Xəbər lenti
Reklam
“Azərbaycan təhsilini iflic vəziyyətində saxlayan həmin müəllimlərdir” – ŞOK İDDİA

Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər əməlli-başlı səs-küyə səbəb olub. Nazirin sözlərinə görə, təhsil müəssisələrində elə müəllimlər var ki, onların şagird qarşısına çıxması günahdır. Bu fikirlər həm də bəzi sualların yaranması ilə nəticələnib. Bir çoxları həmin müəllimlərin hələ də məktəblərdə necə işlədiyinə təəccübünü gizlətməyib. Eyni zamanda bu cür müəllimlər haqqında niyə tədbir görülmədiyi maraq doğurub.  
Mövzunu Konkret.az-a şərh edən təhsil eksperti İlqar Orucov bildirib ki, məktəblərdə təhsilin ölkə üzrə keyfiyyətini artırmaq istəyiriksə, bu zaman məktəblərdən və müəllimlərdən başlamalıyıq: “Bilirsiniz ki, Mikayıl Cabbarov 2013-cü ildə təhsil naziri təyin olunduqdan sonra məktəblərə ayaq açan saxta diplomlu müəllimlərin aşkarlanması istiqamətində işlərə başladı. Məndə olan məlumata görə, təxminən 2500-ə yaxın müəllim saxta diplom səbəbindən məktəblərdən uzaqlaşdırıldı. Digər tərəfdən təxminən eyni sayda müəllimin də saxta diplomla işlədiyi aşkarlandı. Müstəqilliyin ilk illərində kişi müəllimlərin məktəblərdən başqa sahələrə axın etdiyi də məlumdur. Sonrakı dövrlərdə də bu proses geniş vüsət aldı. Xüsusilə kişi müəllimlərin məktəblərdən uzaqlaşmasının əsas səbəbi aşağı əməkhaqqı idi. Beləliklə də onların yerini həmin vaxtı müəllimlərin işə qəbulunda ciddi problemlər olduğundan saxta diplomlu şəxslər tutdu. O vaxt müəllimlər rüşvətlə və ya tapşırıqla işə qəbul edilirdilər. Bunu gizlətmək və ya danmaq olmaz. Beləliklə vaxtilə aqronomluğu, zootexnikliyi bitirən şəxslər təkmilləşmə kurslarını keçərək məktəblərə ayaq açdılar. Bu gün Azərbaycan təhsilini iflic vəziyyətində saxlayan həmin müəllimlərdir. Mən MİQ imtahanlarını dəfələrlə analiz etmişəm. Deyiləndə ki, Müəllimlərin İşə Qəbul imtahanları şəffaf aparılır, bu zaman həmin kütlə üzərimizə yeriyir”.


Ekspert əlavə edib ki, saxta diplomlu müəllimləri işdən kənarlaşdırmaq lazımdır. Amma bəzən bunu etmək olmur. Çünki mövcud durum sosial narazılıqla nəticələnir: “Qeyd etdiyim müddətdən təxminən 25-30 il vaxt keçib. Həmin adamları indi işdən çıxaranda narazılıq baş verir.  Bunun yolu odur ki, MİQ imtahanları ilə yeni nəsil müəllimləri işə qəbul edək. Təqaüdçülərin yerlərini dolduraq və sertifikasiya aparaq. Müəllimlik diplomu almaq o demək deyil ki, həmin şəxs ömür boyunca pedaqoq kimi çalışa bilər. Onların da sertifikasiyasının aparılması labüddür. Sertifikasiyaya qarşı çıxanlar isə saxta yolla məktəbə ayaq açan və öz biliyinə güvənməyən, eləcə də islahatlara kölgə salan şəxslərdir. Hesab edirəm ki, nazirin brifinqdə səsləndirdiyi fikirlər tam doğrudur və saxta müəllimləri məktəbə buraxmaq olmaz. Onlarla ədalətli mübarizənin yeganə yolu sertifikasiyadan və diaqnostik qiymətləndirmədən keçir. MİQ imtahanları isə bu prosesdə böyük rol oynayır”.

Müşviq Tofiqoğlu

Tarix: 23 avqust 2022
Baxış: 699

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş