Baydenin "Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” iddiasının pərdəarxası məqamları
ABŞ Prezidenti Co Bayden Britaniya, İtaliya, Almaniya, Polşa, Rumıniya liderləri, o cümlədən NATO-nun baş katibinin iştirakı ilə Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə bağlı videokonfrans keçirib. "Politico" nəşrinin yazdığına görə, ABŞ prezidenti videokonfrans zamanı müttəfiqlərə bildirib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər. Bayden eyni zamanda milli təhlükəsizlik müşavirləri ilə birgə Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə bağlı ayrıca müşavirə keçirib.
Aydın məsələdir ki, Vaşinqton Moskvanın ritorikanı sərtləşdirməsi, Qara dənizə Rusiya gəmilərinin daxil olması, eyni zamanda Ukrayna sərhədində hərbi texnika və canlı qüvvənin sayını artırmasından ciddi narahatdır. Bununla belə, Baydeni narahat edən əsas məsələ Rusiyanın Belarusla birlikdə 10 gün davam edəcək hərbi təlimlərə start verməsidir. İlkin məlumatlara görə, Kreml təlimlərə 30 mindən artıq canlı qüvvə, döyüş təyyarələri və iki S-400 zenit-raket batalyonu cəlb edib. Bundan başqa, təlimlərə Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi, Valeri Gerasimovun qatılması da diqqət çəkir. Hibrid müharibənin banisi hesab edilən Gerasimovun təlimləri birbaşa izləməsi həm də ondan xəbər verir ki, rusların Ukraynaya mümkün müdaxiləsi "hibrid müharibə” üsullu ilə ola bilər.
Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər?
Rusiyanın birbaşa Ukraynaya müdaxiləsi versiyası olduqca zəifdir:
Birincisi, belə irimiqyaslı müharibə Kremlin sonu ola bilər. Başda Britaniya, ABŞ və Kanada olmaqla Qərbin Ukraynaya göndərdiyi silah və iqtisadi yardımları da nəzərə alsaq hazırda Kremlin qarşısında güclü bir Ukrayna var. Digər tərəfdən Rusiyanın Ukraynaya birbaşa müdaxiləsi heç də gözlənilməz yada ildırımsurətli bir müharibə olmayacaq. Belə bir müdaxilə Ukrayna ordusunun müqaviməti və Qərbin Ukraynaya iqtisadi silah-sursat yardımı ilə həftələrlə, aylarla uzana, hətta qarşısını ala bilər.
İkincisi, Rusiya Ukraynaya birbaşa müdaxilədənsə hibrid müharibə apara bilər. Belarus Rusiya hərbi təlimini Gerasimovun da izləməsi bundan xəbər verir. Yəni Kreml Ukraynada ən yaxşı halda Dombas, Luqansk kimi yeni separatcı dövlətlər yaradıb bunlar üzərindən hibrid müharibə apara bilər.
Üçüncüsü, Rusiya bilir ki, hazırda Qərbdə heç də hərkəs Kremllə müharibə etmək istəmir. Ukrayna və Rusiya münaqişəsində Almaniyanın tutduğu mövqe buna misal ola bilər. Hər zaman münaqişə və gərginliyin olduğu ölkələrə silah yardım edən rəsmi Berlin Ukraynaya qarşı neytraldır. Aydın məsələdir ki, Almaniyanın təbii qaz ehtiyaclarının böyük hissəsini Rusiyadan almasına baxmayaraq, həm də Rusiyanın Avropadakı enerji siyasətində tərəfdaşdır. Avropanın bir çox ölkələri Fransa, Polşa, Çexiya, Bolqarıstan və s. kimi ölkələr sadəcə Rusiya qazının istifadəçi rolundadırsa, Almaniya ilə vəziyyət bir az fərqlidir. Çünki onlar həm də bu sahədə əməkdaşdırlar. Nəticə etibarilə Kreml Ukraynaya birbaşa hərbi müdaxilə edib başda Almaniya olmaqla bütün ölkələri qarşısına almaq istəmir.
Baydenin "Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” iddiasının pərdəarxası məqamları...
Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq göstərməsi ondan xəbər veri ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ya Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər. Rusiya Belarusla birlikdə 10 gün davam edəcək hərbi təlimlərə start verərək də bu məlumatların doğruluq payını artırır. Ancaq bir nüansı da nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti Vladimir Putin də keçmiş kəşfiyyatçıdır və bunu anlamamış olmaz.
Hesab edirəm ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ya Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər, lakin bu məlumatların nə qədər doğru olması bəlli deyil. Özü də keçmiş kəşfiyyatçı olan Putin bu məlumatın məqsədyönlü surətdə London və Vaşinqtona sızmasına izin vermiş ola bilər. Bu yolla Kreml həm Qərbin necə hərəkət edəcəyini, həm də daxildəki Qərb kəşfiyyatçılarının kimlər olduğunu aşkarlaya bilər. Sızan məlumatların həqiqət payını artırmaq üçün isə 10 günlük Belarus Rusiya hərbi təliminə start verib.
Turan Rzayev Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Politoloqu
Gender.az