Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Mədəniyyət Nazirliyinin Qarabağla bağlı çəkdirdiyi film yarımçıq qaldı - Zəfər Günü nümayiş olunacaqdı...

Azərbaycanın Mədəniyyət Nazirliyi 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan olunan tenderi udmuş Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti ilə əməkdaşlığı yarımçıq qalıb.

Gender.Az-ın məlumatına görə, sözügedən filmin ilk seriyasının təqdimatı bu il noyabrın 8-də nəzərdə tutulsa da, ancaq Türkiyə şirkəti çəkilişləri yarımçıq dayandıraraq, filmdən imtina edib.
Ancaq Azərbaycanın Mədəniyyət Nazirliyi bir müddət öncə elan vermişdi ki, filmin ilk seriyaları noyabrın 8-dək təhvil veriləcək.

Filmin çəkilişi üçün dövlət büdcəsindən ayrılmış 3 milyon manat vəsaitin 900 min manatı Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən ilkin olaraq həmin şirkətə köçürülmüşdü. Rejissoru da Türkiyədən olan çəkiliş qrupu filmdən imtina edərək, ölkələrinə qayıdıblar. Səbəb kimi Azərbaycanın Mədəniyyət Nazirliyinin onlara nəzərdə tutulmuş tam ödənişləri gecikdirməsi deyilir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov Demokrat.az-a açıqlamasında Qarabağla bağlı filmin öncədən elan edilmiş vaxtda təhvil verilə bilməməsi və Türkiyədən olan şirkətin çəkilişləri yarımçıq qoyaraq Azərbaycandan getməsini təsdiqləyib:

“Bəli, bu barədə mən də qeyri-rəsmi mənbələrdən eşitmişəm. Yaradıcılıq heyəti bildirib ki, çəkilişlər gecikir və 2023-cü ilin mart ayından yenidən çəkilişlərə başlayacaqlar. Mən də eşitmişəm ki, dondurulub, yəni mənbə rəsmi deyil. Dəqiq hansı səbəbdən bunu baş verdiyini isə mən bilmirəm”.

Gənc rejissor Pərviz Həsənov da Demokrat.az-a açıqlamasında filmin çəkilişlərinin dayandığını bildirib:

“Bu işlə Mədəniyyət Nazirliyi məşğul olur. Bu məsələni ən dəqiq bilən də Mədəniyyət Nazirliyidir. Amma bilirik ki, həmin filmin çəkilişləri dayandırılıb. Bununla bağlı internet portallarında da məlumat var, özünüz də görə bilərsiniz. Amma niyə, nə üçün, nə səbəbə dayandırıldığını bilmirik. Onu ən dəqiq bilən Mədəniyyət Nazirliyidir. Bu suala Mədəniyyət Nazirliyi cavab versə, yaxşı olardı”.

Məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova isə filmin deyilən vaxtda təhvil verilməməsini etiraf etsə də, ancaq bildirib ki, Mədəniyyət Nazirliyi tezliklə işin sona yetirilməsini yox, daha keyfiyyətli olmasına üstünlük verir:

“Mədəniyyət Nazirliyi tez bir zamanda işin sona yetirilməsini yox, daha keyfiyyətli olmasına üstünlük verir. Çünki bu film bizim üçün çox önəmlidir və Qarabağla bağlı olduğu üçün mühüm əhəmiyyət kəsb edir. Yəni, Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti çəkilişin 8 noyabrda təhvil verilməsinin proqnozunu verə bilər, amma burada müəyyən səbəblər də mövcuddur. Bir daha qeyd edim ki, nazirlik üçün önəmli olan daha keyfiyyətli işin ərsəyə gəlməsidir. O ki qaldı, şirkətə Nazirlik tərəfindən ödənişin ödənilməməsi ilə bağlı məsələyə Türkiyənin sözügedən şirkəti təxminən bir həftə əvvəl Mədəniyyət Nazirliyi ilə birgə brifinq etdi, həmin filmin operatorları, prodüserləri də orada iştirak etdilər və mediaya açıqlama verdilər. Əgər pul verilməsəydi, onlar bu brinfinqdə iştirak etməzdilər.

N.Allahyarova filmdə türk rejissorların iştirakı məsələsinə də toxunub:

“Qeyd edim ki, dünya təcrübəsində də xarici ölkələrlə müştərək əməkdaşlıq nəticəsində filmlər ərsəyə gəlir. Türkiyə ilə bu sahədə əməkdaşlıq da bizim əməkdaşlıq çərçivəsində gördüyümüz işlərin bir hissəsidir. Azərbaycanda azərbaycanlı rejissorlarla istehsal olunan filmlər kifayət qədərdir. Filmdə aktyorlar 99% azərbaycanlılardan ibarətdir, həmçinin yaradıcı heyətin tərkibində azərbaycanlı ssenarist və rejissorlar da yer alır. Türkiyənin tarixi serial istehsalında çox önəmli şirkət hesab olunan “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti kifayət qədər mütərəqqi texniki bazaya malikdir və dünyanın əksər ölkələrində yayımlanan tarixi serialların istehsalında mühüm şirkətlərdən biri olduğu üçün müştərək əməkdaşlığa, Qarabağla bağlı filmə məhz həmin şirkəti cəlb etmişik”.

Şöbə müdiri filmin ilk seriyasının nümayiş olunacağı tarixi açıqlamayıb:

“Filmin istehsal tarixini dəqiq deyə bilməyəcəm, çünki burada nəzərə alınmalı müəyyən nüanslar var. Filmin çəkilişi üçün hava şəraiti önəmlidir. Həmçinin, filmdə geyimlərin incəliklərinin, ümumi məsələlərdə ən xırda detalların nəzərə alınması çox önəmlidir. Obyektiv səbəblərdən konkret tarix deməyək. Çəkiliş Azərbaycanın həm işğaldan azad olunan ərazilərində, həm də digər regionlarda gerçəkləşəcək”.

Filmin nə üçün Azərbaycandan olan təcrübəli rejissorlara həvalə olunmaması barədə suala isə Nuridə Allahyarovanın reaksiyası belə olub:

“Müştərək əməkdaşlığın nəticəsində filmlərə xarici ölkələrdən yaradıcı və texniki heyətin cəlb olunmasında qeyri adi heçnə yoxdur. Müştərək filmin çəkilməsi təbii haldır və ən əsası da Qarabağla bağlı çəkilən filmdə Türkiyəli yaradıcı heyətin iştirakı, zənnimcə bu qədər suallarla müşayiət olunmamalıdır”.

Nazirlik rəsmisi son üç ildə Mədəniyyət Nazirliyinin bu sahəyə xərclədiyi vəsaitlərin rentabelli olub-olmaması məsələsinə də aydın gətirib:

“Ümumiyyətlə, filmlər istehsal olunduqdan sonra müəyyən obyektiv səbəblər nəzərə alınır. Sorğunuzla əlaqədar olaraq qeyd edim ki, film istehsalının rentabelliyi ilə bağlı proqnozlar müəyyən qlobal səbəblərdən dəyişə bilər və məhz həmin dövrlərdə bütün dünyanı bürüyən pandemiya dalğası və eyni zamanda Azərbaycanın 30 illik həsrətinə son qoyan 44 günlük savaşda, əks hücum əməliyyatlarında iştirakımız filmlərin yayımının müəyyən dövrlük ertələnməsinə səbəb oldu. Məlum olduğu kimi, Hesablama Palatasının açıqlamalarında qeyd olunan dövr üçün istehsal olunan 18 filmin təkcə sosial şəbəkələrdə baxış sayı 3,039,012 say təşkil edib. Bu isə filmlərin kifayət qədər baxış sayının çox olması deməkdir. Təbii ki, istehsal olunan filmlərin rentabelliyi məsələsi və film istehsalının gəlir gətirməsi məsələləri təkcə yuxarıda sadalanan səbəblərdən yox, həm də qanunvericilikdəki müəyyən boşluqlardan irəli gəlir.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti tərəfindən “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 seriyalı bədii film istehsalına başlanılmışdı. Filmin çəkilişi üçün dövlət tərəfindən 3 milyon manat vəsait ayrılmışdı. Filmin ilk seriyasının bu il noyabrın 8-i Zəfər Günündə geniş tamaşaçıya nümayiş olunması nəzərdə tutulmuşdu. 

Tarix: 28 oktyabr 2022
Baxış: 1 237

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş