Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb: Erməni vandalizminin növbəti əyani sübutu!
44 günlük müharibə sonrası işğaldan azad edilən ərazilər ardıcıl olaraq, minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən qeyri-insani şəraitdə saxlanılan daha sonra isə xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə kütləvi məzarlıqlardan biri də Xocavəndin Edilli kəndindəndir. Məzarlığın aşkarlanması şahidlərin ifadələri GPRS koordinatları ilə mümkün olmuşdur. İlkin məlumatlara görə, orada 15-20 nəfərin qalıqlarının olma ehtimalı var. Aparılan araşdırmalar nəticəsində işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcud olduğu məlum olub. Hətta Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Təəssüf ki, həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün deyil.
Ermənistan-Azərbaycan münaqişəsi böyük ölçüdə başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın daha dəqiq desək 3 min 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.
Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb. Öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlədilməyə çalışılıb. Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq bunun əyani sübutudur. Orada aşkarlanan 15-20 nəfərin qalıqlarından da görünür ki, həmin şəxlər qeyri-insani işgəncələrə məruz qalıb daha sonra da xüsusi amansızlıqla öldürülüb.
Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan məzarlıqlar isə bu qətliamların əyani sübutudur.
Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq fonunda Prezident İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə erməni əsilli jurnalist Marqarita Simonyanla dialoqu da olduqca maraqlıdır. Ölkə başçısı 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edildiyini “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomun olmasını qeyd edib. Bundan başqa prezident qeyd edib ki, “Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”. Ölkə başçısı fevralın 4 -ü Azərbaycan, Aİ, Fransa və Ermənistan liderləri arasında görüş zamanı da bu məsələni gündəmə salmış, nəticədə Aİ tərəfindən görüşün yekunlarına dair verilən bəyanatda Ermənistanın insanlığa yaraşmayan bu cinayəti mövzusu gələcək dialoqdakı gündəliyə salınmışdır.
Göründüyü kimi Emənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. Azərbaycan tərəfi isə beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Misal üçün Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.
Turan Rzayev
Gender.az