"BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR - 6"
"Ağ xalatlı Aypəri"
Şimşəyin işığında ağzımı tutan adamın üzünü gördüm. Sadəcə qışqırmıyım deyə ağzımı tutmuşdu.
- Sakit ol. Sakit ol, qızım. Bax, əlimi çəkirəm, ancaq, qışqırma.
- Kamran, dayı sənsən?
- Hə, mənəm. Qorxmadın ki?
- Biraz qorxdum.
Kamran dayı məni özünə tərəf çəkib başımdan öpdü.
- Sən burada nə iş görürsən?
- Əgər, dediklərimi eləsən, səni bacına apacam.
- İnanmıram.
- İndi deyəcəm inanacaqsan. Yasəməni qaçırtmışam ordan. Çətirin var?
- O nədir?
- Çətir da. Olur e belə, yağışdan qorunmaq üçün.
- Hə zontik? Yox, amma, Asya da var.
- Yaxşı onda başına örtməyə bir şey götür gedək.
Cəld əlimdəki kisələrdən birini başıma atdım.
- Bunu olar?
Kamram dayı gülməyini saxlaya bilmədi.
- Sən nə çox bilmiş qızsan? Gedək.
Astaca həyətin qapısını bağlıyıb yola düzəldik. Yağış getdikcə güclənirdi. Göyün gurultusundan az qala qulaq tutulurdu.
- Bəs, hanı maşın?
- Maşınla getmirik. Burada yaxındadı.
Kamran dayı elə sürətlə yeriyirdi ki, mən qaçsam da ona çata bilmirdim. Gah ayağım gölməçənin suyunda şappıldayır, gah da cırıq sandalım palçığa yapışıb ayağımdan çıxırdı. Kamran dayı Arzunun darvazasına çatan kimi özünü içəri soxdu.
- Cəld ol. Görən olar.
- Bura niyə.
- Tez ol da.
Əlimdən dartıb içəri saldı. Həyətin işığı yanırdı. Ümumiyyətlə bu işıq gecə- gündüz yanılı olurdu. Ona görə də onun indi yanmağı şübhə doğurmurdu. Səssizcə içəri keçdik. Kamran dayı arxa otağın pəncərəsini qalın adyalla bağlayıb, neft lampasını lap zəif xodda yandırmışdı. Bacımı görmək üçün cəld otağa girdim. Yasəməni görəndə tanımadım. Qızın üzü, gözü tamam şiş idi. Qollarında, ayağında olan göy zolaqlar qaranlıqda belə aydın görünürdü. Hətta, bəzi yerində qurumuş qan ləkəsi də var idi. Qaçıb bacıma sarıldım. O da məni bərk-bərk qucaqlayıb ağlamağa başladı. Getdikcə səsimiz yüksəlir özümüzü idarə edə bilmirdik. Kamran dayı da göz yaşını saxlaya bilmədi, ikimizi də qucaqlıyıb ağladı. Yasəmənin harasına əl vururdumsa tez arxaya çəkirdi. Bacımı polun üstə sərilmiş mitilə uzadıb, eyvana Kamran dayının yanına getdim.
- Buna nə olub, dayı?
O boyda cüssəli adam bükülüb ikiqat qalmışdı. Bilmirdi haradan başlayıb harada qutarsın.
- Aypəri, sakitcə, heç bir sual vermədən mənə qulaq as.
Dinmədim. Dayının səsində həm peşmançılıq, həm də bir narahatlıq hiss olunurdu.
- Mən çox peşmanam. Mən Allahın işinə qarışdım, qızım. Əgər, Tanrı məsləhət bilsəydi, o qadının özünə övlad verərdi. Mən əslində pis niyyətlə deyil, yox, qardaşımın üzünü güldürmək, evini şənləndirmək, həm də Yasəmənin gələcəyini yaxşı eləmək üçün etmişdim bunu. Amma, kaş siz mənə mane olaydız. Mən nə qədər günah etdim, İlahi.
Kamran dayının gözünün yaşı dayanmırdı. Özümü saxlaya bilməyib dilləndim.
- Axı nə baş verib? Niyə ağlayırsan? Yasəmənə nə olub?
- Ana olmaq üçün uşaq doğmaq əsas şərtmiş, Aypəri! Nuranə qıza əvvəllər yaxşı baxırdı. Hətta, mən düşündüyümdən də yaxşı. Bir ayın içində Yasəmən əməlli-başlı böyümüşdü. Ətə-qana gəlmişdi. Hərfləri, rəqəmləri, saymağı öyrənirdi. Diyəsən sonra Nuranə hardansa eşidib ki, sizin atanız sağdı və o, Arzunun qatilidi. Arzu həkim Nuranənin uzaqdan qohumu düşürdü. Bunu biləndən sonra qadın tamam dəyişdi. Gözünü açmağa qoymurdu qızın. Ən adi şeylərin üstə döyürdü. Amma, mən bunu 3-4 gün qabaq bilmişəm. O gündən də bu planı beynimdə qururdum. Dünən də gəlib baxdım sən evinizdə deyildin.
- Hə dünən babam təndirə çörək bişirirdi ona kömək edirdim. Bəs ondan əvvəlki gün niyə gəlmədin?
Kamran dayı dinmədi. Sözlər boğazında düyünlənib qaldı.
- Gələ bilmədim. Gətirə bilməzdim.
- İndi necə olacaq, Kamran dayı. Birdən gəlsələr?
- Birdən nədi? Mütləq gələcəklər! Biz bacardığımızdan da artıq ehtiyatlı, həm də tədbirli olmalıyıq.
- Mən qorxuram.
Atam bunu bilsə, Nuranə xalanı öldürəcək.
- Aypəri, nə atana, nə babana bu barədə heçnə bildirmək olmaz. Bax, məsələ belədi. Qardaşım polisdi. Çox yerlə əlaqəsi var. Hər yerə əl atacaq ki uşaq tapılsın. Sən qətiyyən bu barədə heç kimə demə. Heç özün də gəlmə bura. Mən hər gün Yasəmənə yemək-içmək gətirəcəm. Səni burda görən olsa şübhələnərlər. Eşitdinmi?
- Eşitdim.
- Bunların hamısını Yasəmənlə danışmışam. Düzdü, o körpədi. Qorxudan razılaşır. Məni arxayın salır, ancaq, mən öz tədbirimi görmüşəm. Sən 2-3 gün mənə kömək ol ki, nə Yasəmən tapılmasın, nə də mənim qaçırtdığım bilinməsin. Bu gecə yanında qal. Amma hava işıqlaşmamış get.
Kamran dayının şərtləri ilə razılaşdım. Dayı bacımla görüşüb getdi. Həyət qapısını bərk-bərk bağlıyıb evə girdim. Azru həkim divardan asılmış şəkilindən mənə elə qəzəblə baxdı ki, bütün bədənim üyüşdü. Tez qaçıb bacımın yanına girdim. Otağın da qapısını bağlıyıb, Yasəmənin yanına uzandım. Bacım artıq yuxuda idi. Ehmalca onu qucaqlıyıb yuxuya keçdim.
Gözümü açanda gün günorta olmuşdu. Yasəmən də yanımda deyildi. Tez çölə qaçdım. Bacım eyvanda oturub ayağındakı yaranın qabığını təmizliyirdi.
- Neynirsən burda? Dur keç içəri. Sənə nə tapşırıb dayı?
- Evimizə gedək da.
- Hələ yox, bacım. Evimizə getsən Nuranə xala səni gəlib aparar.
Bacım səssizcə durub otağa keçdi. Qapını bağlayıb həyətə düşdüm. Bir təhər həyətdən çıxıb evimizə tərəf qaçmağa başladım. Elə evə çatmışdım ki, arxamda maşın dayandı.
- Hara gedirsən Tık-tık xanım?
- Kamran dayı, necəsən?
Maşının arxa qapısı açıldı. Nuranə xanım maşından düşüb, əlini mənə uzatdı.
- Mələyim, gəl görüm yanıma. Xala sənə qurban.
Məni bağrına basıb öpük-öpük elədi. Çaşıb qaldım. Azca qalmışdı mən də onu bağrıma basım. Bir gözüm dayıda idi. Rəngi qap-qara qaralmışdı. Maşından düşüb evə tərəf boylandı.
- Təksən?
- Hə. Babam yəqin ki, inəkləri aparıb. Həm də o burda qalmır axı.
- Bilirəm. Deyirəm, bəlkə, kimsə ...
Mənə gözünü ağardıb nəsə demək istəyirdi. Mən anlamadım. Nuranə xanım aşağı əyilib məni birdə qucaqladı.
- Sən bu gecə harada yatmışdın? Yanı harada qalmışdın?
- Burada. Öz yerimdə. Nədir ki?
- Səni qorxutmaq istəmirəm. Biz Yasəməni axtarırıq.
Bacınım yerini bilməsəydim bəklə də bu xəbərə dəli olardım. Amma, indi çox rahat idim və bu xəbər demək olar ki, heç mənə təsir etmədi. Kamran dayının üzünə baxdım. Kişi əməlli-başlı şok yaşıyırdı. Gözləri az qalsın yerindən çıxacaqdı. Mən yenə də sakit durmuşdum. Cəld yanına gəlib məni özünə tərəf çevirdi. Göz-qaşıyla başa saldı ki, xəbərsiz olduğunu göstər.
- Yasəmən dünən axşam həyətdən yola çıxıb və qaçıb.
Yenə gözlərini bərəltdi.
- Siz nə danışırsız. Bacım hanı. Bəlkə, onu yenə itlər yeyib. Bəlkə, Arzunun qardaşı tapıb öldürüb. Bəlkə, ...
Ağlıma gələni danışıb özümü döyməyə başladım. Bayaqdan məni başa sala bilməyən Kamran dayı indi dayandıra bilmir. Ayağımı yerə döyüb mənə bacımı gətirin deyib çığırırdım. Dayı məni qucağına alıb maşına oturtdu. Getdik babamgilə. Babam yağışdan islanmış kisələri qurumaq üçün kolların üstünə atırdı. Bizi görən kimi qabağımıza yeridi.
- Ürəyin yerinə gəlsin. Yasəməni itiriblər. Allah bilir Arzunun qardaşı oğurluyub aparıb öldürüb.
- Ay qız, bir dayan görəm. Keç bu yana.
Babam qonaqlarla salamlaşdı. Nuranə xala elə yazıq sifəti almışdı ki, bacımın yerini deməməyə özümü güclə saxlayırdım.
- Nə deyir bu uşaq?
- Uşaq düz deyir.
Dayı sakit səslə babamın sualını cavablandırdı.
- Nuranə bacı Yasəmənə meyvə yuyub verib, yeməyə. Özü də axşam namazına durub. Bu vaxt uşaq həyətdən çıxıb. Elə 5-6 dəqiqənin içində yox olub. Dünəndən axtarmadığımız yer qalmayıb. Polis də axtarır.
Dayı bunu deyib mənə yenə göz ağartdı. Babam bunları eşidincə iki əliylə başına vurub, yaş kötüyün üstə oturdu.
- Yazıq körpə. Yazıq bala, kimlərə rast gəldin görən?
Babamı belə görüncə həqiqəti demək istiyirdim. Ancaq, Kamran dayı bir an belə gözünü məndən çəkmirdi. Hərdən barmağı ilə də susmağımı göstərirdi. Babam hirslə yerindən qalxıb Nuranə xanımın üstünə yeridi.
- Sənin qıldığın namaz sənə qənim olsun. Sən uşağa nə yaşatmısan ki, körpəcə uşaq fürsət tapan kimi qaçıb, hə? İndi mən sənin başına bir oyun açım ki, ...
Kamran dayı cəld araya girdi. Babam əl ağacını qadına tərəf tuşlayıb hədələməyə başladı.
- Səni qazamatlarda çürüdəcəm. Başını bağlayıb, əyilib-qalxmaqla deyil eee. Allahın tərəfində olasan gərək, şeytanın yox!
Babamın sözlərinə mat qalmışdım. Elə bil olanlardan xəbərdar idi. Kamran dayı Nuranə xanımı maşına əyləşdirib yanımıza qayıtdı.
- Dayı, bu işin günahkarı mənəm. Mən də Yasəməni tapıb sizə təhvil verəcəm.
Geri qayıdanda dodağının altında mızıldandı.
- Qapının açarını əl-üz yuyanın içinə atarsan. Axşam gələcəm.
Maşın xoda düşüb hərəkətə başladı. Babam hirsindən əlindəki ağacı ovuşdururdu.
- Sən gözü açıq ol. Bu gədədən gözüm su içmədi.Özünü, ya maşınını buralarda görsən məni çağır. Nə məsələdisə, ondan uzaq deyil.
Əlim üzümdə qaldı. Hər şeyi necə təxmin eləmişdi? Başımla "yaxşı" eləyib aralandım.
- Hara gedirsən?
- Evimizə.
- Gəl belə rədd ol. Görmürsən başımıza gəlməyən qalmır? Nə var o xarabada?!
Sakitcə keçdim evə. Amma, üreyim partlıyırdı. İstiyirdim gedim o tərəfi hərlənim. Birdən Yasəmən pərdəni açar, ya səsini çıxardar hər şeyin üstü açılar.
***
Axşam üstü babam malları gətirmək üçün sahəyə getdi. Ardınca çıxıb Arzunun evində bənd aldım. Qapını, pəncərəni yoxladım. Açarı əl-üz yuyanın içinə atıb qayıtdım. Evimizin yanından keçəndə atamın iyini hiss elədim. Bildim ki, atam gəlib. Qapını nə qədər itələsəm də açılmadı. Astaca çağırmağa başladım.
- Ata, mənəm. Qorxma heç kimə demərəm, aç qapını.
Bir neçə dəfə çağırandan sonra qapı içəridən açıldı. Qapının önündə məni vuran polisi görəndə yerimdə quruyub qaldım.
***
Gedim pasientlərimə baş çəkim, qaçım evə. Dünən də bir mələk doğulub, görüm adını nə qoyublar.
Özünüzə yaxşı baxın, gəlib ardını danışacam.
Ənvəroğlu Vasif