“Prezident bilir ki, Kəmaləddin Heydərov kimdir...” – Baba Vəziroğludan sensasion açıqlama
“Mən özümü ciddi adam sayıram. Ciddi adamlar da “Facebook” intiriqalarına normal reaksiya verə bilməz. Hamı bilir, dövlətimiz, Prezidentimiz bilir ki, Kəmaləddin Heydərov kimdir, onun hansı fəaliyyəti, xidmətləri var. 50-100 manata işləyən bir-iki trol Kəmaləddin Heydərova çamur atırsa... Böyük Qız Qalasına bir tikə palçıq atmaqla Qız Qalası uçur məgər? Mən bu məsələlərə belə baxıram. Boş, mənasız söhbətlərdir. “JEK”də bir süpürgəçi müdirin otağını yaxşı süpürmürsə, az qala deyirlər ki, buna Baş nazir cavabdehdir. Təxminən, indi də belə bir paralel gətirirlər. Yazıq “JEK” müdiri də heç günahkar deyil. Gəlib deyir ki, “yaxşı süpürməmisən, sabah yaxşı süpür”, süpürgəçi də deyir “baş üstə”. Bununla da məsələ bitib gedir. Bunu şişirdənlərin, gündəm edənlərin məqsədi də tam aydındır”.
Gender.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
O bildirib ki, Azərbaycanda reket jurnalistlər az deyil: “Bunun köklərinə getmirəm, başqa söhbətdir. Yəqin, elələrinin də dolanışığı, çörəyi bundan çıxır. Ya pul qazanmaq başqa cür mümkün deyil, ya da halal yolla pul qazanmağa qabiliyyətləri, istedadları çatmır. Haradansa verilən bir tikə “tula payı” ilə məcazi mənada “hürüşürlər”. “Hürüşmək” sözünü, əstağfurullah, onlara aid etmirəm. Mənim həyətimdə yeddi-səkkiz sahibsiz it var. Məndən bir tikə sümük almaq üçün başımı-beynimi aparırlar, nə qədər hürüşürlər. Sümüyü atan kimi səslərini kəsirlər. Əvvəl bilmirdim ki, onları susdurmağın yolu budur. Artıq bilirəm, ağızlarını açan kimi sümüyü atıram ki, hürməsinlər.
Bu söz-söhbətlər də hamısı keçib gedəcək. Süleyman peyğəmbər üzüyünə bir yazı yazdırıbmış, həmişə ona baxıb müdrik olurmuş - “Dünyada hər şey ötüb keçir, bu da keçəcək...” Arada, sadəcə, qanqaralıq qalır. Mən nəsə bir söz deyən kimi tez altına küçə adamları gəlib rəylər yazırlar. Heç mən onları oxumuram. Hətta kənardan gəlib deyənlərə də, deyirəm lazım deyil, bunları mənə deməyin. Bilə-bilə o sözləri demişəm, elə insanların gəlib nəsə yazacaqlarını onsuz da gözləyirəm. Belələrinə insan demək də mümkünsüz olar. Yel qayadan nə aparar?! Yazsınlar da... Prezident haqqında “Ali Baş Komandan” şeiri oxuyuram, ay Allah, gəlib altında nələr yazırlar. Bilirsiniz, o adamların çoxu kimlərdir? 30 ildir öz kəndinə həsrət qalan adamlar... Bəzilərini də tanıyıram axı. Ay balam, sənin qəhrəmanın bəlkə hansısa avaranın biridir, mənim şeirimin qəhrəmanı isə Ali Baş Komandandır. Sən niyə daralırsan, sıxılırsan? Nə olub sənə? Sən də öz qəhrəmanından yaz. “Vorzakondan” yaz. İndikilərin çoxunun qəhrəmanı odur axı. Meyxanaçıdan yaz, nədən istəyirsən yaz. Küçədə soyunanlardan, atasını öldürənlərdən, bacısını zorlayanlardan... Sizin qəhrəmanlarınız onlardır, siz də onlardan yazın da... Mən cənab Ali Baş Komandanı vəsf edirəm. Niyə darılırsan? İstəmirsən, istəmə. Sən yazma. Zorla səni həbsxanaya salırlar ki, sən də yazmalısan?”
B.Vəziroğlu FHN əməkdaşlarının məlum videolarını nazir Kəmaləddin Heydərovun bəzi generalları vəzifədən çıxarmaq üçün yaydırdığı barədə səslənən iddialara da münasibət bildirib:
“Əgər bir insan erməni deyilsə, öz evinə necə od vura bilər? Məntiq haradadır? Erməni bilsə ki, ev ona qalmayacaq, onda yandırır. Bunu ən son əlac kimi edir. Hansı ağıllı insan, o rütbədə, o çəkidə olan insan öz evinə od salar? Bu nə məntiqdir, nə düşüncədir, başım çıxmır. Özü yayıbmış...
Məgər cənab nazirin əlindən tutublar ki, filan şeyi etsin? O generalların hamısını özü işə götürüb, istədiyi an da hamısını çıxarıb topası ilə atar Göyçaya. Heç dəxli var? Onun üçün bəhanə lazımdır? Başa düşmədim. Prezident bu gün bir icra başçısı təyin edir, sabah görür ki, çirkin, murdar işlə məşğuldur, qulağından tutub çölə atır. Çünki heç kim heç kimdən “suçlu” deyil. Bunu mən bilirəm ki, Fövqəladə Hallar Nazirliyində bir zərrə, bir qəpik rüşvət ola bilməz, ya da işə pulla adam götürsünlər. Ona görə də istənilən adamın nöqsanını tutan kimi qulağından tutub atırlar bayıra.
Başqa idarələr haqqında bunu deyə bilmərəm. Hamısında yox, amma müəyyən haqq-hesabla işə götürmələr var. O adam günahkar olur, istənilən işçini çıxara bilmir. Çünki dünən ondan “haqq” alıb, sabah üzünə duracaq, necə çıxartsın? Fövqəladə Hallar Nazirliyində bu məsələ tərtəmizdir, heç kim ora bir qəpik verib işə girməyib. Sabah çıxarılanda da ağzını büzə bilməz”.
O, Kəmaləddin Heydərovun 31 avqustda keçirilən müşavirədə hərbi geyimdə olmamasından sonra səslənən fikirlərə isə belə cavab verib:
“Kəmaləddin müəllimi iclaslarda yüz formada görmüşəm. İdman geyimində də olub, general geyimində də, mülki geyimdə də, səhra formasında da. Baxır necə. Geyim təfərrüatdır. Geyim heç nəyi həll etmir. Gözəl Prezidentimiz üç ildir əynindən hərbi formanı çıxartmır. Bu gün müharibə yoxdur ki. Amma yenə də müəyyən yerlərdə hərbi formada olur. Çünki bəzilərinə göstərmək lazımdır ki, “dəmir yumruq” hələ yerindədir, Ali Baş Komandan da, maşallah, sağ-salamatdır, qüdrətlidir. Hökumət iclasları olmasa, inanın ki, il boyu şəpşəpi, idman köynəyi ilə gəzərəm. Mənə belə rahatdır. Bu, ancaq Şərq mentalitetidir ki, gərək, kəndiri, yəni qalstuku salasan boğazına. Norveçdən yeni gəlmişəm. Avropada nazirin biri velosipedlə belə keçir, biri metroda sənin yanında güclə özünə yer edib oturur. Baş nazir, ümumiyyətlə, ayaqyalın gəzir. Heç dəxli yoxdur. Elə bizdədir Şərq mentaliteti, hamı elə qupquru, Şaqqulu bəy kimi gəzir...”