Nurlana Umudvar: “Uşaq yazıçıları çox diqqətli olmalıdır, biz yazılarımızda yalançı xoşbəxtliyi və ya neqativ duyğuları təbliğ etməməliyik”
“Ailədə xoşbəxt olmayan uşaq çətin ki, cəmiyyət içində parlaya bilsin”
“Bir şeyi çox istəyirsənsə, daxilində basdırmalı deyilsən, etməlisən, vəssalam!”
“Mən öz taleyimi yaşamağa gəlmişəm, dünya isə özü bilər...”
“Səmimi söhbət”in bu dəfəki qonağı, ədəbi mühitdə uşaq ədəbiyyatı yazıçısı kimi tanınan, əvvəllər Nurlana İşıq, hazırda isə Nurlana Umudvar təxəllüsü ilə yazıb-yaradan Nurlana Məmmədovanın nağıl-hekayə janrında yazdığı əsərlərdən ibarət “Su”, “Şlyapalı dayanacaq” kitabları həm Azərbaycanda, həm də qardaş Türkiyədə işıq üzü görüb. Yazıçının nağıl və hekayələri “Ulduz” və “Mücrü” dərgilərində, “Ədəbiyyat” qəzetində çap olunub. Bu yaxınlarda isə Nurlana Umudvarın “Nağıllar işığında” adlı yeni kitabı balaca oxucuların ixtiyarına verilib.
-Nurlana xanım, xoş gördük sizi. Siz artıq ədəbi mühitdə uşaq yazıçısı kimi tanınırsınız. Bir neçə kitabınız işıq üzü görüb. Özü də təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda, qardaş Türkiyədə də balaca oxucular sizin nağıl və hekayələrinizlə tanışdır. İlk hekayənizi nə vaxt yazmısınız? Mövzusunu xatırlayırsınız? Ümumiyyətlə, yazıçılığa gəlişiniz haqda eşitmək maraqlı olardı.
-Xoş gördük. İlk hekayəmin adı “Su”dur. Beş-altı il əvvəl yazmışam. Burada düşmən olan iki uşağın bu düşmənçiliyi anlaya bilməməsindən, çıxış yolu axtarmasından, böyüklərin isə bu düşmənçiliyi uzun müddət sürdürməsindən söhbət gedir. Hekayə avtobioqrafikdir.Bir gün ayıldım ki, həyatı çox sevirəm və çox sevilmək istəyirəm. Birdən-birə kövrəldim və başladım bu hekayəni yazmağa. Sonra istədim ki, onu oxusunlar, məni anlasınlar. Özünü daha çox ifadə etmək istəyənlər bu cür edir. Kimsədən məsləhət almadan kitab çıxardım. Təxminən 60 səhifəlik bir kitab idi. Buna kitab demək olarsa. Yaxınlarım yazıçı olmaq istəyimə ironiya ilə yanaşdılar, ciddiyə almadılar. Amma ilk işimdən aldığım rəylər sadəcə möhtəşəm idi. Mən yazımı redaktə etməmişdim. Sonralar bu işi öyrəndim. Müəlimim də Səhər Əhməd oldu. Bu uzun hekayəmi – ilk hekayəmi nağılları araşdıran bir alimə göstərmişdim. O, mənə əsl yazıçı olacağımı demişdi. Bu da məndə böyük motivasiya yaratmışdı. Özünə inamın qüdrətinə çox inanıram. Səni çox insan tənqid edə bilər, amma ürəyin səsi ki var, bax buna əməl etmək lazımdır. Bir şeyi çox istəyirsənsə, daxilində basdırmalı deyilsən, etməlisən, vəssalam!
-İlk hekayənizin oxucusu kim olub? Bəs bu gün ən ciddi balaca tənqidçiniz kimdir: öz övladlarınız, ya şagirdləriniz? Əsərlərinizlə bəşəriyyətə hansı fikri çatdırmaq istəyirsiniz? Uşaqlara hansı xüsusiyyətləri aşılamağı hədəfləmisiniz? -Uşaqlarım məni tənqid etmirlər. Deyəsən, ciddi oxumurlar, eybi yox, böyüyəndə oxuyarlar. Hələ daha çox ana-bala missiyasını yerinə yetiririk. Bəlkə, bir gün oxucum da olarlar. Amma şagirdlərim, başqa məsələ, məni çox şirin tənqid edirlər. Bunu görən yazıçı yazmasın, neyləsin?! Onlar özləri də mənə baxıb yazmağa başlayıblar, özü də həvəslə. Bir nüans deyim: onlara kiçik hekayə qurmağı və bənzətmədən istifadə etməyi tapşırmışdım. Bu on – on bir yaşlı uşaqlar qardan adamı təsvir edib, onu bələkdəki körpəyə bənzətmişdilər. Dünyanın ən bəyaz, ən saf bənzətməsi deyilmi?! Görürsünüz, bizim uşaqlardan öyrənəcəyimiz çox şey var, sadəcə qulaq asmaq lazımdır. Bizim tədrisdə “Dinləmə” adlı məzmun xətti var. Bəzən müəllimlər elə bilirlər ki, şagirdlər bizi dinləməlidirlər, lakin dərsin dinləyib-anlama hissəsində də qeyd olunduğu kimi, biz onların bütün hərəkətlərini izləməli və verdikləri suallara cavab verməliyik. O ki qaldı mən onlara nəyi aşılayıram, ya tövsiyə edirəm, heç bir şey, sadəcə zövqü və yeniliyi göstərirəm. Necə? – Ən gözəl klassik musiqi əsərlərini dinlədərək(bu onları düşünməyə, yaradıcı təfəkkürlərini işlətməyə vadar edir), evdə məşq edib onların bəyəndiyi bir şeiri intonasiya ilə söyləyərək, terapevtik bir nağıl və ya hekayəni bacardığım qədər yaxşı nitqlə danışaraq, və s. Amma etməli olduğum şeylər çoxdur, mən də öyrənirəm.
-Kitablarınıza maraqlı adlar verirsiniz. Misalçün, "Şlyapalı dayanacaq". Bu da uşaq psixologiyasına yaxından bələd olmağınızdan irəli gəlir. Əslində təbiidir. Çünki illərin müəllimi, pedaqoqusunuz. Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirsiniz. Bəs uşaqlara doğma dilimizi, bədii nümunələri sevdirmək üçün xüsusi medodikaniz var? Onlarla ünsiyyəti necə qurursunuz? Müəllim-şagird, ya dost kimi? -Xüsusi metodika dediniz. Bəli, mən fərqliliyi sevirəm. Mənim metodikamda terapevtik nağıllar üstünlük təşkil edir. Mən Türkiyəli bir müəllimdən bunun dərsini də alıram hal-hazırda. Bu il imtahanını da verməyə hazırlaşıram. Bilirik ki, dünya texnologiya sahəsində nə qədər irəli getsə də, sürət əsrinin uşaqları əqli, fiziki, psixoloji cəhətdən geri qalırlar. Düymələri idarə edərək sürətlə irəliləyə bilərsən, lakin qarşıdakı uçurumu görə bilməzsən. Kompüterdə, telefonda, oyunlarda özünü tapan uşaqlarımız heç də əsl xoşbəxtlik hissini dada bilmirlər. Mən dərsimdə nağılterapiyalar edərək, onlara öz həqiqi dünyalarında rahat ola biləcəklərini göstərirəm.
-Öz uşaqlığınızı necə xatırlayırsınız? Sizin fərqli, maraqlı, şipşirin nağılı xatırladan bir dünyanız var. Hətta evinizdə də bu dünyanın kiçik bir parçasını yarada bilmisiniz. O dünyaya düşəndə zaman- məkan anlayışını itirirsən, sanki uşaqlaşırsan, daxilən saflaşırsan. Bu amansız, ədalətsiz dünyada daxilinizdəki o məsum körpəni, şaf, təmiz uşağı qoruyub saxlamaq çətin deyil ki? -Bilirsiniz, dünyanın necə olmağı mənim üçün o qədər də vacib deyil. Elə uşaqlarda da belədir. Onlar nə istəyirlərsə, edirlər. Mən öz taleyimi yaşamağa gəlmişəm, bacardığımı edirəm. Dünya isə özü bilər.
-İki övlad anasısınız. Bir qızınız, bir oğlunuz var. Bilirəm ki, yeniyetmə qızınız da yazıçılığa meyllidir. Artıq hekayələri nəşr olunur. Hətta sizin bir yazıçı kimi tanınmağınız, daha doğrusu kəşf olunmağınız məhz qızınız sayəsində mümkün olub. Mümkünsə bu haqda danışardınız. Qızınız sizə uşaqlığınızdakı sizi xatırladır? Onun gələcəyini necə görürsünüz? -Qızım şairdir, şeirlər yazır. Qəribə tərzi var. İnanıram ki, gələcəkdə öz yolunu tapacaq. Qızımın məndən daha cəsarətli olduğunu düşünürəm. İkimiz də tərəzi bürcüyük. Yaradıcılığı sevirik.
-Sosial şəbəkələrdəki paylaşımlarınızı böyük maraqla izləyirəm. Dil, ədəbiyyat, həyat, uşaq aləmi haqda fikirləriniz orijinal və dəyərlidir. Xüsusilə də oğlunuz haqda yazdıqlarınızı, onun davranışlarına verdiyiniz şərhlər çox əyləncəlidir. Hiss olunur ki, övladlarınızla dostsunuz, oglunuzla isə xüsusi bir ruh bağlılığınız var.
-Hə, daha çox oğlumla dostam. Qızım yeniyetmədir, maraqlı kaprizləri var. Gah Xəzri olur, gah da Gilavar. Nə edə bilərik, hər kəs bir gün yeniyetmə olur. Səbrlə böyüməsini gözləyirəm. Hərdən isə onlara baxıb fikirləşirəm; kaş balaca olardılar, qucağıma alıb əzizləyərdim, göylərə atıb-tutardım, onlar da həyacanla gülərdilər. Amma bunu fikirləşərkən belə uşaqlar saniyə-saniyə böyüyürlər...
-Bu yaxınlarda yeni nağıllar kitabınız işıq üzü görüb. Kitab belə də adlanır: "Nağıllar işığında". Bu kitabla bağlı fikirlərinizi eşitmək istərdik. Bir də maraqlıdır: özünüz nağıllara inanırsınız? -Axırıncı kitabımın təqdimatını etmədim, rəhmətə gedənim vardı deyə kefim də yox idi, düzü. Amma satışdan və rəylərdən çox razı qaldım. Yeni kitabım uğurla satıldı. Elə ətrafım aldı. Azca oxucu kütləm var. Əsas odur ki, həqiqi oxucularım var. Artıq öz janrımı tapmışam, inanıram ki, bu janrda ən səviyyəli əsərlər ortaya qoyacağam. Biz uşaq yazıçıları çox diqqətli olmalıyıq, yazılarımızda yalançı xoşbəxtliyi və ya neqativ duyğuları təbliğ etməməliyik. Mənə dedilər, kitabın şəkilli deyil, daha rəngarəng ola bilərdi. Amma içi bəzək-düzəklə dolu və bir – iki əsərdən ibarət kitabları bəyənmirəm. Görünüş valideyni və uşağı aldada bilər. Həm də tərəfdarıyam ki, uşaq oxuduğunu öz təsəvvüründə canlandırsın. Bu ən yaxşı və həqiqi təsvirdir. Amma onu da başa düşürəm ki, görünüş həm də reklamdır. Uşaqları necəsə kitaba cəlb etmək lazımdır. İndiki dünyamızda bu qaçılmazdır. Mənsə yenə də öz fikrimi dəyişməyəcəm, qoy az satılsın, ancaq keyfiyyətli yazı ortaya çıxsın. Uşaq vaxtı çox nağıl oxuyub, eyni zamanda da dinləmişəm. Elə nağıllara inandığımdandır ki, özümü bu gün uşaq ədəbiyyatının içində tapdım. Qarışmışam nağıllar aləminə. Bax, elə sizinlə müsahibəm də şirin bir nağıldır. Ən maraqlı nağıllar isə sosial şəbəkələrdir. Sehirli güzgü kimi...
-Yazıçılıq sizinçün nədir? Hansı ehtiyacdan doğur. Bir yazıçı kimi özünüzə nə arzulayırsınız? Hekayə və nağıllarının əsasında multiplikasiya və uşaq filmlərinin çəkilməsi haqda heç düşünmüsünüz? Zənnimcə, bu gün bu sahədə böyük boşluq var. Bu gün Azərbaycanda multiplikasiya filmləri, uşaqlar üçün bədii filmlər çəkilmir, uşaqlarçün hazırlanan televiziya verilişləri bəsit və maraqsızdır. Bəs, siz bu haqda nə düşünürsünüz? -Mən televiziyaların işinə qarışa bilmərəm. Bilinir ki, onların öz siyasəti var. Uşaqlarla, ya elmə bağlı layihələr onlar üçün maraqlı deyil. Mənə təklif gəlsə, öz xəyalımdakı layihəni təqdim edə bilərəm. Sosial şəbəkədə ayda bir-iki dəfə uşaq hekayələri paylaşıram, az da olsa, oxunur. Uşaqlar üçün internet-kanal açmaq barədə düşünürəm.
-Müasir uşaqların maraq dünyası haqda peşəkar müəllimin fikirlərini öyrənmək istərdik. Bu gün uşaq, xüsusilə də yeniyetmə intiharları təhlükəli həddə çatıb. Bir pedaqoq kimi bunun səbəbini nədə görürsünüz? Sizcə, bunun qarşısını necə almaq olar, sizcə, uşaqları xoşbəxt etməyin yolu nədir?
- Valideynlərimiz travmalıdırlar. Birinci onlar özlərini tanımalıdırlar. Bizim mentalitetdə ailə qurmaq əsas dəyər sayılır. Amma bu ailəni başa çatdırmaq barədə heç bir fikir yürüdə bilmirlər. Sizcə, toy-düyün xətrinə evlənən ailələrin uşaqları necə böyüyər. Məktəblərdə 70 faiz uşaq travmalıdır. Onlarla psixoloqlar məşğul olurlar, ancaq onların valideynlərinə psixoloq lazımdır. Uşağın bünövrəsi onun gələcəyidir. Bu da ailədə qoyulur. Ailədə xoşbəxt olmayan uşaq çətin ki, cəmiyyət içində parlaya bilə. Mən yenə tarixə fikrin gücü ilə şikəstliyə qalib gələn psixoloq kimi düşmüş M. Eriksondan nümunə gətirirəm: Bir gün bir psixoloq onun yanına gəlir və ustada qalstuk hədiyyə edir. M. Erikson öz evini klinika kimi istifadə edirdi. O, qonağa uzun müddət qalstuk bağlamanın üsullarından danışır. Gənc psixoloq düşünür ki, yəqin ki, çox yorğundur. Durub gedir. Bir həftə sonra M. Eriksonun evinə gəlib deyir: “Cənab Erikson, siz qalstuku bağlayarkən, əslində, mənə ailə bağlarından- münasibətlərindən danışmısınız, indi anladım”. - Maraqlı söhbətə görə təşəkkür edirəm, Nurlana xanım. Sizə həm yaradıcılığınızda, həm də pedaqoji fəaliyyətinizdə uğurlar diləyirəm.
- Mənə də xoş oldu. Maraqlı suallar görə də təşəkkür edirəm./ Hurriyyet.az
Söhbətləşdi: RUNA