Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
“Rəhmətlik nənəm əlimdən tutub məni İrəvanda məscidə aparırdı”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Atam itkin düşən bacısını 1962-ci ildə Türkiyədə tapdı" adlı buraxılış qədim İrəvan şəhər sakini Mübariz Tağıyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, məktəb illərində oynadıqları oyunlardan, musiqiyə olan marağından söz açıb: "Atam kaman ustası idi. Ancaq məni o alət nəsə uşaqlıqdan cəlb etmirdi, axtarışda idim. Mənə estrada musiqisi daha yaxın idi. Ona baxmayaraq bizim evdə bütün vaxtlarda həmişə muğam səslənib. Atamı İrəvanda çox yaxşı tanıyırdılar. Yaxşı sənətkar idi. Mənə hər bir şeyi öyrədirdi".
Onun sözlərinə görə, orta məktəbdə və gənclik illərində rok musiqisi ilə məşğul olub, üzgüçülükdə uğurlar qazandığı üçün İrəvanda İdman İnstitutuna qəbul olunub: "Orada erməni psixoloq müəllim var idi, dedi ki, sən burada oxuya bilməzsən, sənə qiymət yazmayacam, çünki sən türksən. Düz 11 dəfə zaçot yazmadı, məni təhqir etdi. Onu yumruqla vurdum və oranı tərk etdim".
M.Tağıyev İrəvanın girişində olan türbəni, Təpəbaşı (Kond) məhəlləsini xatırladıb: "Orada azərbaycanlı evləri, məscidlər var idi. İrəvanda 11-ə yaxın məscid olub. Bizim məktəbin düz yanında məscid var idi. Gördük ki, barelyef kimi böyük bir daşın üstündə Andranikin şəkilidir, ancaq onun adını yazmayıblar. Gətirdilər onu ora qoydular. Rəhmətlik nənəm əlimdən tutub məni o məscidə aparırdı. Sonra onu da dağıtdılar, kül etdilər".
İrəvan sakini erməni qırğınından, deportasiyadan və ailəsinin doğma evlərini necə tərk etməsindən danışıb: "1915-ci ildə daşnaklar talanlar ediblər. Babamın baqqal dükanını dağıdıb kül ediblər. Nənəm həmişə deyirdi ki, Züleyxa qızım o qırğnlar vaxtı itkin düşüb. Onu 1962-ci ildə atam Türkiyədə tapdı. O vaxt qonşu öz uşaqları ilə bir yerdə qızı götürüb aparıb və sonra sərhəd qapısı bağlanıb. Deportasiyanı ermənilər azərbaycanlıları məcbur köçürmək üçün edirdilər. Ermənistan Dövlət Estrada Orkestrı ilə Abovyan, Yurmala şəhərində konsertlər zamanı daşnak ermənilər ifama maneələr törədir, narazılıq edirdilər. Nəhayət, atam mən əsgərliyə gedəndən sonra 1973-cü ildə ailəmizi Bakıya köçürdü".
O, 20 ilə yaxın Bakıda Mahnı Teatrında işlədiyini, həyata yenidən başlamağın asan olmadığını deyib: "Mən Bakıya alışa bilmirdim. Çünki İrəvan Vətənim idi, orada doğulub böyümüşəm. Hərdən bir fikirləşirdim ki, bir anlığa gedəydim, heç olmasa nənəmin, hansıki məni böyüdüb, gedəydim o qəbri görəydim, qardaşımın, babalarımın qəbrini görəydim. Sonra xəbər gəldi ki, oranı tarımar ediblər, qəbir yoxdu, hər bir şey şumlanıb. Vətənimizə qayıtmalıyıq ona görə ki, o bizim torpaqlardı, bizim Vətəndi. Ora uydurma, düzəldilmiş ermənilərin deyil. İrəvan şəhəri tarixən Azərbaycanındı. 44 günlük müharibə bizim qeyrət-namusumuzu qaytardı. Bu Vətənə qayıdış yüz faiz olacaq. Mən buna yüz faiz əminəm".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş yanvarın 5-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb. \\Milli.Az

Tarix: 05 yanvar 2024
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş