“Azərbaycan şeirinin müəllifi Nəriman Həsənzadə deyil, mənəm” – AÇIQLAMA
“Müğənni Çinarə Məlikzadənin ifa etdiyi “Azərbaycan” mahnısının sözləri şair Nəriman Həsənzadəyə deyil, mənə aiddir”.
Gender.az bildirir ki, bu sözləri azxeber.com-a açıqlamasında şair və tərcüməçi Sədaqət Əhmədova deyib.
O bildirib ki, həmin şeir 2011-ci ildə onun imzası ilə mətbuatda dərc edilib: “Mən Azərbaycan şeirini 2004-cü ildə yazmışam, 2011-ci ildə isə mətbuatda yayımlanıb. Bu günlərdə müğənni Çinarə Məlikzadənin ifasında öz sözlərimi eşitdim. Təbii ki, sevindim, ancaq müəllif kimi başqa bir adın qeyd olduğunu görəndə heyrətləndim. Sözlərin müəllifi kimi sevimli xalq şairimiz Nəriman Həsənzadə göstərilirdi. Ancaq bu mənim şeirimdir”.
Sədaqət Əhmədova deyib ki, Nəriman Həsənzadə ilə əlaqə saxlayıb: “Nəriman müəllimlə əlaqə saxladım. O mənə universitetdə dərs deyib, müəllimim olub. Nəriman Həsənzadə də bildirdi ki, yanlışlıq olubsa, aradan qalxmalıdır. Təbii ki, hər müəllif yaratdığı əsərin öz adı ilə tanınmasını istəyir. Mənim də istəyim budur”.
Azxeber.com xalq şairi Nəriman Həsənzadə ilə əlaqə saxlayıb.
O bildirib ki, Azərbaycana aid xeyli şeiri var: “Mənim də Azərbaycana həsr olunmuş çoxlu şeirim var. Bu şeir də mənim şeirlərimə bənzəyə bilər. Ancaq ola bilər ki, yanlışlıq olub. Mən də istərdim ki, yanlışlıq aradan qalxsın və səhv anlaşılma olmasın”.
Qeyd edək ki, sözügedən şeir ilk dəfə 2011-ci ildə Azxeber.com-da yayımlanıb.
Sədaqət Əhmədova 500-dək şeirin müəllifidir. Müəllif həmçinin tərcüməçi kimi fəaliyyət göstərir. Ç.Abdullayev, Mario Puzo, Struqatski qardaşları və digər yazıçıların 20-dək əsəri onun tərcüməsi ilə nəşr olunub.