Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Ağ xalatlı Aypəri" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"

Onun adı gələndə qanım quruyurdu.
Cəlilin arxamca gəldiyini hiss edib meşənin dərinkillərinə qədər qaçdım. Atlı tamam gözdən itmişdi. Yıxılıb-durmaqdan dizlərim, dirsəklərim para-para olmuşdu. Cəlil çatırıb qolumdan yapışdı.
- Sənin neylədiyindi? Sən çağırmaqla, arxası ilə qaçmaqla dayanandı Əziz? İstiyirsən bir güllə də sənə vursun? Çox elə vecinəsiz onun. Böyük qızsan bir az ağılla hərəkət et. Əziz 5 ildi hökümətdən qaçaqdı. Onun indi ələ keçməsi ölümünə bərabərdi. O sənin çağırışına dayansaydı ...
Nəysə, gedək Yasəməngildə təkdir.
Dillənmədim. Sakitcə Cəlilin önünə düşüb evə tərəf yollandım. Yıxıldıqca Cəlil cəld qolumdan tutub qaldırırdı. Hava yavaş-yavaş işıqlaşırdı. Xoruzların səsi eşidilirdi. Qarın yağmağı dayanmışdı, amma, gecədən o qədər yağmışdı ki, 3-4 günə güclə əriyib qutarardı.
Gəlib evə yetişdik. Cəlilin gözəlçəsi üzü üstə pola uzanıb hıçqıra-hıçqıra ağlayırdı. Yasəmənsə öz yerində yatmışdı. Olanlardan xəbərsiz bacım səsimizə gözünü açdı.
- Hardan gəlirsən?
- Yoldan. Yat hələ tezdir durmağın.
- Atam gəlmişdi?
- Yox. Ne ata? Yolda araba aşmışdı ona kömək edirdik.
Yasəmən gözünü qırpmadan üzümə baxırdı.
Elə bil hiss edirdi ki canım burnumdadı.
- Yuxuda gördüm ki, atam gəlib. Bizi də aparır gedirik başqa yerdə yaşamağa.
- Bəxtəvər başıma. Onu biz elə yuxuda görərik. Ata hələ bizlə qaçdı-tutdu oynayır. Yat quzum mən də yatıram.
Üst-başımın qarını təmizləyib yatağıma uzandı. Cəlil həyətdə nəsə iş görürdü. Arada qapıdan arvadına nəsə deyib gedirdi. Bu dəfəki gəlişində qadının da səsi eşidildi. Məlumum oldu ki, Cəlil uşağı bastırır. Cəld yerimdən qalxıb həyətə çıxdım. Cəlil bağın girişində qazdığı xəndəkdə eşələnirdi.
- Niyə demirsən kömək edim?
Cəlil səsimə dik atıldı. Qorxudan əlindəki lapatkanı da atdı.
- Sənsən? Qorxutdun məni. Sən get yat, gəlirəm indi.
Düşüb Cəlilin yanına gəldim. Nə qədər özünü dəyanətli göstərməyə çalışsa da göz yaşını saxlaya bilmirdi. Onun yerinə kim olsa indi hönkürə-hönkürə ağlayardı. Özü öz əlləriylə gələcək ümidlərini, Tanrının ona bəxş etdiyi oğul payını torpağa tapşırırdı. Həm də öz günahının ucbatından. Kim bilir, bəlkə, Allah birdə ona övlad vermeyəcəkdi. Özümdən ixtiyarsız Cəlilin boynunu qucaqlıyıb ağladım. Daha Cəlil də özünü tuta bilmədi. Qazdığı xəndəyin yanında dizi üstə oturub, hönkürüb ağlamağa başladı.

***
Qarlı-şaxtalı qış günlərini geridə qoyub Baharı qarşıladıq. Hamı kimi olmasa da gücümüz çatan tədarük toplayıb Novruzu qeyd elədik. Hər tərəfdə həyat eşqi, hər kəsin üzün də yaşamaq həvəsi hiss olunurdu. Təkcə bizlərdən başqa. İnsanlığı, mənəvi dəyərləri, xüsusən də ailə dəyərlərini qanmayanlardan biri də Cəlilin arvadı idi. Onun dedi-qodusunun, dava-dalaşın ardı-arası kəsilmirdi. Hər gün bir oyun çıxardıb dava salırdı. Nəhayət Cəlili boğaza yığıb, istəyinə çatdı. Günlərin bir günü Cəlil onu evdən qovdu. Kənddə buna səbəb bizi desələr də Allah şahiddir ki, onun getməyində nə mənim, nə Yasəmənin günahı yox idi. Onsuz da o bizə ana yox, biz ona övlad kimi idik.
Cəlil deyilənlərin heç birinə əhəmiyyət vermirdi. Hətta bizədə tapşırırdı ki, dedi-qoduya məhəl qoymayın. O yaxşı bilirdi əgər bizə qarşı səhv bir addım atsa Əziz onu yaşatmaz. Ətinnən asardı Cəlili. Gözə görünməsə də gözü üstümüzdə idi. Düşmənçilikləri öz yerində, amma, arada Cəlilin də dadına yetirdi. Əkin-biçin vaxtı neçə ismarış göndərirdi bilmirəm, briqədir Cəlilin işlərini birinci həll edirdi. Suyunu vaxtı vaxtında bağlayır, mal-qarasının yemini artıqlamasıyla verirdi. Amma, bu aralar mənim canımı başqa şey sıxırdı. Qonşu kənddən olan hadıx Cənnətin nəvəsi mənə göz verib, işıq vermirdi. Onun əlindən nə rahat məktəbə gedə bilmirəm, nə də bir işin qulpundan yapışa bilirdim. Hər Allahın verən günü qabağımı kəsib eşq elan edirdi. O Cənnətin adı gələndə qanım quruyurdu. O ki, qala onun ocağına gəlin gedəydim. Həm də Yasəmənə söz vermişdim ki, səni tək buraxmayaq. Özüm oxuya bilməsəm də səni ali məktəbdə oxudacam. Arzu doktorun kitablarını oxuduqca içimdə həkim olmaq istəyi yaranmışdı. Bunu Cəlil də çox istiyirdi ki, ikimizdən birimiz həkim olaq.
Yay tətilində kəndin kənarındakı göldə bir uşaq batmışdı. Kimi marağa, kimi haraya getmişdi, demək olar ki, hamı orada idi. Bilirdim ki, Kamram dayı da gələcək. Bizim kəndlərə həkimləri o gətirirdi həmişə. Onu görmək üçün mən də hadisə yerinə getdim. Fikrimdə yanılmadım. Kamran dayı ilə rastlaşdıq. Bu illər ərzində bezmədən, usanmadan bizə öz köməyini əsirgəmədi bu adam. Yenə də eyni isti münasibətlə məni qarşılayıb, bağrına basdı. İş başında idi deyə çox tutmadım. Xahiş elədim ki, vaxtı olan kimi bizə gəlsin. Ona deyəcək vacib sözüm var.
İki gün sonra axşamçağı Kamran dayı əlində dolu səbət qapının önündə göründü. İçəri dəvət etsəm də gəlmədi. Belə qərara gəldik ki, gəzə-gəzə öz evimizə, həm də babamın evinə baş çəkək. Eyni zamanda da söhbətimizi edək. Yasəmən oxuduğu kitabı buraxıb gəlmədi. Həm də Cəlil harda olsa indilərdə gələcəkdi. Bizi evdə görməsə narahat olardı. Yol bolu evdə - eşikdə baş verənlərdən danışa-danışa gəlib babamın evinə çatdıq. Həyətə girib tut ağacının kölgəsindəki masanın ətrafında oturduq. Kamran dayı ətrafa göz gəzdirdikcə köks ötürür, gözlədi dolurdu.
- Rəhmətlik məni evdən necə qovdu?! Bir də mənim həndəvərimə hərlənmə demişdi. Görəsən indi narahat deyil ki? Hər şey bir yana heyf o kişidən. Çox heyf. Allah Nurayənə göstərir etdiklərini.
- Ne olub ki, Nuranə xanıma.
- Day nə olmadı ki. Əvvəl qardaşı öldü, bir qızı vardı. Heç ili çıxmamış gəlin uşağı da qoyub getdi. Nuranə himayəsinə götürdü 4 yaşının içində idi. O da 5-6 ay sonra qanında xərçəng aşkar olundu. Heç 4 yaşı tamam olmamış vəfat etdi, uşaq. Nuranə ondan sonra ağır xəstə yatdı. İndi də nervo-patoloq himayəsindədi.
- Allah özü bilən məsləhətdi. Biz ona bir dəfə də olsun qarğış etmədik. Allaha həvalə etdik.
Çay hazırlayım.
- Yox qızım. Sən danış görüm nəsə vacib sözün vardı.
- Bilmirəm necə deyim. Əslində utanıram bu barədə sizlə danışmağa. Amma, başqa deyəcək adam yox. Qızlar adətən belə sözlərini anasına deyər, mənim...
Qəhər məni boğdu. Gözüm yaşardı. Kamran dayı da gözlərini bir nöqtəyə zilləyib fikirə getmişdi. Xeyli sakit dayandıq.
- Allah anana rəhmət eləsin. Səni başa düşürəm qızım.
- Bunu Cəlilin yanında deyə bilmərəm. Bilirəm ki, desəm, mütləq bir xəta eləyəcək. Onu da itirsək tamam başsız qalarıq. Pisdən-yaxşıdan başımızda böyükdü. Ona görə bizə dəyib-dolaşan da yoxdu. Əvvəllər uşaq idik, heç nəyi vecə almırdıq. Heç kimin marağında deyildik. İndi böyüdük, hər işimizə fikir verirlər, hərəkətimizə göz qoyurlar. İnsanlar çirkinləşib, əməlləri mundarlaşıb. İstəmirəm heçnədən adımız pisə çəkilsin. Ağzı göyçəklərin dilində söz yeri olaq. Başımda böyüyümüz də yox.
- Elədi qızəm. Yiyəsiz quzunu tula da qapar. Nədir çətinliyin, nədən narahatsan? Danış, mən də bilim.
Yenə dilim-dodağım qurudu. Bədənimi qəribə bir hiss bürüdü. Başımı aşağı sallayıb utana-utana dərdimi anlatmağa başladım.
- Üzüm ayağının altına, Kamran dayı.
- Əstafurullah de qızım. Allah eləməsin.

- Bu hadıx Cənnətin bir ilan yeyən nəvəsi var. Məni qarabaqara izləyir. Günümü qara eləyib güllə dəymiş.
- Nə yaşdadı?
- Əsgərlikdən bu yaz gəlib. Yolu yumrulmuş. Hər gün buralarda sülənir. Bir gün Cəlilə rast gələcək, yenə vay qanlı mən olacam.
- Adı nədi onun?
- Daşa yazılsın adı onun. Adını bilmirəm, uşaqlar Gürzə deyin çağırır.
Çox sözü deyə bilmədim. Kamran dayının da gözlərində qığılcım oynadı. İstəmirdim mənə görə davaya düşsün.
- Nə deyir sənə, Aypəri? Hədə gəlir, yoxsa, evlənməkmi istəyir?
- Elə hər ikisini. Əvvəl gündən deyir ki, səni istəməyə gələcək nənəm. Amma, bilmirik kimin yanına gələk. İndi də deyir ki, qapısını döyməyə adamın yoxdu, səni qaçırdacam!
Kamran dayı qəfil ayağa qalxdı. Üzündə bir ifadə vardı ki, mən bunu yalnız uşaq vaxdı atam hirsini cilovlaya bilməyəndə görürdüm.
- Sən heç nədən qorxma. O gürzədi koramaldı nədi onun başını əzib quyruğunu da çöldə qoyub basdıraram. İlan ulduz görməmiş ölməz deyirlər.
Kamran dayı məni elə ordaca qoyub getdi. Onun bu gedişindən çox qorxdum. İçimdə özümü tənqid eləməyə, söyməyə başladım. Qapını bağlayana kimi kişi gözdən itdi. Yeyin addımlarla evə gəldim. Cəlil həyətdə oturub kəndir hörürdü. Məni görüb başını qaldırdı.
- Hardan gəlirsən qaraçı?
- Kamran dayı gəlmişdi. Onunla evlərə baş çəkirdik.
- Yasəmən hanı bəs?
- Evdə. Kitab oxuyurdu mən gedəndə.
- Gəl otur sənə sözüm var.
Bu sözə ayaq üstə öldüm. Elə bil ayağımdan daş asıldı. Ayağımı güclə sürüyüb Cəlilə yaxınlaşdım. Yanındakı kötüyün üstə oturdum.
- Səhər atın xurcunundan məktub tapdım.
Daha ağlımı tamam itirdim. Qulaqlarım tutuldu. Bircə bu qalmışdı başıma gəlməyən. Gözümü yumub Cəlilin şilləsini, ya da üzümə çırpılacaq məktubu gözləyirdim.
- Əziz məktub qoyub yenə.
İlahi, ele bil çiynimdən dəyirman daşı götürdülər. Dərindən nəfəs alıb gözlərimi açdım.
- Nə yazıb ki?
- Yazır ki, mən gedirəm Bərdəyə. Mal aparır satmağa. Özünüzü və evlərinizi qoruyun. Həyətin işıqlarını yanılı saxlayın, itlərin yalını vaxtında verin. Uzağı 1 həftəyə qayıdacam.
Belə yazıb. Mən də məktubu verdim polisə. İndi inşallah Bərdə bazarında keçi kimi qulağından tutub mələdə-mələdə atarlar içəri.
- Biraz, inandırıcı gəlmədi mənə. Adam dövlətdən qaçaq ola, həm də düşməninə yerini-yatağını, gedib gəldiyi vaxtı dəqiqliklə yaza? Yox, Əziz bu səhvi eləməz!
- Eləməzdi, amma, eləyir. Bilirsən niyə? Çünki, o koldakı şıqqıltıya da səksənir. Təslim olmaq istəyir da. Ancaq, özü yox, belə plan qurur ki, guya qəfildən tutulub. Özünü yendirmir də kişi.
Cəlilin sözlərinə məhəl qoymayıb içəri keçdim. Yasəmən elə kitab qucağında yatmışdı. Üstünə bir adyal atıb özüm də yanında uzandım. Kamran dayının sifəti, qapıdan çıxışı gözümdən getmirdi.

***
Nə atamın tutulmağından, nə də Cənnət qarının nəvəsindən bir xəbər gəlmədi. İki həftədən çoxdur ki, sakitçilikdi. Bu sakitçilik Cəlili də narahat edirdi. Onun planında atamı tutmalıydılar. Amma, diyəsən plan baş tutmamışdı. Ona görə də heçnədən səsini qaldırır, hirsini bizim üstümüzə tökürdü.
Gecədən xeyli keçmiş Kamran dayının maşını qapının önündə dayandı. Cəlili səsləyib həyətə girdi.
- Yatmamısız?
Cəlil irəli yeridi.
- Yatmaq olur ki istidən? Səndən nə əcəb gecə vaxtı?
- Uşaqları aparmağa gəlmişəm.
- Hara?
Kamran dayı gedəcəyimiz yeri demək istəmədi.
- İstiyirəm uşaqları sabah gəzdirim. Bəlkə yorğunluqları çıxa.
- Nə deyirəm ki? Aparırsan lap yaxşı. Yolunuz açıq olsun.
Cəlil başı ilə getməyimizi işarə elədi. Cəld qaçıb əynimizi dəyişdik. Təzə paltarlarımızı geyinib çıxdıq. Cəlillə sağollaşıb maşına mindik. Evlərimizin önündən keçib rayona tərəf yol aldıq.
- Yaxşısız? Nə əcəb yatmamışdız?
- Yatmış sayılırdıq. Hara gedirik Kamran dayı?
- İndi gedirik bizə. Sabah Allah deyən olsun Samirə bacınıza nişan edəcəm, istəyirəm siz də orda olasız.
- A nə yaxşı! Mübarək olsun.
- İnşallah, sizə də qismət olsun.
Bir xeyli səssiz yolumuza davam elədik. Yasəmən başını çiynimə qoyub yuxulayırdı.
Kamran dayı asta səslə Yasəməni çağırdı.
- Yasəmən, yatıbsan?
- Hə, yatıb. Oyadım?
- Yox, yox oyatma. Elə yatmağı yaxşıdı. Mən o gədəylə danışdım. Dedim bir də qələt eliyib sənin həndəvərinə fırlanmasın. Gəlib, eləmir ki?
- Görmürəm. Yəqin ki, gəlmir. Çox sağ ol, Kamran dayı. Bizə daim böyüklük, doğmalıq qayğısı göstərdiyin üçün minnətdarıq.
Beləcə söhbətimizə davam edib gəlib rayona çatdıq. Bizi evdə evin xanımı qarşıladı. Ayırdıqları otağda yerləşdirib, istirahət etməyimizi söylədi. Hərəmiz bir çarpayıya uzandıq. Yasəmən elə başını yastığa qoyan kimi yatdı. Amma, mən yata bilmədim. Nədənsə ürəyimə danmışdı ki, Nuranə gələ bilər. Gümanımda yanılmadım. Qapı astaca aralandı. Kimsə barmağının ucunda içəri keçib, qapını səssizcə örtdü. Adam bir baş Yasəmənin üstə yeriyib, özü ilə gətirdiyi balaca döşəkcəni bacımın ağzına basıb boğmağa başladı.

***
- Aypəri xanım, yas yerinə gedirsiz?
- Əlbətdə gedirəm. Mən Nurcanın ölümünü eşidəndən heç özümə gələ bilmirəm. Onun körpə uşaqları necə olacaq?!
- Həkim uşaqlar da böyüyəcək, ağlayan da kiriyəcək, heyf ölənin canına.
- Doğrudu. Hazırsansa, çıxaq.
- Hə gedək. Taksı çağırmışam, həyətdə gözləyir.

Biz getdik əziz dostlar. Özünüzə yaxşı baxın, gəlib ardını danışacam.
(Ardı var) 




Müəllif: Vasif Ənvəroğlu

Gender.Az

Tarix: 04 fevral 2023
Baxış: 404

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş