“Necə qıydınız o körpələrə?” - Könül Kərimova şəhid Səbuhinin xalasına OD PÜSKÜRDÜ
"Ay ana, ay xala, ay nənə, necə qıydınız o körpələrə? Niyə götürüb saxlamadınız? Gecələr necə rahat yatırdız? Heç demədinmi bacımın yetim balaları nə yeyir, nə içir? Bəlkə acdılar, susuzdurlar? Bu qədərmi daşa dönmüsünüz? Bu qədərmi zalım olmusunuz?"
Bu sözləri Əməkdar artist Könül Kərimova sosial şəbəkə hesabında yazıb.
Sənətçi uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun xalasının çıxış videosunu paylaşaraq, onun ortaya çıxmasını sərt şəkildə tənqid edib.
"İndi sözüm sənədir, ay nənə. Bəs deyirlər, nəvə baladan şirindir? Ay nənə, nəvələrin bu qədər mi acı olurmuş? Ay nənə, qızın heç mi yuxuna girmədi? Bəs o dünyada necə cavab verirsən qızına? Qorxuram uşaqlar bundan sonra nənələrinə nifrət etsinlər. Ancaq sən narahat olma, sənin kimi nənələr az deyil. Bu hamısı zalım fələyin işidir. Onsuzda Səbuhinin ruhu sizi yaxın buraxmayacaq.
O sizi bağışlasa belə, Allah sizi bağışlamayacaq. Bu biabırçılıqdansa, heç gərək üzə çıxmazdınız. Elə hamı sizi yox bilərdi. Səbuhiyə yer də göy də ağlayır. Heçmi ürəyiniz sızlamadı? Nəisə... Ürəyim yandı, külə döndü. Yanıb külə dönəsiz", - deyə Könül fikirlərini ifadə edib.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 80 şəhid verib. \\Milli.Az