Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
“Anam bizə atalıq edib, ev üstümüzə uçanda Çiçək təmir etdirdi”

"Anam dünyasını dəyişəndən bu günə qədər hələ də onu kədərlə xatırlayıram. Ana anadır. Həyatda anadan gözəl, doğma heç kim ola bilməz. O dünyasını dəyişəndən otağına girə bilmirəm. Mənim üçün çox çətindir. Otağa daxil olanda da, çıxanda da onunla danışıram. Birlikdə çəkdiyimiz əziyyətli günlərimiz göz önümə gəlir. Anam olan dünya başqa idi.. İndi onsuz yetim qalmışam. Təkəm. Ölənə qədər onun üçün darıxacam".
Gender.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında bir zamanların məşhur müğənnisi, ehtiyac və əzab içərisində dünyasını dəyişən Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O daha sonra əlavə edib.
"Anam hər zaman qadın toylarına gedib. Ətrafında da qadınlar olub. Kişi məclislərində iştirak etməyib. Öz mənliyini, şərəfini qoruyub. Buna görə də nə ona qiymət veriblər, nə də dəstək olublar. Halal zəhməti, öz qüruru ilə ayağa qalxmaq istəyib. Amma dəstəksiz, tək qalıb. Bəzilərinin getdiyi yolla getsəydi bəlkə də çoxdan məşhur olardı. Sənətdə qarşısını kəsənlər də çox olub. Rəhmətlik özü də bu haqda həmişə danışırdı. Mən yenə də o şəxsləri bağışlamışam. Allah bağışlayandırsa, biz kimik?! 3 oğlan övladını təkbaşına böyüdüb. Anam bizə həm də ata olub. Atamı görməmişəm. Atam tərəfindən hər zaman zülmlərə məruz qalıb. Qumarbaz, içki düşkünü olan bir insanın qadına etdiyi pislikləri özünüz düşünün də. Bir qardaşım dünyasını dəyişib, o biri qardaşım da başqa bir dünyanın adamıdır. Anama mən baxmışam. Saçlarına sığal çəkmişəm. Xəstələnəndə onu çimizdirmişəm. Maddi, sosial vəziyyətimiz də çox aşağı olub. Heç bir yerdən dəstək də görməmişik. Öz halal zəhmətimizlə yaşamışıq. Evimiz təmirsiz, köhnə olduğu üçün bir gün üstümüzə uçdu. Sonra "Çiçək" ləqəbli aparıcı Şəhla Vakas evimizi təmir etdirdi. Hazırda da həmin evdə yaşayıram" deyə sənətkarın oğlu bildirib.
Elbrus anasının arzularından da danışıb.
"Anamın ən böyük arzusu məni evləndirib, nəvə-nəticə görmək idi. Deyirdi ki, hamı nəvə oynadır, mən heç övladımı evləndirə bilmirəm. Hər şeyin də səbəbkarı imkansız, şəraitsiz olmağımız idi. Anamın arzusunu həyata keçirə bilməmişəm. Hələ ki, subayam. Düzdür, bir az yaşıma görə çətinlik çəkirəm ki, evlənim. Amma Allah bilən məsləhətdir" deyə sənətkarın övladı bildirib.
Oğlu sənətkarın son günlərindən də danışıb.
"Anamı evdə tək qoyub işə gedirdim. Evdə pişik var idi. Deyirdi ki, "pişiyi evə sal, heç olmasa tək olmayım, yanımda olsun: yıxılsam heç kim mənə kömək etməyəcək". Anamın ciyərinə su yığılırdı. Vaxtlı-vaxtında qulluq edirdim, həkimə aparırdım. Bir neçə dəfə xəstəxanaya yerləşdirmişdim. Yenə də tək idim. Heç bir qurumdan, nazirlikdən bir dəstək görmədim. Sonuncu dəfə də elə xəstəxanada idi. Dedim ki, narahat olma, sabah gəlib səninlə görüşəcəyəm. Səhəri gün yanına gedəndə həkim dedi ki, istəyirsən oyadım onunla görüş. Qıymadım, dedim ki, qoy yatsın. Gecə xəstəxanadan zəng edib dedilər ki, tez özünü çatdır, anan keçinir. Mən xəstəxanaya gedəndə o artıq həyatda yox idi" deyə sənətkarın oğlu bildirib.

Tarix: 19 yanvar 2024
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş