7-ci sinif Azərbaycan Tarixi dərsliyində qeyd edilən “Arsak” adının Ermənistanla heç bir əlaqəsi yoxdur.
Gender.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O bildirib ki, “Arsak” sözü qədim türk sözüdür:
“Qarabağın tarixi adı uzun müddət hər yerdə Arsak olaraq keçib. Diqqətinizə çatdırıram “Artsax” deyil, “Arsak” olaraq. Ümumiyyətlə “Artsax” erməniləşdirilmiş bir formadır və erməni dilində belə heç bir məna ifadə etmir. Bu gün ermənilərin iddia etdiyi Arsak vilayətinin ermənilərə heç bir aidiyyəti yoxdur. Tarixən adlandırılan Arsak “igid saklar” demək olub.
Bölgənin Kür-Araz aralığındakı hissəsində eradan əvvəl 7-ci əsrdən etibarən kimmer, skit, sak tayfaları gəlib məskunlaşanda bu bölgələrdə böyük Sak padşahlığı meydana gəlib. Həmin Arsak vilayətinin də adı bu Sak tayfalarının adından götürülüb”.
Ekspert qeyd edir ki, Arsak vilayətinin Qarabağ adlandırılmasından sonra ermənilər bu sözü erməniləşdirərək “Artsax” şəklində istifadə etməyə başlayıblar:
“Onlar bunu bu şəkildə dünyaya təqdim etməyə çalışırlar. Lakin, tarixi mənbələrdə bunun yanlış olduğuna dair məlumatlara rast gəlirik. Çünki, bizim eramızdan əvvəlki dövrdə, eləcə də bizim eramızın ilk əsrlərində indiki Qarabağ ərazisi Arsak adlandırılıb. Qədim Yunan, Roma müəlliflərinin əsərlərində də bu faktlar öz əksini tapıb. Artıq Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsak dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumilikdə, orta əsrlərin ikinci dövründən etibarən biz bu torpaqları Arsak deyil Qarabağ kimi adalndırmışıq”.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: