Xəbər lenti
Reklam
Ana dilimiz kimi "ana" kəlməsi də bizlərə əmanətdir - Övladın qoy "Ana" desin!

Ölkəmizin durumu, baş verən proseslər ilk növbədə vətəndaş olaraq gündəmimizdədir. Qarabağa qayıdış proqramları, Azərbaycanın Türkiyə, Rusiya, İran, Ermənistan və digər ölkələrlə münasibətlərinə aid mövzuları qaçırmamaq cəhdimiz, gedişatı diqqətlə izləmək, zamanla həll olunacaq məsələləri gözdən keçirtmək məşğuliyyətimizin əsas hissəsidir. Bütün bunlar xalq-dövlət-hakimiyyət üçlüyünün və qonşu dövlətlərin bizə sunduğu siyasi şərtlərdən asılıdır. Bəzi məsələlər də var ki, həlli elə öz əlimizdədir; ana dili və “ana” sözü kimi…
Ana dili xalqın özünüifadəsi, mədəniyyəti, tarixi, dövlətin əsas sütunlarından ən başlıca olanıdır. Eyni zamanda, ana dili əsas dil anlamında olmaqla yanaşı, anamızın danışdığı dildir. Dövlətin təməlinin dayağıdır ana dili. Siyasət dili ilə yanaşmasaq belə ana dilinin ruhsal-zehinsəl önəmi bir insanın kök inancını, dəyərini möhkəmləndirən çox vacib amillərdəndir.

Ana dilini gözardına alanlar, övladlarının rus dili ilə daha yüksək məqama çatacağına inananlar isə ölkəmizdə nə çox…
Bəs ana dili dediyimiz dilin “ana” kəlməsi ilə bağlantısı nədir?
Anaları vəsf edən sonsuz bədii ədəbiyyat nümunələrimiz var. Əziz analar, sizcə, bunlar boşunamı yaranıb?! Nədən, hansı səbəbdən azərbaycanlı uşaqların çox böyük qismi, təxminən 70-80 faizi analarına “mama” deyə müraciət edirlər?!
Bir neçə əsr öncə Çar Rusiyasının Azərbaycanı zəbti yerli xalqı bir çox anlamda “dar çərçivə” moduna salmış, özdəyər keyfiyyətini zədələmişdir. İdarəedici orqanlara məhz rus dilini bilənlərin işə götürülməsi, sənədləşmənin bu dildə aparılması, yerli əhali ilə anlamadıqlarını bilərək belə insanlarla bu dildə danışıb və “anlaqsız”mış kimi aşağılayıcı davranışlar, başqa mühüm nələrsə xalqı rusdillilərdən asılı vəziyyətə salmış, hegemon dilin hökmünə boyun əymək məcburiyyətində buraxmışdır.
Zamanla şüurlarda rus dili əsasdır fikri formalaşdırılmış, zehinlərə möhürlənmişdir. Dilimizin adı belə bir neçə dəfə deformasiyaya uğradılmışdır. Bu dilin – rus dilinin idarəedici olduğuna inandırılmış, o zamandan insanların beyninə toxumlar səpilmişdir.
XlX-XX əsrin bizə mirası olan “rusdilli elitası” bu günə qədər öz “cazibəsini” qoruyub-saxlamaqdadır. Rus dilində təmiz danışan, rus mühitinə öyrəncəli olan ailələrdə ana və ataya müraciətin o dildə olması hardasa anlaşılandır.
Bəs danışmayanlar niyə ana və ata sözünü qəbullanmır, övladları dil açarkən “mama”, “papa” öyrədilirdi və hazırda da öyrədilməkdə davam edir.
Məsələyə bir neçə rakursdan baxmaq olar. Ailənin kiçik dövlət olduğunu nəzərə alsaq, bu “dövlət”in mənəvi dəyərlərini zədələmək üçün ən təhlükəli metod hesab etmək olar. Ata və ana uşaqlar üçün sevgi, güvən, inam, hətta müqəddəs olurlar. Təbii, müəyyən yaşdan sonra, təcrübələr yaşandıqca münasibət dəyişə bilər. Bu, tam fərqli mövzudur.
Ən əsas olan genetik kodumuzun anlamadığı dildə bu dəyərli varlıqların tanıtımı uşaqların zehnlərində, eləcə də ailə bağında müəyyən qopuqluq yaratdığı şübhəsizdir. Nənələrimizin, analarımızın bizlər üçün oxuduqları laylaların mənəvi anlamını izah etmək məncə artıq olar. Mənəvi yükü böyük olan hər bir nəsnənin fiziksəl bədənimizə də təzahürü şəksizdir.
Hər halda əsrlərlə ana-övlad bağının saf, kövrək tərənnümü olan laylanın “mama laylası” kimi ifadəsi belə sanki bədənə yad cisim yerləşdirilirmiş kimi qəbuledilməzdir. Təbii, insanlar layla oxumadan da uşaq böyüdə bilərlər. Bəlkə bunu zövqsüzlük, bəlkə gərəksiz hesab edirlər. Sadəcə bəsit bir misaldır. Dediyimiz kimi, bu, bir mənəviyyat məsələsi, həm də mənəvi görəvdir.
Çox illər öncə, uşaqlıq dönəmində ətrafımızda olan uşaqların demək olar hamısı valideynlərinə “mama”, “papa” deyə müraciət edirdilər. Bizlər ana, ata… Təəccüb edirdim, hətta sıxılırdım bəzən. Çünki uşaqların yanında müraciət etdikdə sanki başqa planetdən gəlmişəmmiş kimi baxılırdım. İllər keçdikcə, anladıqca qürur duydum. Təbii, ata-anadan gəlmə idi. Və bu gün müşahidələrimə görə uşaqlar “ata” kəlməsini daha çox və sevərək işlədir. “Ana” isə nə yazıq ki, hələ də “mama” ilə əvəzlənib. Deməli, sorun biz analardadır. Bu, eyni zamanda, milli şüur, təfəkkür məsələsidir.
Əziz analar, “ana” kəlməsini dışlamayaq, yad bilməyək. Əsl müasirlik, zövqlülük, əsilzadəlik milli kimliyinə, dilinə, “ana” kəlməsinə sahib çıxaraq da olur. Özdəyər özünə sevgidən, inamdan yaranır. Və biz fərd olmaqla yanaşı cəmiyyət üçün bir bütünük. O baxımdan bəzi məsələlər var ki, məhz anaların yanaşmasından, onların böyütdüyü övladların cəmiyyətə faydalı yansımasından asılıdır.
Ana Vətən, ana dili kimi “ana” kəlməsi də bizlərə əmanətdir. Qorumaq analıq görəvi, vətəndaşlıq borcumuzdur. Çalışın, sevərək, sevilərək övladınız “Ana” desin!

Nigar Sultanlı,
kulturoloq,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
KONKRET.az
Tarix: 18 fevral 2023
Baxış: 245

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş