağırlıqdan sanki yuxulayırdıq. Assistenti Ədalət Ziyadxanova dönüb dedi: “Bunlar məni başa düşürlərmi görəsən?” Anlamışdı ki, bizim onunla görüşümüz hələ erkəndir. O dərsdən sonra Mehdi Məmmədov bir də bir aydan sonra gəldi. Üç aydan sonra isə Mehdi müəllim beş saat da danışsaydı, biz ona diqqətlə qulaq asırdıq. Çox mürəkkəb problemləri elə incəliklərlə bizə başa salırdı ki. Bunu sonralar mən heç kimdə görmədim.
- Siz Türkiyədə də çox işlər gördünüz...
- Müəyyən işlər görürəm. Fərqli düşünən bir aktyor nəsli yetişdirmişəm deyə bilərəm və yetişdirməyə davam edirəm. Dərs dediyim kafedrada yetişdirdiyim tələbələr də artıq dərs deyir. Bizim məzunlardan Adana Bələdiyyə Teatrında bir kollektiv qurulmasına və fəaliyyətə başlamasına nail olmuşam. Gözəl tamaşalar hazırlanır. Uzun zamandır ki, rejissor fakültəsi açmağa çalışıram. Mövcud bürokratik qanunlarla qarşılaşsam da israrlıyam. Atalar yaxşı deyib, can çıxmayınca ümid kəsilməz.
- Orada yetişdirdiyiniz nəsil bizdə də ola bilərdi.
- Bu barədə buradakılar fikirləşməliydilər və fikirləşməlidirlər. Hər bir xalq sahib olduğu milli zənginliyin dəyərini bilməlidir. Dünya dövlətləri ilə müqayisədə təbii zənginliyimiz az olmasa da, insan qaynağımız çox deyil. Bu səbəbdən qənaətlə davranmalı, ziyalı insanlarımızın qədrini bilməliyik. Sağlam məntiq bizdən bunu tələb edir.
- Bakıya gələndə sizi nələr narahat edir?
- Hər dəfə Türkiyədən Bakıya gələndə nələrinsə əskik olduğunu görürəm. Sanki bir il əvvəl qoyub getdiyim mühit deyil. Elə bil, etinasızlaşma, professionallıqdan uzaqlaşma var. Sanki günəşin qürubunu izləyirəm, çöküş görürəm. Mən Türkiyədə teatr məktəbimi Azərbaycan teatrının klassik qayda-qanunları, ənənələri əsasında, Moskvada, Sankt-Peterburqda gördüyüm nizam-intizam əsasında qururam. Arzu olunsaydı, təbii ki, mən onu burada da edə bilərdim.
O vaxt Nəsibə xanım xəstəxanada olduğu üçün Bakıya gəlmişdim, İncəsənət Universitetinin keçmiş rektoru Aslan Aslanov da orada müalicədəydi. Məni görüb dedi, sənin Türkiyədə nə işin var? Gəl, sənə kurs verim, burada qal, dərs de. Mən də cavabında dedim ki, Aslan müəllim, gəlim, amma bircə şərtim var, tələbələri imtahanla seçmək istəyirəm. Dedi, yox, mümkün deyil. Mən də cavab verdim ki, o zaman mənim də gəlməyim mümkün deyil. Çünki sadəcə və sadəcə istedadına görə seçəcəyim tələbə aktyorların üstündə mənim adım olacaq. Mən peşə qürurumu təhlükəyə ata bilməzdim. 25 ildir Türkiyədə sənət imtahanlarında tələbələri sənət vicdanıma görə özüm seçirəm. Müəllimlərimiz Mehdi Məmmədovdan, Adil İsgəndərovdan, Rza Təhmasibdən, anam Nəsibə xanımdan belə tərbiyə almışam. Babam Cahangir Zeynalov Azərbaycan professional teatrını qurarkən xeyir güdməyib, xeyir verib. Nəinki mənə, heç kimə belə bir şans vermirlər. Səbəblərini də hamı bilir, amma susur. Hər dəfə gələndə Azərbaycan teatrının nədən zəiflədiyi haqqında suallar verirlər. Mənə bilmədikləri şeylər haqqında suallar versinlər.
- Cahangir müəllim, Türkiyədə fərqli olduğunuz üçün sizə hörmətlə yanaşırlar ya hamıya qarşı münasibət bu cürdür?
- Fərqli deyərkən, yəqin özəl bir statusumun olduğunu zənn edirsiniz. Xeyir, elə bir şey yoxdur. Bilirsiniz, orada içində yaşadığım ictimai mühit ayna kimidir. Necə varsan, ayna da səni o cür əks etdirir. Orada insana istedadına, bacarığına görə dəyər verirlər. Bacarığın nə qədər üstündürsə, bir o qədər dəyərli və hörmət sahibisən. Mənim orada nə adamım, nə tapşıranım var. Sadəcə ailəmdən aldığım tərbiyəyə görə işimi vicdanla, sevərək, fədakarlıqla icra edirəm. Heç xəbərim olmadan haqqımda kitab da yazıblar, sənədli film də çəkiblər.
- Hazırda Türkiyədəki fəaliyyətinizi nəzərə alsaq, indiki yaş dövrünə görə yaradıcılığınızın hansı dövründəsiniz?
- Mən hal-hazırda Çuxurova Universiteti Dövlət Konservatoriyasının teatr aktyorluğu kafedrasında pedaqoji fəaliyyətlə məşğulam. Bura mənim əsas iş yerimdir. Müəlliməm. Amma dörd il bundan əvvəl Adana Böyük şəhər Bələdiyyə Teatrının yenidən qurulmasında da əməyim olub. Oranın mənəvi bədii rəhbəri hazırda mənəm. Mənimlə məsləhətləşmədən iş görmürlər. Dostum professor İsrafil İsrafilov bu teatrın quruculuq zamanlarının şahid olub. Bir gün o, teatrdakı disiplini görəndə çox təəccüblə soruşdu: “Ay Cahangir, sən bu teatrın xəmirini necə yoğurmusan ki, aktyor da, fəhlə də bir-biri ilə bir ailə kimi dolanır”. O teatrda hardasa 95 faiz bizim məzunlarımız çalışır. Və elə aktyorlarımız var ki, hazırda televiziya seriallarında ən tələb olunan aktyorlardırlar.
- Əgər orada teatr zəifdirsə, bəs onda seriallarda, filmlərdəki aktyor ifasının gücü hardandır?
- Məsələ burasındadır ki, burada millət istedadlıdır. Məsələn, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Ülvi Rəcəb və başqaları məktəb görməyib. Onlar öz üzərində çalışan fitri istedadlar idilər. Bu insanlar da istedadlıdırlar. Aktyor sənəti təhsilinin, proqramın bizimlə müqayisədə zəif olmasına rəğmən, inkişaf etmələrinin səbəbi, birincisi, yalnız istedadı olanların qəbulu, ikincisi, qəbul olunan tələbələrin öyrənmək həvəslərinin yüksək olması və öz dillərini gözəl bilməsidir. Yəni diploma deyil, sənətə can atırlar.
Mənim altı nəvəm var. Üçü Moskvada yaşayır, üçü Bakıda. Moskvada yaşayan on iki yaşlı nəvəmlə rahat şəkildə ədəbiyyat söhbətləri edə bilirəm. Amma burada təhsil alan nəvələrimlə bu cür söhbətlər edə bilmirəm. Nədən? Təfəkkür inkişafının əsası məktəbdə qoyulur. Əgər bu gün bizim təhsilimizdə belə bir əskiklik varsa, müəllimlər klassik və müasir ədəbiyyatımızın analizini bizim təhsil aldığımız illərdəki kimi yaxşı öyrədə bilmirsə, gələcək nəsillərdən nə gözləməliyik?


- Yəni ümid yoxdur?
- Bilmirəm, mənə məchul görünür. Sizin övladınız var?
- Var, amma mən bu ölkədə yaşayıram və işin içərisindəyəm. Siz kənardan görürsünüz hər şeyi. Mən cavabı sizdən almaq istəyirəm.
- Məndən niyə cavab gözləyirsiniz? Mən burada yaşamıram, kənarda yaşayıram. Mən kənardan görsəm də, siz burada yaşayan biri kimi məndən daha yaxın və daha aydın görürsünüz. Özünüz də bilirsiniz ki, bu gün müəllimdən tələb etsəniz də, etməsəniz də, müəllim dərsi bildiyi kimi öyrədəcək. Əsas problem budur. Bunun səbəbi də özümüzük. Övladlarımızı tanışlıq və ya tapşırıqla böyütməməliyik. Övladlarımıza kimsənin haqqını yeməməyi, öz haqqı ilə yaşamağı öyrətməliyik.
- Müsahibələrinizin birində “səhnə ən məsum yalandır” - demisiniz...
- Bəli demişəm, tələbələrimə də deyirəm.
- Axı səhnədə yaşananlar, danışılanlar, ifadə olunanlar hamısı həyatdan götürülür...
- Doğrudur, həyatdan götürülüb, amma həyatın özü deyil. Hətta həyatda olmayan bir şeyi də yaza bilərlər. Fantastik hadisələr, tarixdə heç olmayan şəxsiyyətlər haqqında və s. Səhnədə göstərilən hər şey gerçək deyil, gerçək kimidir, sənətin yaratdığı bir məsumiyyətdir. Bu, bir sənətdir, yaradıcı xəyalımızın gerçəyə bənzər məhsuludur. Sənət həqiqətləri idrak etməmiz üçün yaratdığımız müqəddəs xəyal məhsuludur.
Mən Cahangirəm. Sən səhnədə mənim Cahangir olduğumu görüb, bilirsən. Cahangir kimi oynamağa davam etsəm, məni bəyənməzsən, elə deyilmi? Ona görə də məsələyə bir az da başqa tərəfdən bax. Mən sənə bu işin başqa tərəfini, texniki tərəfini danışıram. Gör səhnədəki aktyor və hadisələr səni nə dərəcədə həyəcanlandırır ki, sən onu yalan kimi görmək istəmirsən. Bu, sənin gördüyün teatrların uğurudur. O “yalanı” sənə inandırıcı şəkildə izah etmə, sənə yaşatmasa, sən gülməsən, ağlamasan deməli, aktyor zəifdir. Yox, əksidirsə, o zaman aktyorun məktəbi də, teatrı da güclüdür.
 Heç sevmisən?
- Əlbəttə.
- O hissin nə olduğunu mənə başa sala bilərsən?
- Sözlə başa salmaq çətindir.
- Ay sağ ol. Nə desəm, deyəcəksən, yox, bunu sözlə ifadə etmək olmur. Bax, aktyor üçün səhnəyə çıxmaq da budur. Sevgi... Balıq sudan kənarda yaşaya bilməz. O, su üçün yaranıb. Biz də səhnə üçün yaranmışıq. Amma indi akvalanq geyinib dənizə girənlər də var, amma dəniz üçün, su üçün doğulanlar tamam başqadır. Elə yazıçılar var ki, onların dənizinə akvalanqla girə bilməzsən. Məsələn, bir çox şeyə öz yorumunla yaxınlaşarsan, əlavələr edə bilərsən, amma Çexovu hazırlamaq teatr sənətinin zirvəsidir. Çexovda olan duyğuları bizdə bir çox insanlar içində yaşada bilmirlər. Çexov insan ruhunun, düşüncəsinin, təfəkkürünün zirvəsinə çatmış müəllifdir. Onu tam anlamadan hazırlaya bilməzsən. Hətta Rusiyanın özündə böyük-böyük teatr adamları hələ indiyə qədər “Qağayı” tamaşasını tragediya, ən yaxşı halda isə dram kimi səhnələşdirirlər. Amma Çexova görə o əsərin janrı komediyadır. Onun əsərlərində oynamaq şərəfdir. Azərbaycanda isə hələ də Çexovun əsərləri səhnəyə qoyulmayıb. Çexov yaradıcılığını anlamamız, onun dram əsərlərini doğru çözməmiz üçün bizə ip ucu verib. Onun bir sözü var: “Əyər həyat səni güldürməyibsə, demək sən zarafatı anlamamısan”. Bu sözlərin dərinliyini başa düşən, “Qağayı” əsərini komediya janrında necə hazırlayacağını da biləcək.
Teatr siyasi vəziyyətlə üzvi sürətdə bağlıdır. Hər şey psixo-sosial mühitdən, maddi və siyasi vəziyyətdən qaynaqlanır. Teatr həyatın özüdür. Sən bilirsən həyat nədir?
- Bilirəm, əlbəttə.
- Elə isə bir neçə cümləylə tərifini de.
- Bu haqda fikirləşməyə vaxt olmayıb.
- Bunları da yazarsan.
- Yox, özümü kölgədə qoymaq istəmərəm axı.
- Doğru demirsən, yaşadığın həyatın nədən ibarət olduğunu bilmirsən. Mən sizə deyim ki, Azərbaycanda mənim bu sualıma insanların 99 faizi cavab verə bilməz. İnsanlar yaşadıqları həyatın nədən ibarət olduğunu bilmirlər.


- Biz elə daim yaşayırıq, yaşayırıq, həyat haqqında isə düşünməyə vaxt olmur...
- Sən istəsən də, istəməsən də həyatda daima fəlsəfi mühitin və şərtlərin içərisindəsən. O fəlsəfi şərtləri sənin üçün qururlar. Bəlli bir fəlsəfi şərait və şərtlər içərisində sənin yaşamını qururlar. Bir millət azadlığını, təfəkkürünü, rahatlığını tapmaq üçün öz milli fəlsəfəsini bilməli, icad etməlidir. O qanunlarla, prinsiplərlə yaşamalıdırlar. İnsanlarımızın çoxu prinsipsiz yaşayır.
Mən bir teatr adamıyam və həyatı səhnədə əks etdirirəm. Bunun fəlsəfəsini bilməsəm, heç nə alınmaz, işimin öhdəsindən gələ bilmərəm. Biz həyatı bu cür fikirləşdiyimiz üçün Şəki Teatrı fenomeni var idi. Bizim Hüseynağa ilə səhərə qədər bu cür söhbətlərimiz olub. Təkcə Şəkidə yox. Biz onunla eyni kursun tələbələri idik. Hüseynağa başqa oğul idi.
Andre Moruanın gözəl bir sözü var: “Həyatınız boyu elə insanlarla qarşılaşacaqsınız ki, məndən niyə xoşu gəlmədi, mən ki ona bir şey etməmişəm, deyə, özünüzə sual verəcəksiniz. Amma yanılırsınız. Ona ən ciddi həqarəti siz etmisiniz. Çünki siz yaşayış tərzinizlə onun xilqətinin inkarısınız”. Hüseynağanın bəlası bu idi. Eləcə də bir çox istedadlı adamların. Bilirsiniz, bədxah insanlar iş başında olanda, istedadlı insanları həzm edə bilmirlər. Ona görə də kin qusurlar.
Mənim Türkiyəyə getməyim bir çox narahat adamları sevindirdi. Hüseynağanın da mövcud olması bir çox insanları narahat edirdi. Təbii ki, başqa səbəblər də vardı. Biz bunları bilirdik. Hüseynağanın gəncliyində yaşadığı bir yarası vardı. Ona görə içirdi. Yaxın dostları bunu bilirdi.
- Dediniz, sizin gedişiniz bir çox adamları sevindirdi. Niyə sevinirdilər? Bəlkə, sizin kölgənizdə qalmaq onları narahat edirdi?
- Sevindiklərini bilirdim, amma kölgə məsələsi deyildi. Bilirsiniz, bəzi insanlar həyatı at yarışına çevirir, çünki özləri də at kimi yaşayırlar. Amma anlamırlar ki, tanrı hamımızı insan yaradıb.
- “Qu quşu” tamaşasında bir aktyorun tənhalığını qabartmısınız. Nəhəng aktyorların da nəhəng tənhalıqları olur...
- Mən o tamaşada zəmanəsi tərəfindən anlaşılmayan, ikiüzlülüklə qarşı-qarşıya qalan bir aktyorun dramını göstərmişəm. Bizdə hər zaman rejissor problemi var, aktyoru kəşf etmə problemi var. Nəsibə xanımın özünü belə tam kəşf eləmədilər ki... Sənətdə o qədər bayağı və standart düşünən insanlar var ki, onlar bir aktyorda başqa çalar görmək istəmirlər. Sanki xörək bişirmək üsulu ilə tamaşa hazırlayırlar. Aşpazlar başa düşməlidirlər ki, ətdən sadəcə bozbaş bişirilmir. “Baharın on yeddi anı” filmində Leonid Kuravlyov kimi komik bir aktyor nasist xarakterini necə gözəl ifa etdi? Bu rolu aktyora verən, onu orada görən, kəşf edən bir rejissor olmalıdır.
- Ananız Nəsibə xanımla sənət müstəvisində kəsişdiyiniz məqamlar olub?
- Nəsibə xanımla tamaşa hazırlamışıq. Gecikdiyinə görə, onu məşqə buraxmadım. Bu gün də həmin vəziyyət baş versəydi, buraxmazdım.


- İncimişdi sizdən?
- Evə gələndə mənə dedi, sən bu cəsarəti haradan aldın ki, məni məşqə buraxmadın? Mən də cavab verdim ki, bunu mənə sən öyrətmisən! Demisən, məşqə, tamaşaya gecikmək olmaz. Nəsibə xanım sənət müstəvisində özünə qarşı belə çox sərt, acımasız davranırdı. Mən ondan heç vaxt “yorulmuşam, gedim yatım” sözlərini eşitmədim. Evini yığışdırar, paltarını yuyardı. Xörəyini bişirəndən sonra gecə saat on ikidə mətbəxdə oturub rolunu əzbərləyərdi. Gecə saat üçə, dördə qədər yatmırdı, işləyirdi. Səhər saat onda işə gedirdi. Gecə demək olar, üç, dörd saat yuxu yatırdı. Mən beş yaşımdan sonra çox zaman gecə saat on bir, on ikiyə qədər evdə tək qalmışam. Anam, atam tamaşadan, konsertdən evə gələnə qədər gecə saat on bir olurdu. Tək böyümüşəm. Bir şeydən qorxduğumu da xatırlamıram. O təklik mənə çox şeylər öyrədib. Düşünməyi, xəyal etməyi, öz üzərimdə işləməyi öyrənmişəm. Mən indi də saatlarla, günlərlə, aylarla tək qalsam, darıxmaram. Mən indi də Allahdan başqa heç kimdən qorxmuram. Ölümdən belə qorxmuram. Çünki əvvəl-axır Əzrayıl bir gün gələcək.
- Yəqin, zaman-zaman müəllimlərinizdən, dostlarınızdan, ümumiyyətlə, Azərbaycandan ötrü darıxırsınız.
- Əlbəttə, olur. Elə məsələlər vardı, mən getməliydim. İndi oradan buraya qayıtsam, orada da mənə deyəcəklər ki, bizi niyə qoyub getdiniz, hocam. İnsanların düşüncə tərzini dəyişməyə iddialı olan adam bunu yaxşılığa doğru etməlidir. Bayaq Andre Moruanın sözlərini Hüseynağaya aid etdim. Mənim gedişimə dair də həmin fikri səsləndirmək olar.


Tarix: 01 avqust 2023
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş