“Hakimiyyətdən getməyimin səbəbkarı Rusiya olub, necə ruspərəst ola bilərəm…” – Eks-spikerlə MÜSAHİBƏ
Sualları Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov cavablandırır.
Müsahibəni təqdim edirik.
- Yaqub müəllim, son müsahibənizdə bildirmisiniz ki, Rusiya-Ukrayna müharibəsinin günahkarı ABŞ-dır və bu məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Sizin bu ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hətta bəziləri iddia edir ki, bu fikirlər Yaqub Məmmədova aid deyil…
- Açıqlama vermişəm. Amma bilmədim ki, dediklərimi yazacaqlar. Müsahibə alan jurnalisti tanıyıram. Zəng elədi, dedi ki, bir ağsaqqal kimi necə düşünürsüz, günahkar kimdir? Mən də günahkarın ABŞ olduğunu bildirdim.
- Yəni hesab edirsiniz ki, Rusiya-Ukrayna müharibəsinin günahkarı ABŞ-dır?
- Bəli, elə hesab edirəm. Mənim mövqeyim belədir. ABŞ dünyanı dağıdır, qatıb-qarışdırır. Görmədiniz ki, ABŞ İraq, Əfqanıstan, Yuqoslaviya, Gürcüstanda nələr etdi? İndi də Ukraynanı onların gününə salır. ABŞ-a deyən lazımdır ki, sənin nə işinə qalıb? Ukraynada sabitlik var idi, gözəl ölkədir. Gəldilər, aranı qatdılar, Rusiya ilə Ukraynanın münasibətlərini korladılar və müharibəyə bais oldular. İndi də çəkilib oturublar kənarda. İki qardaş xalqı niyə bir-birinə düşmən edirsiniz? Rusiyanın qarşısını ala bilməyəcəkdinizsə, niyə Ukraynanı qızışdırıb ona qarşı qaldırırdınız?
- Bu mövqeyinizə görə sizi ruspərəst adlandırırlar…
- Kim adlandırır? Mən Azərbaycanpərəstəm. Mən necə ruspərəst ola bilərəm? Mənim hakimiyyətdən getməyimə səbəb olan faktorlardan biri məhz Rusiya amili olub. Bir dənə əməlimi ortaya qoysunlar ki, orada Rusiyanın marağına xidmət etmişəm. Mən heç vaxt Rusiyapərəst olmamışam. Bu müharibədə Azərbaycan dövlətinin, onun rəhbərinin mövqeyi necədirsə, mənim də mövqeyim o cürdür. Bizim Rusiya ilə də, İranla da münasibətlərimiz yaxşı olmalıdır. Siyasətdən, dövlət maraqlarından məlumatlı olmayanlar çox söz deyə bilərlər. Amma biz ziyalılar gərək xalqlar, dövlətlər arasındakı münasibətlərin pisləşməsinə rəvac verməyək.
- Rusiya-Ukrayna müharibəsində Azərbaycan dövlətinin tutduğu mövqeni necə qiymətləndirirsiniz?
- Azərbaycanın çox müdrik prezidenti var. Bilir ki, hansı ölkə ilə necə münasibət qurmaq lazımdır. Biz bu siyasətin nəticəsini 2020-ci ilin sentyabrında, 44 günlük müharibədə gördük. İlham Əliyevin Rusiya ilə münasibətləri yaxşı olmasaydı Kreml Qarabağı azad etməyimizə mane olacaqdı, Ermənistanı dəstəkləyəcəkdi. Amma 44 günlük müharibədə Rusiya neytral qaldı. Rusiyanın tərəf tutmaması İlham Əliyevin siyasətinin nəticəsi idi. Ağdamı, Laçını, Kəlbəcəri müdrik siyasətlə aldıq. Bunu demək Rusiyapərəstlikdir?
- Amma bu gün Ukraynada günahsız insanlar həlak olur…
- Baş verənlər nəticədir. Mən səbəblər barədə danışıram. Müdrik siyasətçi ölkəsini gözlənilən təhlükədən qorumalı idi. Ukraynanın siyasi rəhbərliyi hər şeyi proqnozlaşdırmalıydı. NATO hərbi blokdur. SSRİ-yə qarşı yaradılmışdı. SSRİ-ni çökdürdülər. İndi də Rusiya ətrafında halqanı daraldırlar. Burada keçmiş MDB ölkələrindən Gürcüstandan, Ukraynadan istifadə edirlər. Onları Gürcüstan, Ukrayna xalqlarının taleyi maraqlandırmır. Axı belə olmaz. Rusiya gördü ki, təhlükə yaxınlaşır. Ukrayna NATO üzvü olsaydı, Atlantika Blokunun raketləri çox yaxın məsafədən Kremlə tuşlanacaqdı. Rusiya dəfələrlə Ukraynanı xəbərdar etmişdi ki, biz qardaş xalqıq, bizə qarşı olan hərbi bloka qoşulma. Ukraynanın rəhbərliyi bu xəbərdarlıqları qulaqardına vurdu. Bu da nəticə. Azərbaycanda mənim kimi fikirləşənləti top-tüfənglə qarşılayırlar. Siz fərqli düşünün. Mən kiməsə deyə bilmərəm ki, mənim kimi fikirləş.
- Sizcə, NATO, Qərb dövlətləri nə üçün Ukraynaya effektiv hərbi yardımlar etmir?
- Putin açıq-aydın dedi ki, Ukraynaya hansı ölkənin hərbi aerodromundan qırıcı ucsa, ora Rusiyanın hədəfi olacaq. Həmçinin müharibəyə qarışmaq istəyən ölkələrə nüvə silahı xəbərdarlığı edib. Rusiyanın hərbi potensialı çox güclüdür. Görürsünüz, Türkiyə Rusiyaya qarşı sanskiyalara qoşulmadı. Düz etdi. Azərbaycan və Türkiyə rəhbərlikləri yaxşı bilirlər ki, bu müharibə ABŞ-ın yanlış siyasətinin nəticəsidir. Türkiyə-Rusiya münasibətləri son illər yüksələn xətt üzrə inkişad edir. Həmçinin Türkiyənin Qərb dövlətlərinə o qədər də güclü etibarı yoxdur. Qərb dəfələrlə Türkiyənin sanksiyalarla hədələyib və qardaş ölkəni hələ də Avropa Birliyinə üzv qəbul etmir. Amma Rusiya hərbi gücünü göstərən kimi Türkiyə yadlarına düşür. Hesab edirəm ki, Azərbaycan kimi Türkiyə də Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruyub saxlayacaq və müharibənin diplomatik, danışıqlar yolu ilə həllinə yardımçı olacaq.
Qaldı NATO və Qərb dövlətlərinə, onların gücü iqtisadi sanksiyalara çatır. Sanksiyalardan danışanlar Rusiyanın coğrafiyasına baxsınlar. Rusiyanın ərazisi ABŞ-ın ərazisindən bir neçə dəfə böyükdür. Zəngin təbii sərvətləri var. Özü-özünü qida məhsulları ilə tam təmin edə bilir, hərbi sənayesi güclüdür. Digər məsələləri də tədricən yoluna qoyacaqlar. Sanksiyalarla Rusiyanı çökdürmək, onu hərbi hədəflərindən yayındırmaq mümkün olmayacaq.
- Rusiya-Ukrayna müharibəsilə bağlı proqnozunuz nədən ibarətdir?
- Rusiyanın siyasətinə proqnoz vermək çətindir. Görünən odur ki, Rusiya ordusu Ukraynanın şəhərlərini darmadağın edir, günahsız insanlar öldürülür. Ukrayna xalqı da qorxmur, mübarizə aparır. Eyni zamanda atəşkəs üçün danışıqlar davam etdirilir. Düşünürəm ki, Ukraynanın siyasi rəhbərliyi Putinin bir neçə şərtini qəbul etməli olacaq. Ən əsası neytral olacağına dair sənədə imza atacaq. Krım, Donbas, hərbisizləşmə və millətçilərin hakimiyyətdən uzaqlaşdırılması məsələsində də Kiyev müəyyən güzəştlərə getməli olacaq. Əvəzində Rusiya ordusunu Ukraynanın ərazisindən geri çəkəcək. Amma bu müharibə Ukrayna xalqının yaddaşından silinməyəcək və iki qardaş xalq arasında münasibətlər uzun müddət pis olaraq qalacaq.
Söhbətləşdi: Nurlan
Gündəm.az