Restoranlar Ramazan ayında toy edir? - “Elə olmalıdır ki, gecə klubundakı kimi partlayış baş verməsin”
Müsəlmanların müqəddəs Ramazan ayındayıq. “11 ayın sultanı” adlandırılan Ramazan gecələrinin birində Qurani-Kərimin də nazil olduğu deyilir.
Əsasında insan iradəsi, təmizliyi dayanan bu ayın sonunda bayram qeyd edilir, fitrə zəkatı verilir. Bir sözlə, Ramazan ayı bütövlükdə bayram ayı hesab edilir. Lakin bunlara baxmayaraq, Ramazan ayında ölkəmizdə toy, nişan məclislərinin sayı ya azalır, yaxud heç olmur.
“Neolit” şadlıq sarayının meneceri Amin Soltanov bu ayda toya icazə vermədiklərini bildirib: “Toy üçün hələ müraciət edən yoxdur, olsa da biz Ramazan ayında "Neolit" restoranında toy etmirik”.
“Niaqara” və “Niel” restoranlarından da Ramazanda toy etmədiklərini deyiblər.
“İmperial” şadlıq sarayından ay ərzində toy keçirmək istəyənlərin olduğunu və məkanda toylara icazə verildiyini bildiriblər.
“Gilənar” restoranından da müraciət edən olarsa, toy və nişanın keçirilməsinin mümkün olduğunu qeyd ediblər. Lakin restoranın meneceri ancaq 100 nəfərlik toy və nişan məclislərinə icazə verildiyini vurğulayıb.
İlahiyyatçı Hacı Təyyar Hüseynli Cebhe.info-ya açıqlamasında Ramazanda şənlik etmək qadağasının olmadığını deyib:
“Ramazan ayı bayramla sonlanır, İslam dünyasının ən iki böyük bayramından biri Fitrə, ümumilikdə mənəviyyat bayramıdır. Ailə qurmaq da mənəviyyata aid bir göstərişdir. Quranda “Nur” surəsində 32-ci ayədə evlənmək təşviq olunur. Dinimizdə nəinki bu ay, bütün zamanlarda spirtli içkilər haram, günah hesab edilir, ona görə də Ramazan ayında məclislər iftardan sonra müsəlman sayağı, Ramazan ayına bənzər şəkildə təşkil olunmalıdır ki, ötən həftə gecə klubundakı kimi partlayış baş verməsin. Onu vurğulayım ki, Ramazan ayının 18-dən 19-a keçən gecə müsəlman dünyasının birinci imamının yaralanması və üçüncü qədr gecəsində də onun şəhid olduğu gündür. Yəni Ramazan ayının 18-ci gününədək toyların keçirilməsini təqdirəlayiq hesab edirəm. Amma qədr gecələrində bunu etməsinlər”.\\Pravda.az