Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Heç kim öz bətnindəki körpəsini sevə-sevə öldürmür - Vasif Ənvəroğlu "BƏTİNDƏ ÖLƏN ...
 


“BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR – 4”
“Ağ xalatlı Aypəri.”
Üzümə düşən gün işığına gözümü açdım. Babamın yerində yatmışdım. Heç bu vaxta qədər yatmazdım. Cəld yerimdən qalxmaq istəyəndə elə bil başınım dərisi dartıldı. Qışqırıb yaramı əlimlə sıxdım. Təzədən yatağa uzandım. Ətrafım qanlı əskilərlə dolu idi. Yuxudan ayıldıqca dünən olanlar yadıma düşməyə başladı. Otaqda Yasəmən gözümə dəymədi. Astaca ayağa qalxıb qapıya yaxınlaşdım. Babam yanında iki kişi həyətdəki masanın ətrafında oturmuşdular. Adamın birini görən kimi tanıdım. Üzü mənə tərəf olan kişi dünən bacımın yerini deyən adam idi. Babamla söhbətləri yekunlaşmışdı, ayağa qalxıb vidalaşdılar. Babam qonaqlarını yola salıb evə tərəf gəldi. Qapının ağzında qarşılaşdıq.
- Onlar kim idi, baba?
- Hara gedirsən bu başla? Sənə süd bişirmişəm gəl səhər yeməyi ye.
- Yasəmən hanı?
- Buralarda idi. Yəqin, Asya ilə oynamağa gedib.
Asyanın adını eşidəndə cin vurdu məni. Qapıdan çıxmaq istəyirdim babam qolumdan tutub stolun yanına gətirdi.
- Gəl otur, səninlə söhbətim var.
Keçib sakitcə stulda oturdum. Babam fincana süd süzüb qabağıma qoydu.
- De görüm bu nə məsələdi? Siz o saatda niyə oyaq idiz? Sən o adamları niyə içəri buraxıbsan?
Gecə olan əhvalatı olduğu kimi babama danışdım. Danışdıqca da hər şeyi xatırladım. Xeyli səssiz dayandı. Südü içib bitirdim.
- Səni vuran polisi tanıyırsan?
- Hə, niyə tanımıram ki?
Babamın gözlərində ümid parıldadı. Stulunu biraz da yaxına şəkdi.
- Adı nədir o əclafın?
- Adını nə bilim, ay baba? Üzünü tanıyıram. Arıq, uzun, gözləri də dana gözü kimi bərələ idi.
- A bala, tanımaq helə olur?
- Necə olur e bəs?
- Adam tanıdığının adını bilər, evi tanıyar, maşını nə rəngdədi, nömrəsi neçədi, kimin oğludu, kimin atasıdı? Yoxsa arıq, uzun ... Sən deyən nişanda o qədər polis var ki.
Babam ayağa qalxıb kəmərini bərkitdi.
- Sən demədin ey kim idi gələnlər.
Babam dillənmədi. Qaşını qaldırsa da başını qaldırmadı. Baxışlarını yerə zilləyib durdu. Dərindən nəfəs alıb işləməkdən para-para olmuş əlini çiynimə qoydu.
- Mən tarlaya gedirəm. Sən yeməyini ye, get bacını gətir evə. Burada olun, bayıra çıxmıyın. O yas yerinə də getmiyin. Deyirlər bu səhər türmədəki qardaşı da gəlib. Ehtiyatlı olmalıyıq.
Arabanın cırıltısı getdikcə uzaqlaşdı. Babamın gedişindən əmin oldum. Yeməyimi yarımçıq qoyub tez evdən çıxdım. Üz tutdum bacımgilin yanına. Asyanın əynindəki bənövşəyi rəngli don təzədən seçilmirdi. Bacımın paltarının isə nə rəngi, nə də forması bilinmirdi. Yasəməngilə çatar-çatmaz yolda əlimə götürdüyüm çomaqla Asyanın açıq qalan baldırlarına 2 çomaq ilişdirdim. Asya əqrəb sancmış at kimi atılıb düşməyə başladı. Necə qışqırdısa, səsindən qulaq tutulurdu. Tez bacımın əlindən tutub babamın evinə qaçdıq. Yolda bacım yıxılsa da sürütləyib içəri saldım. Asyanın ağlamaq səsini hələ də eşidirdik. Qapını arxadan bağlayıb, həyətdəki ağacların kölgəsində oynamağa başladıq.
Günorta babam da gəldi. Bişirdiyi dana ətindən iştahla yeyib, süfrəni yığdıq. Babam əllərini yuxarı qaldırıb nəsə pıçıldayırdı. Onda anladım ki, yediyimiz anamın ehsanı imiş. Mən də əllərimi babam kimi tutub anam üçün Tanrıdan rəhmət dilədim.
Hava qaralana yaxın qapının ağzında iki polis, yanlarında isə üz-gözündən xəstəyə oxşayan bir nəfər dayandı. Babam bunları görən kimi mənə evə getməyi tapşırdı. Mən qapıdan 10-15 addım aralanıb kötüyün üstə oturdum. Birinci söhbətə babam başladı.
- Allah Arzuya rəhmət eləsin.
Adam dinmədi. Babam yenə əlavə etdi.
- Allah sənin də qapını açsın.
- Bura bax qoca, biz ta əzəldən sizə xidmətçi olmuşuq. Hər yerdə sizi başımızda bilmişik. Arzu da, mən də, rəhmətlik anam da, gorbagor dədəm də əlinizin buyruqçusu olmuşuq. Oğlunsa əvəzində qururumu sındırdı, bacımın namusuna dil uzatdı, torpağımızı əlimizdən aldı, bu da axırı.
Babam bütün olanların günahkarı kimi başını aşağı sallıyıb, dinmirdi.
- Sənin gəlinin öz küçüyünü öldürürsə buna Arzu neyləsin?
- Oğlum, heç kim öz bətnindəki körpəsini sevə-sevə öldürmür!
- Ay sağ ol. O nadürüst oğlun oğul əkə bilmirsə, burda bacımın nə günahı var?
Babam cavab vermək istəsə də adam imkan vermədi.
- Aç qulaqlarını məni yaxşı dinlə. Onu yerin dibində də olsa tapıb cəmi bircə güllə ilə öldürəcəm. Sonra, mundar cəsədini Arzunun yas çadırı kimi yandıracam.
Babamdan cavab gözləsə də babam dinmədi. Gözlərini oğlanın hirsindən az qala yerindən çıxan gözlərinə dikib sanki mərhəmət diləyirdi.
- Əzizi də öldürəcəm, balalarını da.
Babam daha dayana bilmədi. Onları elə qapının ağzındaca qoyub içəri keçdi. Ağır adımlarla gəlib stul kimi düzəldilmiş kötüyün üstə oturdu. Yasəmən gəlib babamın boynunu qucaqlıyır, üz gözündən öpürdü. Babamın gözlərindən yaş gəlməyə başladı. Üzündəki ifadədən içində bir ağrı, bir istirab hiss olunurdu. Yasəmənin yumuru üzünü ovcunun içinə alıb alnından öpdü. Sonra, başını köksünə basıb, hönkürtü ilə ağlamağa başladı.
Babam Yasəməni evə göndərib, səhərdən bəri verdiyim sualın cavabını açıqladı.
- Sən səhər gələn adamları tanıdın?
Cavab verməkdən çəkindim. Yanı nəticəsinin nə olacağından ehtiyat etdim.
- Diyəsən haradasa görmüşəm.
- Mavi köynək geyinən o gün Yasəmənin yerini deyən adamdı. Yanındakı da qardaşıdı.
Babam bunu deyib dayandı. Cibindən çıxartdığı tütünü qəlyana doldurub yandırdı. Babamın burnundan, ağzından çıxan tüstüdən eyni ilə atamın qoxusu gəlirdi.
- Xeyir idimi, nəyə gəlmişdilər?
- O kişi xəstəxanada xidməti maşın sürür. Qardaşı da keçmiş polis işçisi olub. İndi yaşlanıb işləmir. Uzun illər evli olsa da övladı yoxdu. Dünən sizi həm yolda həm də yas yerində görüblər. Gəlmişdilər səni övladlığa istəməyə.
- Baba sən nə danışırsan? Nə cavab verdin bəs? İndi məni onlara verirsən?
- Yox! Yox, razı olmadım. Dedim böyük qızdı. Yaşından böyük təfəkkürə, bacarığa malikdi. Atası onu hər zəhmətə qatlaşmağı öyrədib.
Babamın sözləri məni razı saldı. Sakitcə onun hər hərəkətini, daxili ilə söhbətini seyr etməyə başladım.
- Aypəri, istəyirəm Yasəmənə bir himayədarlıq edən olsun. Gələcəyinə bir yol açılsın. Buna görə də onlara Yasənəmi təklif elədim.
Heç bu da ürəyimcə olmadı, dillənmədim. Babamın dediklərində həqiqət var idi. Ancaq, nə mən bacımsız, nə də bacım mənsiz qala bilməzdi.
- Bəs, onlar nə dedilər?
- Dedilər gedib evdə yoldaşı ilə məsləhətləşsinlər. Razılıq olsa, sabah tezdən gələcəklər.
Babam heyvanın axuruna ot töküb içəri keçdi. Mən də əl-ayağımı yuyub onun dalınca getdim. Babam öz taxtında bizə yer hazırlayıb, özü isə taxtın qabağında, polun üstə sərdiyi köhnə mitilin üstə uzanmışdı. Oturub onun yuxuya keçməsini gözlədim. Qəstlə Yasəməni danışdırırdım ki, yuxuya keçməsin. Yoxsa, onu oyatmaq çətin olacaqdı. Babam yuxuya keçən kimi yorğunluqdan xoruldamağa başladı. Səssizcə bacımın əlindən tutub həyətə çıxartdım. Pıçıltı ilə başa saldım ki, burdan qaçmaq lazımdı. Həyət qapısını astaca örtüb, öz evimizə doğru qaçdıq. Amma, bizi burada tez tapardılar deyə evdən çıxıb gizlənmək üçün meşəyə üz tutduq. Yolda ayaq səsimizə arxamızca düşən itlərdən yaxa qutarmaq üçün hərəmiz bir tərəfə qaçdıq.Yasəməni itirmək qorxusu itlərdən qaçmaq qorxusuna üstün gəldi. Getdiyim yolu dala qayıdıb itlərin bacımı qovduğu istiqamətə qayıtdım.
***
- Doktor, olar?
- Vacib deyilsə, sonra baxaram.
- Əməliyyata xəstə götürmüşük, vəziyyəti ağırdı. Mümkünsə gəlin.
- Yiyələrindən gələn var?
- Bəli, yoldaşı burdadır.
- Lap yaxşı, hazırlaşsınlar düşürəm.
İndi gəl bu başla bu cür əməliyyata gir. Ya Allah mən getdim. Özünüzə yaxşı baxın, gəlib davamını danışacam.
(ardı var) \\101.az

 

Tarix: 22 iyun 2020
Baxış: 542

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş