Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
I Respublika Sənətkarlıq Festivalı KEÇİRİLƏCƏK
İyulun 3-7-də Azərbaycanda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək. 
Festival Bakı şəhərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival üçün bir sıra dövlət orqanları, özəl və qeyri-hökumət təşkilatları, sahibkarlarla əməkdaşlıq edilir. “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının “Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi, “Libraff” mağazalar şəbəkəsi I Respublika Sənətkarlıq Festivalının tərəfdaşlarıdır.
Festivalda respublikamızın paytaxt və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. Festival beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Nizami küçəsində - Azərbaycan Akademik Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil ediləcək.
Tədbirdə Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada konfrans keçiriləcək.
Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdilməsi məqsədilə “master club” qurulacaq və ustad dərsləri təşkil ediləcək. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaq. Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə ediləcək. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaq. Beləliklə Festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi, “misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar.
Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcək.
Festival hər gün saat 9:00-21:00 arası keçiriləcək. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaq. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstəriləcək.
Qeyd edək ki, I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi  2019-cu il iyulin 3-də saat 19:00-da baş tutacaq.\\Redaktor
Tarix: 28 iyun 2019
Baxış: 800

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş