Xalq şairi Səməd Vurğun poeziya tarixinə düşmüş “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. “Azərbaycan” şeiri 1933-cü ildə yazılıb. Şeirin yazılma tarixi də maraqlıdır. Səməd Vurğun Xan Şuşinskinin dəvəti ilə Ağdama gəlir. Qonaqlıqlar, görüşlər və hər yerdə sevgini görən Səməd Vurğun çox təsirlənir və Xan Şuşinskinin evində qonaq olanda, ilk sətirləri kibrit qutusuna yazır. Şairin öz xətti ilə şeiri Xan əminin evində saxlanılır. Tam şeiri isə Ağdam mədəniyyət evində görüşdə səsləndirir. Şeir o qədər populyarlıq qazanır ki, ölkənin ikinci himninə çevrilir. 1959-cu ildə şeir “SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat”a daxil edilir. Bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı “Azərbaycan” mahnısını yazır, hər yerdə bu mahnı ifa edilir. Şeir müxtəlif dillərə tərcümə edilir. Ölkə hüdudlarından kənarda dərc edilir, oxunur, sevilir. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunur.
Qeyd edim ki, Səməd Vurğunu o dövrün şairləri Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyin Cavid və digərlərinin həbs edilərək repressiyaya məruz qalmasına görə ittiham edirlər. O dövrün tələbləri və şərtləri təhlükəli bir həddə gəlib çatmış idi. Hər an istənilən ziyalının qapısını “NKVD üçlükləri”nin (“troyka”) adamları döyüb, izahat vermədən həbs edib ölüm hökmünə məruz qoya bilərdi. Səməd Vurğunun da qapısı istənilən anda belə döyülə bilərdi. Buna görə də o, ona edilən təzyiqlərə dözmür və tələb edilən sənədlərə imza atır. Lakin bu, onu çox sarsıdır və neçə gün evdən çölə çıxmır. Hətta deyilənə görə, intihar etmək qərarına da gəlir.
Yataq otağında damarını kəsmək üçün ülgüc götürür. Damarını kəsmək istəyəndə ülgüc əlindən sürüşür. Həkimlər gəlir və Səməd Vurğunu sağaldırlar. Ona deyirlər ki, əgər özünü öldürməklə xilas yolu tapacaqsansa, bəs ailən, yaxınların necə olacaq? Beləcə onu fikrindən daşındırırlar.
Zaman keçir, Azərbaycan müstəqil bir dövlət olaraq keçmiş sovetlərin buxovlarını qıraraq yeni bir dövrə qədəm qoyur. Arxivlər açılır, sənədlər üzə çıxır. Belə sənədlərin birində Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Əhməd Cavadın şeirləri də üzə çıxır. Yenidən dərc edilir, çap olunur. Üzə çıxan sənədlər içərisində Əhməd Cavadın “Azərbaycan” adlı şeiri də üzə çıxır. Bunu oxuyanda hiss edilir ki, Səməd Vurğunun “Azərbaycan” şeiri sanki ondan götürülüb, bir balaca dəyişkilik edilib və sözlərin yeri dəyişilib. Oxşarlıq həddən çox diqqəti çəkir. Bəlkə də təsadüfdür sözlərin bir-birinə bənzməsi.
Müqayisə üçün özünüz baxın:
Əhməd Cavad:Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
Səməd Vurğun:Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Əhməd Cavad:Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!
Səməd Vurğun:Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Göründüyü kimi, sözlərin, cümlələrin yeri və anlayışı dəyişsə də, demək olar ki, oxşar şeirdir. Mahiyyət eynidir. Əlbəttə burada plagiat olub-olmamasını sübut etmək üçün poeziyanı dərindən bilmək lazımdır. Bəlkə də təsadüfdür. Lakin bir yaşlı adamdan eşitmişəm ki, Əhməd Cavad həbs ediləcəyini bilirdi və dostlarından onun xatirəsini və şeirlərini yaşatmasını xahiş etmişdi. Bəlkə də Səməd Vurğundan da xahiş edib bu şeiri hansısa formada yaşatsın. Vəsiyyət edib ona….
Düzünü isə ikisindən başqa heç kim bilməyəcək
İkisinin də ruhu şad olsun!