Bir həftə əvvəl zəng vurub, israrla onlara getməyimi xahiş etdi. Zırramanın biri olduğu üçün onunla ünsiyyətə bir o qədər də həvəs göstərmirəm. Çəkilişdə olduğumu deyib, görüşdən yayınmağa çalışsam da, xeyri olmadı: "Eybi yox, sabah gələrsən. Bu il Nihad birinci sinfə gedir. Onun qeydiyyata düşməyinə kömək elə". 

Nihad tək oğlan olduğu üçün hamı onu çox istəyir. Üç bacının yeganə qardaşı olan bu balaca oğlan qohum-əqrabanın sevimlisidir. Nihadın xatirinə atasına "yox" deyə bilmədim...

Ertəsi gün biz onların geniş, işıqlı mənzilində görüşdük. Məni ədəb-ərkanla qarşılayıb, başda oturtdu. Ağzımı açmağa macal tapmamış mətbəxtdə nahar üçün hazırlıq görən xanımına səsləndi: "Aaz, bizə iki çay gətir".

Uzaq qohumum olan xanımı dodağının altında nəsə desə də, mən onun səsini eşidə bilmədim...

Hal-əhval tutub, uşaqları xəbər alandan sonra mətləbə keçdi: "Bu il Nihad birinci sinfə gedəcək. Məktəbdə oxuması üçün elektron ərizə ilə müraciət etmək lazımdır. Mənim belə işlərdən başım çıxmır..." Dedim ki, narahat olma, kömək edərəm.

Bir andaca çöhrəsinə təbəssüm qondu, sifəti işıqlandı. Minnətdarlıq əlaməti olaraq başını sinəsinə doğru əyib, təşəkkür etdi. Amma nə fikirləşdisə, qəfildən mətbəxtə doğru boylandı: "Ay eşşəyin qızı, sənin çayın harda qaldı?"

Elxanın qanmaz adam olduğunu bildiyim üçün ona baş qoşmadım. Bircə onu dedim ki, uşaqlardan ayıbdır, ağzına gələni danışma...


Biz söhbətimizə qaldığımız yerdən davam etdik. Elxan dedi ki, Nihadı rus bölməsində oxutdurmaq istəyir. Səbəbi ilə maraqlananda belə cavab verdi: "İstəyirəm ki, oxuyub adam olsun, anası kimi eşşək olmasın. Ən böyük arzum odur ki, Nihad Azərbaycana "Nobel" gətirsin".

Onların ailəsini yaxşı tanıdığım üçün narahatlığımı bölüşməyi özümə borc bildim: "Nə sən rusca bir kəlmə bilirsən, nə də arvadın. Sabah Nihadln çətinliyi olanda, kin ona kömək edəcək?"

Çiyinlərini çəkib, fikrə getdi. Bu vaxt masaya çay gəldi. Baxışlarını divardan ayırıb, həyat yoldaşının üzündə gəzdirdi: "Bu nə çaydır? Eşşək boyda arvadsan, amma hələ çay dəmləməyi bilmirsən..."

Onların arasında belə bir dialoq baş tutdu: - Eşşək sənin kor atandır! - Kəs səsini, ifritə! Qalxıb səni təpiyimin altına salaram... - Qələt edərsən. Mən yiyəsiz deyiləm. Qardaşlarım səni keçi kimi mələdərlər... Elxan yerindən qalxmaq istəyəndə qolundan yapışıb, hərəkət etməyinə mane oldum. Amma o, yenə təslim olmur, ayaqlarını yerə döyür, arvadını hədələyir, onun ünvanına nalayiq ifadələr işlədirdi. Səs-küyə uşaqlar gəldilər. Balaca Nihad anasının qıçından yapışıb, tir-tir əsirdi...

Onları sakitləşdirib, kompüterin qarşısına keçdim. Bir az əvvəlki dava-dalaşı unudub, ikisi də heykəl kimi yanımda dayandılar...

Övladlarını rus bölməsində oxutdurmaq istəyən valideynlərin sayı son illər xeyli artıb. Mən bunun əleyhinə olsam da, insanların seçiminə qarışa bilmərəm. Amma bir sual mənə heç cür dinclik vermir, gecə-gündüz düşünsəm də, cavab tapa bilmirəm: gündə yüz dəfə bir-birinə "eşşək" deyən valideynlərin himayəsində böyüyən uşaqlar rus dilində təhsil alanda Mendeleyev olacaqlar?

Seymur VERDİZADƏ

BAKU.WS