Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar (Q.Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən sabah da həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişilmiş sxem üzrə hərəkət edəcəklər.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 27 martda gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə BNA tərəfindən bütün zəruri addımlar atılmaqdadır.
Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edilir.
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir. \\Qafqazinfo