“Nailə Mirməmmədli əmim qızı, Elnarə Xəlilova və Mina isə...” - Tanınmış müğənni
Gender.az xəbər verir ki, tanınmış və sevilən müğənni Almaz Saraylı moderator.az-ın suallarını cavablandırıb.
- Almaz Saraylı... Bu ad illərdir bir çoxlarına tanışdır. Yadımdadır, mən o vaxt balaca uşaq idim, üzünüzü görməsəm də adınızı əzbər bilirdim. Hər dəfə evdə sizin Bakı kəndlərində qız toylarına getməyinizdən danışardılar. Hətta anamın, xalalarımın da toylarını siz oxumusunuz. Məncə illər sizi heç dəyişməyib. Müğənnilik sənətinə necə və kimlərin təsiri ilə başladınız?
- Öncə müsahibə üçün sizə və kollektivinizə təşəkkür edirəm. Mən qarmon sinfini bitirib, bir neçə il müəllim işləmişəm. Sonra da məndə oxumağa həvəs oyanıb. Nə bilim, Allah vergisidir də. Nə oxumuşam, necə oxumuşam, necə müğənni olmuşam, bunu tamaşaçılarım deyə bilər. Xalq artisti Ağaxan Abdullayevlə toylarda bir səhnəni paylaşmaq mənə də nəsib olub. Sabir Əliyevlə, Məmmədbağır Bağırzadə ilə də işləmişəm. Allah onlara qəni-qəni rəhmət etsin. Onların hərəsindən bir şey öyrənmişəm, götürmüşəm. Gərək hər şey daxildən gəlsin. Mən hələ indi də nələrsə öyrənirəm.
- Bəlkə də barmaqla sayılan sənətçilərdənsiniz ki, efirlərə çıxmadan məşhurluq qazanmısınız. Bu gün də sizi efirlərdə çox nadir hallarda görürük. Dəvət edən yoxdur yoxsa başqa bir səbəb var?
- Efirlərə çox dəvətlər gəlir. Hər birinə təşəkkür edirəm. Əlbəttə ki, efirdə bilməliyəm ki, mənim yanımdakı qonaq kim olacaq? Ona görə də heç kimin xətrinə dəymədən öncə bunu soruşuram. Özüm də efir həvəskar deyiləm, çalışıram ki, az-az görünüm. 3 aydan bir efirlərə çıxıram. Lap əvvəldən belə olmuşam. Mahnılarım dillər əzbəridir. Allahımdan çox razıyam ki, mənə gözəl ürək verib. Heç kimin xətrinə dəymədən öz həyatımı yaşayıram. Bu gün də toylara dəvət alıram. Görsəm ki, səsim işləmir, xalq məni toylara dəvət etmir, heç vaxt buna görə fikir etmərəm. Sevənlərim mənə bəs edir. Xalqımızın xoş günləri təki çox olsun, mən də onları bu balaca səsimlə gedib təbrik edim.
- Almaz xanım, sizi tamaşaçılara sevdirən əsas xüsusiyyət nədir?
- Bu neçə illər ərzində hər zaman Azərbaycan qadını adını uca tutmuşam. İstər geyimimlə, istər danışığımla, istərsə də başqa hərəkətlərimlə. Heç kimin arxasınca bir söz danışmamışam, heç kimin bostanına daş atmamışam, kiminsə şəxsi həyatına müdaxilə etməmişəm. Bütün sənət dostlarımı da olduqları kimi qəbul etmişəm. Bir dəfə eşidə bilməzsiniz ki, hansısa sənətçinin arxasınca nəsə danışım. Hətta bilirəm ki, sənəti yoxdur, amma yenə də danışmamışam. Sual belə ünvanlayıblar, yenə də üstündən keçmişəm. Mən efirə çıxanda hər ailənin qonağı oluram. Onlar mənim geyimimə də, oxumağıma da, səsimə də fikir verirlər. Səsimdə bir az xırıltı ola bilər, bu səsdir, hər bir kəsdə olur. Mənə elə gəlir ki, sadaladığım bu xüsusiyyətlər məni tamaşaçılara sevdirib.
- Toyda oxumaq çətindir, yoxsa səhnədə?
- Mənim üçün fərq etməsə belə toyda oxumaq daha çətindir. Səhnəyə çıxanda sənə başqa bir enerji gəlir. İstədiyimi oxuya bilirəm. Efirlərdə 5 dəqiqədən artıq oxumaq olmur. Bilmirəm bu müddət ərzində təsnif oxuyum, ya muğam, ya mahnı. Xanım İsmayılqızından, rəhmətlik Tahir Əkbərdən o qədər gözəl mahnılar almışam ki. Yarım saat, 40 dəqiqə mənə vaxt versinlər, görün nələr oxuyuram. İndi toy mahnıları oxuyuram, deyirlər ki, "hə toy oxuyanıdır". İstərdim ki, öz musiqiçi kollektivimlə efirlərdə görünüm. Fonoqram oxuyanda utanıram. Hətta mikrofon verirlər, onu da götürmürəm. Çünki ayıbdır, mikrofonu nə üçün yalandan əlimdə tutum ki?! Guya canlı oxuyuram?!
- Şou-biznesdə bəzi hallarda kimlərəsə "filankəs toy müğənnisidir" deyib, tənə edənlər, indi özləri bütün günü toylardadır. Bu sözlər bəzi hallarda sizə pis təsir etmir?
- Xeyr, mən deyilən bu sözlərin heç birinə qulaq asmıram. Bu gün hamı toylara gedir. Müğənni ya toyda olar, ya da səhnədə.
- Almaz xanım, mən bilirəm ki, sizin qohumlardan bu sahədə olan insanlar var. Onlardan bir neçəsinin adını çəkə bilərsiniz?
- Mənim nəslimizdən bir neçə xalq artisti çıxıb. Xalq artisti, rəqqas Əlibaba Abdullayev anamın əmisidir. Nailə Mirməmmədli mənim əmim qızıdır. Allah ona rəhmət etsin. Gözəl səsli Elnarə Xəlilova, Mina xalam nəvələridir.
- Prodüsseriniz varmı?
- Xeyr, prodüsserim yoxdur, buna heç ehtiyac da duymuram. Toyları da özüm danışıram, işlərimi də özüm görürəm. Görün müğənnilərin ətrafında prodüsserlərlə bağlı nə qədər söz-söhbət oldu. Adamın heç qohumunun özü üçün ürəyi yanmır, prodüsser sənin üçün nə edəcək?! Prodüsser ilk növbədə iş görməlidir, pul fikirləşməməlidir. Təbii ki, iş olanda pul da gələcək.