“Yazırlar ki, Yaşar Nuri gey rolunu oynayıb. Ola bilər...” - Qızı danışdı
Bəstəkar-müğənni Murad Arifin “YouTube” layihəsi olan “Popumuz var”ın növbəti qonağı aktyor Nofəl Şahlaroğlu açıqlamaları ilə diqqəti özünə çəkib.
Onun mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən “Qonşu qonşu olsa...” film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırdığını iddia etməsi müzakirələrə səbəb oldu.
Gender.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin xanımı Rəhimə Nuriyevadan sonra qızı Ülkər Nuriyeva da bu mövzuda danışıb:
“Anam bu barədə açıqlama verib dedi ki, sən danışma, lakin razı olmadım, çünki Yaşar Nuri atamdır və oynadığı rolun reytinq xatirinə bu qədər müzakirə edilməsi mənə xoş deyil. Nofəl atamın sənətini, özünü çox sevən insandır, o verilişdə yarım saat atamın sənətindən danışıb, sonra bu mövzuya toxunulub. Mətbuatımız da məhz “gey söhbəti” olan hissəni kontekstdən çıxararaq yayımlayıb.
Mən nə Nofəldə, nə də Murad Arifdə günah görürəm. Hər ikisi ilə də danışdım. Xəbər saytları, sosial şəbəkə səhifələri niyə özlərinə reytinq qazanmaq üçün belə bir şey ediblər, anlamıram. Dünəndən bəri əsəbiyəm. Bu xəbəri ilk tirajlayan saytı məhkəməyə də verə bilərəm və buna tam haqqım çatır”.
Ü. Nuriyeva bildirib ki, həmin ssenaridə gey obrazı, ümumiyyətlə, olmayıb:
“Atam həmin filmdə 11 obraz canlandırıb. Onlardan biri də sözügedən obrazdır. O, filmdə imkanlı bir ailənin xəstə uşağı rolunu oynayıb. Həmin obrazın canlandırıldığı ildə heç gey söhbətləri yox idi, o ki qaldı, bu məsələ filmlərdə göstərilsin. Həmin dövrdə bu mövzu hallanmırdı. Ssenari bizim evdə olub, bizdə oxunub və orada gey söhbəti olmayıb! O adi xəstə uşağın obrazıdır. Ssenarist Ruhəngiz Qasımova sağ olsaydı, əmin olun, bu söhbətə çox sərt təpki verərdi.
Yaşar Nurinin dağ boyda sənəti var və istənilən obrazı canlandıra biləcək şəxs idi. Amma belə mövzu ilə atamı gündəmə gətirmək ayıbdır. Onun sənəti müzakirə obyekti deyil! Ayıb olsun!
Yenə deyirəm, həmin obraz xəstə uşaq obrazıdır. Həyatda da elə insanlar var, böyükdür, amma uşaq kimi davranır. Minlərlə insan atamın sənəti qarşısında baş əyir, götürüb yazırlar ki, gey rolunu oynayıb. Ola bilər, Nofəl fikrini düz çatdırmayıb, bunu niyə müzakirəyə çıxarırlar?! Mən bunu cinayət adlandırıram. Nofəl özü də çox pis vəziyyətdə qalıb, deyir ki, utanıram.
Yaşar Nurinin sənətini hansısa səviyyəsiz başlıq heç vaxt endirə bilməz! Yaşar Nuri hər zaman qəlblərdə yaşayacaq”.