Siyavuş Novruzov: “Fərqi yoxdur, Rusiyada yaşayan azərbaycanlı, ya rus, səfərbərliyə getməlidirlər”
“Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Azərbaycan dövləti bu barədə elan edib. Qanuna görə, kimsə başqa bir ölkənin vətəndaşlığını qəbul edirsə, o adam dərhal Azərbaycan vətəndaşlığından imtina etməlidir. Rusiyada yaşayan həmvətənlərimizin bir çoxu gizli yolla Rusiyada vətəndaşlıq sənədi alıblar. Belə olan tərzdə onlar Azərbaycan vətəndaşlığından çıxmalı idilər. Bunu etməyiblər, Azərbaycan vətəndaşlıqlarını da saxlayıblar. Rusiyadakı bir qrup azərbaycanlı belədir. Həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşıdırlar. Bu, ciddi qanun pozuntusudur. Rusiya qismən səfərbərlik elan edib, yaş həddi müəyyənləşdirib. Artıq burda fərqi yoxdur, azərbaycanlı, rus, ya da hansı millətdən olur-olsun. Hər kəs qanunvericiliyə tabe olmalı, səfərbərliyə getməlidirlər”.
Gender.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Rusiyada yaşı səfərbərliyə düşən kifayət qədər azərbaycanlı var: “Milliyyətcə azərbaycanlı olmasına baxmayaraq, hansısa dövlətə deyə bilmərik ki, sən öz vətəndaşını səfərbər etmə. Bu məsələ birtərəfli deyil. Bu baxımdan da çətinlik var. Çünki vaxtında qanunauyğun addım atılmayıb. Lakin bir qrup azərbaycanlı da var ki, onlar əzəldən Rusiya vətəndaşıdırlar. Rusiya səfərbərlik elan edib, bu, dövlətin qanunudur. Dövlətin ərazisində yaşayan hər bir şəxs bu qanuna tabe olmalıdır. Azərbaycan ərazisində yaşayan başqa xalqların nümayəndələri ölkə qanunlarına uyğun hərəkət edirlər, Azərbaycan vətəndaşıdırlar. Onlar Azərbaycanın qəbul etdiyi hər bir qərara tabe olmalıdırlar. Əks halda digər qanunlar işə düşəcək. Bu qayda Rusiyada da eynilə tətbiq olunur”.
O, “Siyavuş Novruzov Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif edilib, Rusiyaya döyüşə getsin” deyənlərə belə cavab verib: “Sovet hökuməti dövründə bir ölkə idi. Pribaltikadan gələnlər də eyni adam idi, ukraynalı, belarus, özbək, qazax, azərbaycanlı da, gürcü də, erməni də. Hamımız Sovet dövlətinin vətəndaşı idik. Bu vətəndaşlıq borcumuzu da yerinə yetirmişik, hərbi xidmətdə olmuşuq. Hərbi xidmətdə göstərdiyimiz yaxşı nəticələrə görə təltif edilmişik. Bu, tamamilə başqa şeydir. İndi Rusiya başqa, Azərbaycan başqa dövlətdir. Mənim başqa bir dövlətin daxili işlərinə qarışmağa, nəsə etməyə nə qanuni, nə də mənəvi, nə də başqa cəhətdən səlahiyyətim yoxdur”.