Xəbər lenti
Reklam
"Riyaziyat müəlliminə "klarneti kim kəşf edib?" sualını verirlər, kimyaçıdan, "Azərbaycanda buzlaşma nə vaxt olub?" soruşurlar" - İLGİNC AÇIQLAMA

Azərbaycan təhsilində mövcud olan problemlər gələcəyimizi əməlli-başlı sual altına qoyub. Ən çox problem və şikayətlər isə imtahan sualları ilə bağlıdır desək, yəqin ki, yanılmarıq. Ali məktəblərə qəbul imtahanlarına salınan sualların çətinliyi bir yana, birinci sinifə gedən uşaqlara verilən suallar əməlli-başlı insanın beynini dondurur. Təsəvvür edin ki, birinci sinifə qəbul olmaq istəyən uşaqdan “ən isti və ən soyuq planet hansıdır?” deyə soruşulur. Əminəm ki, Təhsil nazirliyində əyləşənlərin bir çoxunun planetlər haqda dolğun məlumatları yoxdur. Elə isə uşaqlara bu cür sualları ünvanlayan kəslərin beyinlərinin hansı məntiqlə işlədiyi maraq doğurur.
Gender.Az bildirir ki, mövzunu Konkret.Az-a şərh edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəbəqədər tərbiyəni təhsilə çevirmək doğru deyil:


“Amma nazir daha erkən təhsil barədə fikirləşməli olduğumuzu deyir. Onsuz da 5 yaşındakı uşaqlar məktəbə hazırlıq mərhələsinə qədəm qoyur. Nazirin sözündən belə çıxır ki, məktəbə hazırlıq mərhələsi 3-4 yaşından başlanmalıdır. Amma uşağın uşaqlıq dövrünü əlindən almaq olmaz. Üstəlik, hər bir valideyn üçün onun övladının sağlamlığı təhsilindən daha önəmlidir. Bu gün ali məktəbə qəbul olan tələbələrə baxdıqda əksəriyyətinin gözündə eynək və cılız bədən quruluşunda olduğunu görürük. Çünki onlar uşaqlıq həyatını yaşamırlar. Axı təhsilin vəzifəsi öz yetirmələrinə təkcə bilik verməklə bitmir. Məktəb həm də sağlam nəsil yetişdirməlidir. Bu gün bizim təhsilimiz Sovet və Qərb şineli arasında ilişib qalıb. Nə Sovet təhsilinin qalıqlarından yaxa qurtara bilirik, nə də tam olaraq Qərbə inteqrasiyaya yönəlirik. Amma dünyanın özünəməxsus metodları mövcuddur. Bu gün ən inkişaf edən təhsil sistemi Finlandiyadadır. Orada məktəbə 7 yaşından başlanılır. Odur ki, biz dünya təcrübəsindən yalnız müsbət məqamları mənimsəməliyik”.
Nadir İsrafilovun sözlərinə görə, son vaxtlar gənc nəsilə yol açmaq adı ilə təhsili bərbad vəziyyətə qoyurlar:
“Gənclərə yol vermək lazımdır. Amma bunu təcrübəli insanları işdən çıxarmaq bahasına etməməliyik. Elə çıxır ki, 30 il keçməsinə baxmayaraq biz hələ də keçid dövrünü yaşayırıq. Yalnız xarici dövlətlərin təcrübəsini mənimsəməyə çalışırıq. Ama bu, normal hal deyil. Əgər xarici təcrübədən danışırıqsa, bunu hər istiqamətdə nəzərə almalıyıq. Məsələn, Lüksemburqda bir müəllimin aylıq maaşı bizim pedaqoqun illik gəlirindən yüksəkdir. Ona görə də, xarici təcrübəni kopyalamaq olmaz. Bu gün bizim orta məktəblərdə məntiq bir dərslik kimi keçirilmir. Amma imtahanlara məntiqdən suallar salırıq. Uşaqlar ən çox məhz bundan çaş-baş qalır. Digər tərəfdən, Eynşteyn deyirdi ki, “məntiq elm deyil”. Çünki hər kəsin məntiqi fərqli ola bilər. Bir dönəmdə baxçalara məntiqdən suallar salırdılar. İndi də birinci sinifə gedən uşaqlara ağıllarına gələn sualları verirlər. Riyaziyat müəlliminə “klarneti kim kəşf edib?” sualını verirlər, kimyaçıdan, “Azərbaycanda buzlaşma nə vaxt olub” soruşurlar. Bu kimi suallar xeyli müzakirələrə səbəb olur. Onların məntiqi belədir ki, uşaqları guya erkən inkişafa hazırlayırlar. Amma uşaqları tələsdirmək doğru deyil. Birinci sinifə məgər informatika dərsi salarlar? Yaxud birinci sinif şagirdinə ingilis dili keçmək nə vacibdir? Bizim nəsil ingilis dilini 5-ci sinifdən keçib. Kimin ağlına nə gəlirsə, onu da tətbiq edir. Bu cür problemlərin yaranmasının səbəbini xaricdə təhsil alanların rəhbər vəzifələrə təyin olunmasında görürəm. Onlar da xarici düşüncəni Azərbaycanda tətbiq edirlər. Məsələnin kökündə məhz bu faktor dayanır”.

Müşviq Tofiqoğlu
Tarix: 07 iyun 2023
Baxış: 209

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş