Xalq artisti: “Televiziyaların bizə qonorar verməsi üçün həmkarlarımızla məsələ qaldıracağıq”
“Efirlərə niyə çıxım? Hansısa bir filmə və ya seriala çəkiləndə də içlərindən yaxşısını seçirəm, qonorarım da yüksəkdir. Yaxşı seriala çəkilib, yaxşı da qonorar alıram. Amma hələlik hər hansı layihə üçün yeni təklif almamışam. Keçən il çox təkliflər almışdım və məhsuldar işlədim. Amma bu il yox. Teatrda da yenilik yoxdur. Elə köhnə tamaşalarımı oynayıram. Önümüzdə yay var. Təkliflər gələr inşallah”.
Bu sözləri Prezident təqaüdçüsü, Xalq artisti Səidə Quliyeva Bizim Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi hazırda seriallara çəkilməməsini verilən qonorarın az olması ilə əlaqələndirib:
“Hər serialda məni görə bilmərsiniz. Çunki, mənim üçün bir serialda məzmun, tərəf müqabili, rejissor və alacağım qonorar çox önəmlidir. Bunlara çox diqqətlə yanaşıram”.
Bir sıra aktyorların verilişlərə qatılmaq üçün qonorar tələb etməsinə Xalq artisti də sərt reaksiya verib:
“Qonorar biz aktyorların ən yaralı yeridir. Əvvəllər, sovet dövründə televiziyada iki cümlə danışırdıq, ifa etdiyim roldan belə qat-qat artıq qonorar alırdıq. İndi isə qonorardan söhbət belə yoxdur. Bir dəfə mənə verilişlərdən birindən təklif gəldi, söylədilər ki, sizin iştirakınız özünüz üçün reklamdır. Mən bu təklifi rədd etdim, razılaşmadım. Mənim kimi bir sənətkarın heç bir reklama ehtiyacı yoxdur. Telekanallar mütləq sənətkarların efirə çıxmasına qonorar ödəməlidir. Qonorar olmadığından sənətkarlar verilişlərə çıxmaqdan imtina edirlər.
İndi mənə hörmət edirlər, arxamca avtomobil yollayırlar. Amma qrim və bu kimi vacib məsələlərə görə, heç bir qonorar ödənilmir. Kanalda süpürgəçi maaş alır, amma aktyor bir saat öz zamanını verilişə ayırır, bir qəpik də belə qonorar almır.
Məhz bu səbəbdən bir sıra sənət nümayəndələri verilişlərə qatılmırlar. Teatr xadimləri və kino gildiyası olaraq televiziyaların bizə qonorar ödənməsi məsələsini qaldırmaq istəyirik. Təbii ki, bu tələblə olmayacaq. Baxır verilişin səviyyəsinə, sponsoralarına”.
Bir sıra kino xadimləri blogerlərlə film və seriallara çəkilmək istəmədiklərini bildirirlər və onları qeyri-peşəkarlıqda ittiham edirlər.
S.Quliyeva isə səslənən bu iradların yersiz olduğunu, əksinə gənclərə dəstək çıxdığını söyləyib:
“Keçən il gənc aktyor Taleh Yüzbəyovun “Zəhər tuluğu” qısametrajlı filminə çəkildim. Digər tanınmış aktyor Əlixan Rəcəbovla da bir filmdə rol aldım. Yenə təklif gələrsə, yenə çəkilərəm. Böyük məmnuniyyətlə yenidən onlarla birlikdə çalışaram. Onların aktyorluq məharətindən çox razı qaldım. Bu cür istedadlı gənclərə dəstək olmaq və maddi tərəfdən kömək etmək lazımdır. Onların işlərini qiymətləndirmək lazımdır”.
Xalq artisti Azərbaycan radiosunda aparıcılıq etdiyini, lakin aldığı qonorarın çox az olduğunu da dilə gətirib:
“Daimi olaraq Azərbaycan radiosunda hər həftə “Bulaq” adlı verilişi aparıram. Bu yaxınlarda isə həmin verilişdə aparıcılığımın 20 yaşı olacaq. Amma bu verilişdən aldığım qonorar məni şəxsən qanə etmir. Çox azdır, cüzidir…” \\Bizim.Media