Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Kriminal “qəhrəmanlar” və onların yolunu davam etdirən gənc nəsil – Akşin Xəyal yazır…

Hər gün səhər yuxudan oyanarkən ilk görəcəyim iş “Telegramda” xəbərləri izləmək olur. Bu gün də eyni minvalla xəbərləri izlərkən Gəncədə baş vermiş, şagirdin öz həmyaşıdını bıçaqlayaraq öldürməsyilə rastlaşdım. Ardınca sosyal şəbəkələrə daxil olduqda çoxluğun həmin hadisəni yazaraq post paylaşdıqlarını gördüm. Kimisi uşağı, kimisi valideyni günahlandırır. Əslində ən böyük günah cəmiyyətdədir. Nə qədər ki, bu cəmiyyətdə Rövşən Lənkəranski, Lotu Quli, Hikmət Sabirabadlı kimiləri təbliğ olunaraq qəhrəmanlaşdırılacaq, belə hallar baş verməkdə davam edəcək. Çox uzağa getməyim, bir neçə gün bundan əvvəl dostluğumda olan xanımlardan biri Rövşən Lənkəransikin anım günü münasibəti ilə geniş bir post açaraq ağız dolusu tərifləmiş, Lənkəransini xalq qəhrəmanı kimi təqdim etmişdi. Rəylərdə ki, daha dəhşət: “Böyük qardaş” “Vətən oğlu” “Xalqın mərd övladı” və sairə. Rəylərdəkilərdən fərqli olaraq mən xanıma iradımı bildirsəm də, xanım öz dediyindən dönməyərək, Lənkəranskini mənə qəhrəman kimi tanıtmağa çalışdı. “Adam qəhrəmanlıq etmiş, atasının qatilini məhkəmə zalında güllələmiş, anası Lənkəranda xeyriyəçiliklə məşğuldur” və sairə. Hətta yerlisi olmasını və belə bir yerlisiylə fəxr etdiyini də xüsusi vurğulamışdı. Ziyalı, minlərlə izləyicisi olan insanların bu kimi post açmaları, kriminal ünsürləri qəhrəmanlaşdıraraq kütləyə təqdim etmələri insanların, gənc və yeniyetmələrin şüuraltında kriminala meyillilik yaradır.
Sosyal şəbəkəni qoyum bir kənara keçim başqa bir yönə. Ölkənin ən böyü, ən çox satış edən kitab mağazaları, “Əli və Nino” “Bakı Kitab Mərkəzi” kimi mağazalara girəndə rəfin ən başında, ən görünən yerində Bəhram Çələbinin “Rövşən Lənkəranski” eyni adlı “yazıçının” “Sabirabadlı Hikmət” Munis Yusifoğlunun “Mən Quliyəm” adlı kitabları adamın gözünə girir. Ən pisi də odur ki, adlarını sadaladığım bu hər üç kitab ölkənin ən tanınmış, ən böyük nəşriyyatı olan “Qanun” nəşriyyatında çap olunub. Şahbaz bəy danışanda “ağzına çullu dovşan yerləmir” amma kriminal ünsürlərin təbliğatını aparan, onları xalqa qəhrəman kimi tanıdan kitabların çapına, yayılmasına razılıq verir. Təkərli arabayla şəhər – şəhər, kənd – kənd gəzib kitab təbliğ etməkdənsə beş – on manat pula görə bu cür kitabların çapını, naşirliyini boynuna götürməsə xalq üçün, mütaliəsi olan təbəqə üçün daha böyük iş görmüş olardı.
Sovetlərdən qalma kriminal avtoritet nağıllarını bu kimi şeylərlə özümüzdən sonra gələn gənc nəsillərə də ötürə – ötürə gedirik. Toyda “Dolya Vorovskaya” çaldırıb, əl qaldırıb oynayan atanın oğlu əlbətdəki axtarıb, araşdırmadan rövşənləri, quliləri, hikmətləri bir xalq qəhrəmanı kimi tanıyacaq və onların yolu ilə getməyə meyilli olacaq. Varlıdan oğurlayıb kasıba vermək mifiylə beyinlər doldurularaq bu kimi insanlara qarşı böyük rəğbət qazandırılır.
Bəs həqiqətənmi varlıdan oğurlayıb kasıba verilirmi?! Bu “qəhrəmanların” pulu haradan və necə qazandıqları haqda kiçik bir araşdırma etdim. Gəlin nəzər yetirək görək kriminal avtoritet və qruplaşmalar arasında gedən “müharibələr” əsas nə üstündə baş verir. Rusiyanın Moskva, Peterburq, Samara kimi böyük şəhərlərinin bazarları üstündə. “Lotu” adlandırdığımız bu kriminal avtoritetlər hər hansı bir bazara çökür və bazar sahibindən ona xərac ödəməsini tələb edirlər. Qarşılığında da digər kriminal qruplaşmaların ona dəyib – toxunmayacağını qaranti verirlər. Əlbətdəki bazar sahibi onlarla razılaşr və ya razılaşma məcburiyyətində qalır. O da boynuna qoyulan böyük məbləğdə olan xəracı ödəmək üçün məcbur qalır sahibi olduğu bazarda icarə haqqını qaldırır. Bazarda dükanı olan kasıb da əvvəl beş manat ödəyirdisə bundan sonra on manat ödəməyə məcbur qalır. Nəticədə bazar sahibinin onu “himayə” edən kriminal avtoritet və ya qruplaşmaya ödədiyi xərac elə kasıbdan alınan puldur ki, həmin pullarla da bir neçə ehtiyacı olana maddi yardım edilir və adda olur ki, adam xeyriyyəçidir, varlıdan alıb kasıba yedizdirir. Nəticə etibarı ilə elə kasıbın öz pulunun çox az bir qismi yenidən özünə qaytarılır.
Son olaraq bir daha qeyd etmək istəyirəm ki, nə qədər ki, cinayət aləminin ünsürləri haqqında kitablar yazılacaq, onlar gənc nəsilə qəhrəman kimi tanıdılıb təbliğ ediləcəksə bir o qədər də gənclər arasında kriminala, türmə həyatına, hətta narkotikaya belə meyillilik artacaq.

Tarix: 24 yanvar 2024
Baxış: 178

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş