Əlbəttə, normal insan müharibə istəməz. Heç kim istəməz ki, analar göz yaşı töksün. Qadınlar dul, usaqlar yetim qalsın. Müharibə fəlakətdir, misli görülməyən fəlakət.
Ancaq…
Bu günə kimi yadımdadır. 1998 – ci il noyabrın 27-si, həftənin isə şənbə günü idi. Sinif rəhbərimiz Gülşən Rzayeva mənə sual vermişdi ki, oğlum deyə bilərsən, Qubadlı hardadı? Ordan niyə gəlmisiz? Mən indi dərk edirəm ki, o vaxt, bu sual mənə yetim uşağa verilən “kimin oğlusan” sualına bənzəyirmiş.
Susmuşdum, mahiyyətini anlamadığım sual isə yadımdan çıxmamışdı.
Yaşadığımız evin pəncərəsindən baxanda Böyük Qafaz sıra dağlarının kiçik dağ silsilələri görünür. Aramızda beş, uzağı altı kilometr məsafə olar. Evə gəlmişdim, nahar edirdim, anam da mətbəxtdə idi. Bu hala tez-tez şahid olurduq. Biz və yenə də o, şəhid olmuş qardaşını xatırlayıb kədərlənmişdi. Mən böyüyənə qədər elə bilirdim ki, anam o vaxtlar öz-özünə ağlayırdı. Daha dərk etmirdim ki,yeddi bacıdan sonra bir qardaş tapmışdılar. O da gözlərini bu vətənə işıqlı günlərin qapısı açılsın deyə əbədi bağlamışdı.
Birdən, sinif müəliməsinin sualını anama verdim. “Mama, Qubadlı hardadı ki?” Gözlərinin yaşını silən əli ilə pəncərədən görünən dağları göstərib, “bax,o dağları görürsən? Qubadlı o dağların arxasındadır” dedi.10 yaşım var idi onda. Bəlkə də inandırıcı olmaz, amma ilk dəfə o gün Qubadlıya getmək istədim.
Səhəri bazar günüdür, evdən xəbərsiz,hec kimə hec nə demədən boz dağların arxasında Qubadlı axtarmağa getdik. Mən,qardaşım Sirac, bir də qonşumuzun oğlu. O da Qubadlıdandır.
“Uşaqlar, mamam deyir ki, Qubadlı o dağların arxasındadır”. Komandamızın adını “üç qəzəblənmiş kişi” qoyub getdik. Doqquz-on yaşlarında uşaqlar nabələd çölləri qət edib dağa çatdı. Qalxdıq dağın başına, keçdik o biri üzə. Bir az boylandıq, Qubadlını görmədik. Dağın birini də aşdıq, yenə görmədik. Əməllicə yox olduq, dağların ətəyində, yamacında, zirvəsində. Görmədik ki, görmədik. Ürəyimdə dedim ki, məni niyə aldatdın mama. İndi kor peşman qayıdırıq. Susuzluqdan danışa da bilmirik. Keçdiyimiz dağların hamısını qayıdıb axırıncını üzü aşağı enəndə, özümüzü saxlaya bilməyib yıxıldıq. Zirvəsindən ətəyinədək yumalana-yumalana necə hala düşmüşdük, İlahi?!
Üz, baş, qol, qıç hər biri qan içində. O qədər qan itirmişdim ki, baş verənlər yadımdan da çıxmışdı. Xoşbəxtlikdən bizi axtaran adamların nə zülmlərlə gəlib tapa bildiklərini də sonradan öyrənmişdim. 22 il ötüb, o yaraların izləri bədənimdən ürəyimdəki Qubadlı nisgilinin izi kimi getməyib. Ən kədərlisi isə budur ki, mənim indi 33 yaşım var, hələ də anamın eyni göz yaşlarını, atamın isə babamın adı çəkiləndə, şəkillərinə baxanda qəbrini ziyarət edə bilmədiyi üçün keçirdiyi iztirabı görürəm.
Özümdən asılı deyil, sanki o an bütün dünyam yıxılır.
Ağlım kəsəndən bəri, Qubadlıya qayıtmaq, viran qalan evimizi yenidən inşa etmək barəsində düşünmüşəm. Görünən isə budur ki, ən böyük arzuma gedən yol…
Əlbəttə, normal insan müharibə istəməz. Heç kim istəməz ki, analar göz yaşı töksün. Qadınlar dul, uşaqlar yetim qalsın. Müharibə fəlakətdir, misli görülməyən fəlakət.
Ancaq…
Ancaq müharibəni başlamayanlar həmişə əziliblər, əzilirlər, əziləcəklər. Bu savaş bizim haqqımız, bu savaş bizim toyumuzdur. Mübarək olsun!!!
Şirzad Səmədov,
KONKRET.az