“Cavanlıqda deputat olmaq arzum var idi. “Yadındamı, onda dünya gözəl idi?” Dünya gözəl olanda belə arzular da var idi. Sonra həvəsdən düşdüm, istəmədim. Qarşıdan gələn seçkilərdən sonra formalaşacaq parlamentin yeni tərkibində şair, bəstəkar, rəssam, müğənni görmürəm. Dünyanın qabaqcıl, sivil ölkələrinin parlamentlərində peşəkar vəkillər, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, professional dövlət adamları oturur. Milli Məclis qanunverici orqandır. Müğənni gedib orada nə deyəcək? Deyəcək ki, toya neçəyə gedirəm? Ya rəssam oranın şəklini çəkəcək? Bəlkə, şair parlamenti mədh edəcək? Müstəqilliyimizin 30 illik tarixi var, amma hələ də bizim istədiyimiz parlament olmayıb. Bizim istədiyimiz parlament məhz bu cür formalaşmalıdır ki, orada qanunvericilik statusunda olan adamlar əyləşməlidirlər. Büdcə formalaşdıranda müğənni nə deyəcək? Bəstəkar nə rəy irəli sürəcək? Yaxud rəssam qəbul ediləcək qanunun Konstitusiya ilə nə dərəcədə uyğunlaşıb-uyğunlaşmadığını necə təyin edəcək? Bizim parlamentimiz bu saat təqdim edilən qanunları baş tərpədib, qəbul etməklə məşğuldur. Yəni qanunun mahiyyətinə varmadan, dövlətimizə, iqtisadiyyatımıza, siyasətimizə nə dərəcədə dəstək olacağını, inkişafına nə dərəcədə kömək edəcəyini düşünmədən “quş” qoyub, səs verirlər. Keçid dövründə bütün bunlar məqbul idi. Yaxşı ki, 30 ildə xeyli inkişaf etmişik, irəli getmişik. Təbii ki, parlament sahəsində yox, başqa sahələrdə...”
Gender.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu deyib.
“Bilirik ki, parlamenti indiyə qədər kim formalaşdırıb. Hətta neçə-neçə məhkəmə qalmaqalları olub. İndiyə qədər parlamentə müəyyən iş adamları, oğrular, dövlət büdcəsini talayanlar toxunulmazlıq statusu almaq üçün can atırdılar, çox vaxt da müxtəlif vasitələrlə buna nail olurdular. Çünki parlamenti formalaşdıranların başında məlum kişi oturmuşdu, bazar açmışdı. Bu, sirr deyil. Heç kimin arxasınca danışmaq fikrində deyiləm, sadəcə, artıq məlum olan faktlardır. Bir sözlə, parlament dövlətimizin bugünkü səviyyəsinə uyğun olmalıdır. Hazırkı Azərbaycana ancaq belə parlament yaraşar. Yoxsa küçə söhbətləri olan parlament bizə lazım deyil. Azərbaycan dövləti dünyaya meydan oxuyan, öz sözünü deyən, qalib dövlətdir. Bizim dünya liderləri arasında öz böy-buxunu, cəsarəti, siyasəti, intellekti ilə seçilən Prezidentimiz var. Parlament və digər qurumlar bu səviyyəyə yüksəlməsələr də, heç olmasa, bir az yaxın səviyyəyə gəlib çıxsınlar. O cür Prezidentimiz ola-ola, bu cür parlamentimiz olsun... Arasında dağla dərə, yerlə göy, olumla ölüm qədər fərq var. Heç olmasa Prezidentə yaraşaq, ona layiq olaq də. Ən qatı düşmənimiz belə İlham Əliyevin böyük şəxsiyyətini, intellektini görür, duyur. Məsələn, fransalı jurnalist gəlir cənab Prezidentlə söhbət edir, heyran olur. Sonra da gedir parlament nümayəndələrimizlə görüşür. Deyir ki, ay Allah, mən hansı ölkədəyəm? Yəni doğrudan da, cənab İlham Əliyevin başçılıq etdiyi ölkədəyəm, yoxsa Afrika cəngəlliyində? Bu qədər böyük fərq olmamalıdır...”, - o bildirib.
B.Vəziroğlu “parlament seçkilərinə namizədliklə bağlı təklif gəlsə, qəbul edərsinizmi?” sualını belə cavablandırıb: “Deputatlığa namizədliklə bağlı dəfələrlə təklif olub. İsmayıllı camaatı artıq neçənci çağırışdır ki, mənə müraciət edir. Çox xahiş edirlər ki, namizədliyimi irəli sürüm. Şirvan və mənə aid olmayan müxtəlif bölgələrdən də belə təklif gəlir. Siyasətçi, Qızıl Aypara cəmiyyətinin prezidenti Novruz Aslanla ailəvi dostuq. Onun olduğu dairəyə heç vaxt rəqib olmaq istəməmişəm. Mənim üçün dostluq, sədaqət bütün rəsmi və qeyri-rəsmi statuslardan üstündür. Buna görə də namizədliyimi irəli sürməmişəm. Sadəcə, ona vəkillik etmişəm, təbliğ etmişəm ki, Novruz Aslan, doğrudan da, bizim bölgəni parlamentdə ləyaqətlə təmsil edir. O, deputat seçiləndə elə bilmişəm ki, mən özüm seçilmişəm. Bu cür dəyərli insandır. Növbəti seçkilərdə namizədliyini versə, onu dəstəkləyəcəyəm...”
B.Vəziroğlu parlamentdə yaşlı deputatların olması ilə bağlı tənqidlərə də münasibət bildirib: “Bu barədə oxudum. Seçkili orqanlarda yaş senzi yoxdur. Yadınızdadırsa, indi özlərini “müxalifət” adlandıranlar, vaxtilə iqtidarda olanlar Heydər Əliyevin hakimiyyətə gəlməməsi üçün özlərindən yaş senzi quraşdırmışdılar. Nəticəsi nə oldu? Xalqın tələbi ilə yaş senzini ləğv etdilər. Heydər Əliyev gəlib Azərbaycanı xilas etdi. Yaş senzi qüvvədə qalsaydı, Azərbaycan nə gündə olardı? Ümumiyyətlə, qanunda və dünyada belə bir şey yoxdur. Seçilənlər xalqın nümayəndələridirlər. Sadəcə, aşağı yaş müəyyənləşdirə bilərlər ki, 18-dən aşağı şəxslər deputat olmasınlar. Amma yuxarı yaş senzi heç vaxt seçkili orqanlarda qoyula bilməz. İndi görürük ki, 35 yaşlı deputat parlamentə bütün gün yatmağa gedir. Amma 80 yaşlı deputat od-alov saçır, doğrudan da, çıxışları, təklifləri ilə qanunvericiliyimizə və dövlətimizin mənafeyinə xidmət edir. Mən yaş söhbətini qəbul etmirəm, demokratik dünya da bunu qəbul etmir. Dünyanın bir nömrəli ölkəsini bu gün Bayden idarə etmir? Onların öz seçimləridir. Buna qarışmağa haqqımız yoxdur. Xalqın seçimi hər şeydən üstündür, hər şeyin fövqündədir”.
Aytəkin Qardaşova