Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilmiş Milli dəyərlərin qorunması ictimai birliyinin lahiyyəsi olan “Nurlu əməllərin işığında” sənədli filmi Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi və cümhuriyyətçi, azərbaycançılıq məfkurəsinin təbliğatçısı Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunub. Filmdə cəmiyyətdə xeyriyyəçilik ənənələrinin dərin tarixi köklərə malik olduğu göstərilir.
98 fenomen bina miras qoymuş A.M.Nağıyev Bakının arxitekturasına gözəllik bəxş edənlərdən birinci sayılıb. O, sübut etdi ki, məhz tikililər silinməz varidatdır, əski tariximiz ilə - müasir tariximizin arasında bir körpüdür.
Gender.az-ın məlumatına görə, filmdə Ağa Musa Nağıyev şəxsiyyətinin Azərbaycan tarixində yeri və rolunun göstərilməsi yalnız Azərbaycan cəmiyyəti üçün deyil, dünyada yaşayan 50 milyon soydaşlarımız üçün mühüm və aktual tarixdir.
İstiqlaliyyət küçəsi, Bakının, əslində bütöv Azərbaycanın ürəyi döyünən bir mərkəz idi. Və səbəbsiz deyil ki, sonralar Bakının həyatında, Azərbaycanın həyatında mühüm rol oynayacaq hadisələrin əksəri elə bu küçədə baş verib.
Ağa Musa Nağıyevin gücü ağlı ilə qazandığı vəsaitində idi. O vəsaiti ki, millət naminə sərf edib və adi samançı oğlu elə bir mərtəbəyə çatmışdı ki, milyonçu olmuşdu. O, milyonları millətinin rifahına yönəltmişdi.
O, böyük sərvət sahibi olsa da,heç zaman öz keçmişini unutmadı.Hər zaman tikdirdiyi binaların üzərindəki hambal şələsi, kənarlarında saman çələngi və mərkəzində MN – Musa Nağıyev, bir emblem kimi yazıb daş kitabələr qoyurdu.
Qəpik-qəpik yığdıqlarını işinin genişlənməsinə sərf edib böyük sərvət sahibinə çevriləndən sonra təbii ki, Şimali Azərbaycanın, xüsusilə Bakının ictimai, siyasi, iqtisadi həyatında çox yaxından iştirak edib Ağa Musa Nağıyev.
O zaman Azərbaycanda qız məktəbi açılmasaydı, ziyalı xanımlar yetişə bilərdimi? Ağa Musa Nağıyevin sərf elədiyi milyonlar olmasaydı, mədəniyyətimizin inkişafı o cür ola bilərdi? Bunlar milyonçularımızın qoyub, getdiyi mirasdır.
Təkcə 1907-1913-cü illərdə İsmailiyyə - Venesiya saraylarının ən yaxşı ənənələrini özündə əxz etməklə Şərq və Qərb memarlığının ən incə ustalıqlarını özündə əks etdirən bir binanın tikilməsi çox böyük bir epopeyadır. Bu ömür çətin, amma şərəfli olub və sonuncu saniyəsinə qədər millətinin gələcəyinə həsr edilib. Ağa Musa Nağıyev çox kasıb bir ailədə doğulub yük daşımaqdan böyük firmanın sahibliyinə qədər ağır bir həyat yolu keçib.
Onu ən çox düşündürən səhiyyə sistemindəki problemlər idi. Səhiyyənin çox zəif olması səbəbindən oğlu İsmayılı itirmişdi. Onun vəsaiti hesabına Bakıda o dövr üçün müqayisə olunmaz dərəcədə yüksək səviyyədə təchiz edilmiş 4 nəhəng xəstəxana tikilib.
Emin Əfəndiyev adına 2 nömrəli Bakı şəhər xəstəxanası, Ana və Pediatriya İnstitutu, Səhiyyə Nazirliyinin yerləşdiyi vaxtı ilə təcili yardım xəstəxanası, Sabunçudakı poliklinika Ağa Musa Nağıyevin tikdirdiyi tibb müəssisələridir.
Filmdə millət vəkilləri, tarixçilər, tanınmış ictimai xadimlər, həmçinin Ağa Musa Nağıyev nəslinin davamçıları öz xatirələrini və fikirlərini bölüşüblər.
Filmin layihə rəhbəri Dilarə Nağıyeva-Muxtarova; rejissoru Etibar Məmmədov,redaktor Büllur Cavad qızı. Film Vətən TV media şirkətində hazırlanmışdır.
Mövzuya dair fotomateriallar: